“YA PULU QAYTARMALISAN, YA DA HƏBS OLUNACAQSAN!” – Qarşılıqlı ittihamlar

Dərc olunub: 13/10/2018 - 16:30

20180828_1315491-300x201“Nəcəf Əliyev, bir milyon dolları hiylə yolu ilə bizdən alıb mənimsəyəndə bəs nə əcəb soruşmurdun ki, bu pulu ölkə ərazisinə necə keçirmisiniz?” Rusiya vətəndaşı Aqapova Karine Mixaylovna azərbaycanlı ərinin onların 1 milyon dollarını mənimsəməkdə ittiham etdiyi qohumuna bu sualı ünvanlayıb.

Xatırladaq ki, Rusiya vətəndaşı Aqapova Karine Mixaylovna Bakıda azərbaycanlı həyat yoldaşının yaxın qohumu Nəcəf Əliyev tərəfindən aldadılaraq, 1 milyon dollar pulunun mənimsənildiyini iddia edir. Bu barədə K.Aqapovanın Rusiya Prezidenti Vladimir Putinə, Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban Əliyevaya, DİN başçısı Ramil Usubova və digərlərinə ünvanlanmış məktubu bu ilin avqust ayında “AzPolitika.info” saytına dərc olunmuşdu.

Həmin vaxt yazılanlara Nəcəf Əliyevin mövqeyini öyrənməyə çalışsaq da, o zənglərimizə cavab verməmişdi. Ancaq bu günlərdə saytımıza müraciət edərək, K.Aqapovanın haqqında səsləndirdiyi iddiaların yalan olduğunu bildirib.
“Karine Mixaylovnanın dedikləri tamamilə əsassız olmuşdur. Onun dediklərinin əsassız olması istintaq orqanı tərəfindən aparılmış araşdırma ilə də öz təstiqini tapmışdır. Karine Mixaylovnaya sual olunur ki, ölkə ərazisinə Rusiya Federasiyasından bir milyon ABŞ dolları pulu necə və hansı yolla keçirtmisiniz? Dövlət Gömrük orqanlarına həmin pulu bəyan etmisinizmi?” – deyə Nəcəf Əliyev cavabında bildirmişdi.

O, eyni zamanda bu məsələnin araşdırılması üçün Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumlarına da yaxın günlərdə müraciət ünvanlayacağını vurğulayaraq, Karine Mixaylovnanı qanunsuzluğa yol verməkdə ittiham etmişdi.

Karine Mixaylovna yenidən “AzPolitika.info”ya müraciət edərək, Nəcəf Əliyevin bu ittihamlarını cavablandırıb. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Məlumat verim, qoy geniş oxucu ictimaiyyəti bilsin ki, adıçəkilən Əliyev Nəcəf Alim oğlu həyat yoldaşımın yaxın qohumudur. Mən Rusiya vətəndaşıyam, neçə illər öncə Rusiyada bizə məxsus torpaq sahəsini, habelə evimizi sataraq Abşeron rayonlarının birində bağ evi və Bakıda hər hansı bir gəlir gətirən obyekt almaq istədik. Nəcəf Əliyev bundan xəbər tutan kimi bizə gəldi və bu işin ona həvalə edilməsini təkid etdi. Biz ona inanaraq 2012-ci ilin dekabr ayının 12-də ondan yazılı iltizamnamə alaraq bir milyon dolları ona verdik. Həmin vaxtdan bu günlərimizə qədər Nəcəf Əliyev nə pulumuzu qaytarıb, nə də bizə bağ evi, obyekt alıb verir.

Hələ bunlar nədir ki, son günlər bizi ittiham da etməyə başlayıb ki, bu 1 milyon dolları haradan almısınız, Azərbaycana necə keçirmisiniz?

İstənilən halda Nəcəf Əliyevdən soruşmaq lazım gəlir ki, ay Nəcəf, 1 milyon dolları hiylə yolu ilə ələ keçirəndə nə əcəb soruşmurdun ki, bu pulu Azərbaycana necə gətirmisiniz? İndi pulun Azərbaycana hansı yolla keçirilməsini “reviziya” etməyə başlamısan! Təqsirkarsan, üstəlik meydan da oxuyursan? Bil və agah ol ki, bu sənin çox ağır cinayətdən yaxa qurtarmağın üçün çıxış yolu deyil. Lazım gələndə bunun cavabını səndən yox, məndən soruşacaqlar. Bir də axı Nəcəf Əliyev, bu sənin birinci işin deyil, sən artıq bu kimi çirkin əməllərinə görə peşəkar dələduz kimi tanınırsan!

Bir vaxtlar iddia edirdin ki, sənin bu işlərdən xəbərin yoxdur, sənə qara yaxırlar, pulun alınmasına dair yazılan qəbzlər saxtadır. Sənin iddialarına cavab olaraq səlahiyyətli orqanlar bizə verdiyin iltizamnamələri dərhal Respublika Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzinə göndərdilər. Mərkəzin 31 oktyabr 2017-ci il tarixli 22309 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizası rəy verdi ki, ekspertizaya təqdim olunmuş 13 dekabr 2012-ci il tarixli və 13 iyul 2015-ci il tarixli qəbzlərin əlyazma mətnləri və imzalar Əliyev Nəcəf Alim oğlu tərəfindən icra olunmuşdur!

20181013_162530_resized

Nəcəf, sən artıq ifşa olunmusan! Buna nə deyə bilərsən? Mənim şikayətlərim əsasında Bakı şəhər Baş Polis İdarəsində cinayət işi başlanıldı. Adının çəkilməsini istəmədiyim müstəntiq səninlə əlbir-dilbir olub, heç bir əsas olmadan işin icraatına xitam verdi. Mən yenə də şikayət elədim. Aidiyyatı üzrə Xətai rayon Məhkəməsi müstəntiqin verdiyi qərarı bu ilin iyun ayının 22-də ləğv etdi.

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müdaxiləsindən sonra mənə aid işlər Bakı şəhər Baş Polis İdarəsindən alınıb, daha nüfuzlu və səlahiyyətli istintaq orqanına göndərilmişdir. Yəqin ki, Nəcəf, yaxın günlərdə bizi dəvət edəcəklər, görüşəcəyik. Bu dəfə söz tapa bilməyəcəksən.

Səmimi desək, sənin vəziyyətin çox kritikdir. Nə qədər çalışsan da, çabalasan da sən bu gün iki yol ayrıcındasan: Ya aldığın pulu qaytarmalısan, ya da dələduzluq ittihamı ilə həbs edilməlisən. Ayrı çıxış yolun yoxdur!”

Yazıda səslənən iddialarla bağlı N. Əliyevin də fikirlərini dərc etməyə hazırıq.

Vaqif
AzPolitika.info










loading...


Fikrinizi bildirin