Azərbaycan millisi Farer adaları yığması ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

“Report” xəbər verir ki, D liqasında III qrupda yer alan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 3-cü tur çərçivəsində Farer adaları yığmasının qonağı olacaq. Paytaxt Torshavnda “Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Azərbaycan komandası UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli evdə Kosovo (0:0), səfərdə isə Malta ilə heç-heçə edib (1:1). Farer adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1), Kosovoda uduzub (0:2).

Farer adaları və Azərbaycanın əsas yığmaları indiyə qədər bir dəfə qarşılaşıblar. 27 fevral 1996-cı ildə Kiprin Larnaka şəhərində keçirilmiş yoldaşlıq matçında milli 3 cavabsız qola qalib gəlib. Oyunda son nöqtəni 30-cu dəqiqədə məhz Q.Qurbanov qoyub.

Q.Qurbanov baş məşqçi kimi də farerliləri məyus etməyi bacarıb. Onun rəhbərlik etdiyi “Qarabağ” 2011/2012 mövsümündə Avropa Liqasının II təsnifat mərhələsində “Streymur”u mübarizədən kənarlaşdırıb (0:0, 1:1).

Bundan başqa, Azərbaycanın U-21 yığmasının da Farer adaları yığması ilə yolu kəsişib. Bu komandalar AVR0-2008 və AVRO-2016-nın seçmə mərhələlirndə üz-üzə gəliblər. Birincisində adalılar öz meydanında 1:0 hesabı ilə qalib gəldikləri halda, Bakıda heç-heçə oynayıblar – 2:2. Növbəti dueldə isə Azərbaycan 1:0 hesablı səfər qələbəsinə sevinib, evdə isə heç-heçə edib - 1:1.

Qeyd edək ki, turun digər oyunun Kosovo Maltanı qəbul edəcək. Bu görüş Farer adaları – Azərbaycan matçı ilə eyni vaxtda start götürəcək.

Millətlər Liqası

D Liqası, III qrup

III tur

22:45. Farer adaları - Azərbaycan

Baş hakim: Aleksey Yeskov

Yan xətt hakimləri: Dmitri Mosyakin, Anton Averyanov

Dördüncü hakim: Valeri Dançenko

Əlavə köməkçi hakimlər: Mixail Vilkov, Sergey Lapoçkin (hakimlər briqadası Rusiyadandır)

Hakim-inspektor: Salustia Çato Çipres (Andorra)

UEFA nümayəndəsi: İonel Piskanu (Rumıniya)

Torshavn. “Torsvollur” stadionu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar