6 milyon manatlıq dələduzluq edən azərbaycanlı şirkət rəhbərinə cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror bildirib ki, zərərçəkmişə dəymiş 6 milyon 540 min manatdan 3 milyon 270 min manat ödənilib.

O, Ə.Yusifovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra zərərçəkmiş, Almaniya vətəndaşı Stichternath Heins-Georg Tomasın vəkili çıxış edib. O deyib ki, təqsirləndirilən şəxslə barışıq əldə edilib. O, barışıq sazişini hakimlərə verib.

Vəkil söyləyib ki, Ə.Yusifovun qızı özlərinə məxsus əmlakları dəymiş zərərin bir hissəsinin əvəzinə Almaniya vətəndaşına verib.

Həmçinin sazişdə qeyd edilib ki, Ə.Yusifovun qızı 1 il 6 ay müddətinə hər ay 100 min manat pul ödəyəcək.

Məhkəmənin növbəti iclası oktyabrın 9-na təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, Ə.Yusifov 2005-ci ildə QKSSS Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub.

Ə.Yusifov həmin şirkətin direktoru vəzifəsində işləyərkən Almaniya Federativ Respublikasında qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Stichternath Heins-Georg Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib.

O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda, daha çox gəlir əldə edəcəklərinə inandırıb.

Ə.Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib.

Stichternath Heins-Georg Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da QKSSS MMC-nin hesabına 6 milyon 540 min manat köçürüb.

Ə.Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir.

635x100

Şərhlər

EJDER 2018-10-02 16:17:18

HALAL OLSUN,ATMAQ BIZLIKDI.ANALOQU OLMAYAN ATANWIK BIZIK.XARICILERIN BAWI IWLEMIR....

Son yazılar