Pomidor yenə qeyri-neft ixracında birincidir

Bu ilin 8 ayında ən çox Rusiyaya neftdənkənar məhsul satmışıq

2018-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycan Respublikasının ixracı 12,9 milyard ABŞ dolları təşkil edib. “Yeni Müsavat” xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın 2018-ci ilin sentyabr sayında əksini tapıb.

İcmal qeyd olunur ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən 8 ayda bu ixracın 1 milyard 94 milyon ABŞ dolları qeyri-neft sektorunun payına düşüb. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-avqust ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 131 milyon ABŞ dolları və ya 14 faiz artıb. İlin 8 ayında Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon, İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon və Çinə 32 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin yanvar-avqust aylarında ixrac edilən qeyri-neft mallarının siyahısında pomidor 144,4 milyon ABŞ dolları ixrac dəyəri ilə liderliyini qoruyub. Bu siyahıda qızıl (81 milyon ABŞ dolları) ikinci və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (63 milyon ABŞ dolları) üçüncü olub.

Ümumiyyətlə 2018-ci ilin yanvar-avqust aylarında meyvə-tərəvəz ixracı 316 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 90 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 91 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57 milyon, pambıq lifi ixracı 58 milyon, kimya sənayesi məhsullarının ixracı 41 milyon, pambıq ipliyi ixracı 14 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 8 ayında elektrik enerjisinin ixracı 64 faiz, pambıq ipliyinin ixracı 35 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 22 faiz, meyvə-tərəvəzin ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 1 faiz artıb.

Cari ilin avqust ayında qeyri-neft sektoru üzrə ixrac 125 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında ilk beşlikdə Türkiyə (34,5 milyon ABŞ dolları), Rusiya (22 milyon ABŞ dolları), İsveçrə (13,9 milyon ABŞ dolları), İrlandiya (10 milyon ABŞ dolları) və Gürcüstan (7,2 milyon ABŞ dolları) qərarlaşıb.

Avqust ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (12,6 milyon ABŞ dolları) birinci, pambıq lifi (12,4 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (8,4 milyon ABŞ dolları) isə üçüncü olub.

Qeyd edə ki, “İxrac icmalı”nın sentyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. Reytinqdən aydın olur ki, 2018-ci ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Kapitan Fruits" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “Sun Food” MMC, İskəndərov Sahib Səməd oğlu təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Det-al Alüminium" MMC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azergold" QSC, "SOCAR Methanol" MMC, “CTS-Agro” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.

“İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Cari ilin ilk 8 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin ixracından 15,3 milyon ABŞ dolları məbləğində gəlir əldə edib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86 faizini təşkil edib. 2018-ci ilin avqust ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,3 milyon ABŞ dolları təşkil edib. “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 8 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar