Rəşad Məmmədovun qaynına qarşı dələduzluq edən şəxsə cəza istənilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində torpaq satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Vəsait Məlikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında V.Məlikovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən V.Məlikov Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun qaynı, "Azimport" MMC-nin rəhbəri Azər Əsgərov və digər şəxslərə torpaq alıb-satmaq adı ilə, ümumilikdə, 800 min manatlıq dələduzluq edib.

R.Məmmədovun atasının bu cinayət işində adı keçsə də, istintaq onu zərərçəkmiş qismində tanımayıb.

Zərərçəkmişlərin şikayəti əsasında saxlanan V.Məlikovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə şahid qismində ifadə verən R.Məmmədov bildirib ki, V.Məlikovu torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi tanıyıb, 2008-2009-cu illərdə qaynı A.Əsgərov və atası ondan torpaq alıb.

R.Məmmədov qeyd edib ki, ümumlikdə, torpaq sahəsinə 800 min manata yaxın pul verilib.

Təqsirləndirilən V.Məlikov söyləyib ki, həmin torpağa 45 min manat pul verib hasarlatdırıb: "Rəşadın 123 min borcu vardı. Rəşad da demişdi ki, sənədləşməni həll elə, pulu alacaqsan".

Zərərçəkmiş şəxsin nümayəndəsi Kamandar Nəsibov 350 min dolların ödənməsini tələb edib.

Xatırladaq ki, R.Məmmədov 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həbs edilib və Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham edilib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 1 ay 8 gün müddəti azadlıqdan məhrum olunub. R.Məmmədov həmin müddəti istintaq dövründə həbsdə keçirdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb.

Bundan başqa, R.Məmmədov və A.Əsgərovun adı MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərlərinin cinayət işində keçib.

Belə ki, S.Qurbanov həmin vaxt milli təhlükəsizlik naziri vəzifəsində çalışan Eldar Mahmudovun göstərişinə əsasən, Salmanov Zabil Şəkil oğluna zor tətbiq edərək R.Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədova qarşı ərizə yazdırıb. Ərizədə R.Məmmədovun külli miqdarda dələduzluq etdiyi iddia olunub.

Bundan başqa, E.Mahmudovun göstərişinə əsasən, S.Qurbanov "Azimport" MMC-nin rəhbəri A.Əsgərovu onun barəsində cinayət işi başlanacağı ilə hədələyib. A.Əsgərova təzyiq göstərilərək R.Məmmədovun həmin tikinti şirkətinin qeyri-rəsmi sahibi olması barədə sənəd yazması istənilib. Sabiq milli təhlükəsizlik naziri və S.Qurbanovun məqsədi isə "Azimport" MMC-nin əmlakını ələ keçirmək olub. Daha sonra MTN əməkdaşları MMC-də qeyri-qanuni axtarışlar aparıb və həmin zaman şirkətdən sənədlər və pullar götürüblər. Eyni zamanda A.Əsgərov MTN əməkdaşları tərəfindən zorla Nazirliyə aparılıb, ona sutkalarla əziyyət verilərək dindirilib və hədə-qorxu gəlinib. Həmçinin A.Əsgərovun ölkədən çıxışına Nazirlik tərəfindən qadağa qoyulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar