“Nə olsun heç nə demir, əsas odur ki, Vaqif müəllim danışır…” - Naşirdən nazir müavininə ittihamlar

1539340983_sahnazirirrr

Bu günlərdə Frankfurtda keçirilən kitab yarmarkasında iştirak edən "Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu qalmaqallı yazı ilə çıxış edib.

BakuPost xəbər verir ki, o, yarmarkada iştirak edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin tədbirlərdəki iştirakına toxunub. Naşir nazir müavinin məzmunsuz çıxışlarından tutmuş, stendimizdəki vəziyyətlə bağlı acınacaqlı məqamları qələmə alıb. Həmin yazını təqdim edirik:

Bu il Frankfurt kitab yarmarkasının qonağı Gürcüstandır.

130 ölkədən, 300 mindən çox insan bura qatılır. Yarmarkanın hər yeri Gürcüstanı tanıdan reklamlarla bəzədilib, üstəlik Frankfurtun hər yerində Gürcüstanın adına rast gəlirsən; metro, şəhərin mərkəzi, ictimai nəqliyyat və əlbəttə ki, tam bir saylarını, xüsusi buraxılışlarını Gürcüstana həsr edən media.

Azərbaycanın da qurduğu balaca bir stend var. Kitabxanaçılardan ibarət nümayəndə heyətinin başında nazir müavini Vaqif Əliyev gəlib. Hər il olduğu kimi… Qonşuluğumuzda Türkiyə, Rusiya, İrandır. Azərbaycan stendi yaxşıdır. Gəlib gedənlər də var. Müəyyən tədbirlər də keçirilir. Məsələn, yarmarkanın ilk günü Cümhuriyyətin 100 illiyinə həsr olunmuş bir tədbir keçirildi (düzdür, stendə Cümhuriyyətlə bağlı almanca və ingiliscə olan (əgər varsa??) kitabların yerinə nədənsə Qara Qarayevin CD-ləri düzülmüşdü). Tədbiri Vaqif müəllim açdı. Yarım saat danışdı. Yarım saat da danışığını almancaya tərcümə etdilər. Sonra səfirimiz danışdı, Avropa ölçülərinə görə onun da danışığı bezdirici oldu. Tədbirdə Türkiyənin Kültür bakan yardımçısı Haluk Dursun, professor-doktor İlbər Ortaylı da iştirak edirdi. Vaqif müəllim Türkiyə nümayəndə heyətini "xocalarımız da burdadır, onlara təşəkkür edirəm” deməklə təqdim etdi. İlbər Ortaylının sifəti ona tanış gəlirdi, Haluk Dursunun isə vəzifəsi, amma adlarını xatırlaya bilmirdi. Ona görə "xocalarım” deməklə vəziyyəti yola verdi. Haluk Dursun söz aldı və bir cümlə dedi: "İşiniz ovand olsun, qardaşlar!”. Daha sonra Mövlanənin nəfis bir kitabını Azərbaycan stendinə hədiyyə etdi. Vaqif müəllim unutdu ki, bəzən o da hədiyyə verməlidir. Özü də Azərbaycan stendinə gələn Türkiyə rəsmisinə...

Dünyada hər şey köhnəlir. Bizdə isə köhnəlməyən bir şey var, o da vəzifədir. Əvvəllər Mədəniyyət Nazirliyində tək gülümsəyən biri kimi mənə islahatçı təsiri bağışlayırdı Vaqif müəllim. Sonra başa düşdüm ki, bu gülümsəmək sadəcə etirazdır. Yəni, mən heç nə edən deyiləm, məndən heç nə gözləməyin. Onun haqqında olan təsəvvürlər onun həqiqi kimliyinə məğlub oldu. Mehriban münasibətimiz var, mədəniyyət sahəsində yeganə adamdır ki, o mənə baxanda gülümsəməyini istəmirəm. Bəlkə də bu yazını da elə ona görə yazıram. Dünən Azərbaycana həsr olunan bir kitabın təqdimatı oldu. Vaqif müəllim kitab haqqında danışdı. Sonra gözlənilmədən yenə Cümhuriyyət haqqında danışdı. Məncə, o, bu dəfə günləri unutmuşdu: özü bu gündə olsa da, fikri dünəndə qalmışdı.

Türkiyə dövlətini 30 nəşriyyat təmsil edir, Gürcüstan dövlətini 100-dən çox yazıçı və jurnalist. İlbər Ortaylı Troyanı anlatmaq üçün mühazirələr söyləyir. Özü də almanca… Bizim stenddə isə tarixçilərimizin, ədəbiyyatçılarımızın, nəşriyyatçılarımızın hamısını, maşallah, Vaqif müəllim əvəz edir. Əvvəllər bir Vaqif müəllim də vardı, Azərbaycan stendinin bir tərəfini də onun kitabları tutardı. Şükür ki, bu Vaqif müəllim şeir yazmır, amma nə olsun, əvəzində hər şeydən danışır. Nə olsun heç nə demir, əsas odur ki, Vaqif müəllim danışır... Bax elə bu formada Vaqif müəllim bütün yaradıcı insanlarımızı Dostoyevskinin qəhrəmanlarının gününə salıb. Bu gün Azərbaycan stendində nə olacağını bilmirəm. Amma adətən stendimizdə tədbir olmayanda bizim kitabxanaçılardan biri Ermənistan stendinə yaxınlaşır və ordan Qarabağa aid bir xəritə tapır. Bununla da nə edək, necə edək söhbətinə son qoyulur. Aləm dəyir bir- birinə. Diplomatik güclər keçir iş başına. Yarmarkanın rəhbərliyinə bir sürü şikayətlər edilir ki, amandır, Qarabağa aid xəritəni erməni stendindən götürün...

Bura bir nüansı əlavə edim: Türkiyə nümayəndə heyəti Azərbaycan stendə gəlməzdən qabaq onların nümayəndəsi bizimkinə yaxınlaşdı ki, sizdə çıxış protokolu necədir? Bizimki də dedi ki, bizimki (oxu: Vaqif müəllim) protokolsuz danışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar