ABŞ İKİNCİ SOYUQ MÜHARİBƏNİN BAŞLADIĞINI ELAN ETDİ! - “Çox sürətli və aqressiv hərəkət edəcəklər”

Doğurdanmı keçən həftə hamı başqa işlərlə məşğul olduğu halda, dünyada ikinci soyuq müharibə başlayıb? Brett Kovanonun ABŞ Ali Məhkəməsinə hakim təyin olunması ətrafında müzakirələr getdiyi bir vaxtda, əksər amerikalılar Henri Kissincerin 1971-ci ildəki Pekinə səfəri dönəmindən bu günə kimi ABŞ-Çin münasibətlərində yaşanmış bəlkə də ən iri miqyaslı hərəkətlənməni gözdən qaçırıblar.

Tramp administrasiyasının Çinə münasibətdəki siyasətinin dəyişilməsi çox inanlmaz oldu. Keçən həftə “Hadson” institutunda çıxış edən vitse-prezident Mayk Pens öz çıxışında bu yeni yanaşmanın əsas müddəalarını ortaya qoyub. Çin hökumətinin ABŞ-a qarşı davranışlarını tənqid edən Pens bildirib ki, Tramp administrasiyası bunlara müvafiq surətdə cavab verəcək. O, Çin hakimiyyəti tərəfindən tibetlilərin və uyqurların əzilməsini, yeni texnologiyaların köməyi ilə istehsalın inkişafına yönəlmiş ”Çində istehsal edilib 2025” planını və həmçinin də Çinin “Bir zolaq, bir yol” təşəbbüsü çərçivəsində həyata keçirdiyi “borc diplomatiyasını” kəskin qınayıb.

Cənab Pensin çıxışı haradasa Ronald Reyqanın Sovet İttifaqına müraciətinə bənzəyir: Cənab Si, bu divarı dağıdın! (R.Reyqan Qərbi Berlindəki çıxışı zamanı demişdi: “Cənab Qorbaçov, bu divarı dağıdın!”) Pens, həmçinin Çinin hərbi, iqtisadi, siyasi və ideoloji aqressiyasına qarşı mübarizə üçün hazırlanmış inteqrasiya olunmuş müəssisələr arası strategiya barəsində ətraflı danışıb.

Mətbuatda Mayk Pensin çıxışı ilə yanaşı, Cənubi-Çin dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul xidmətini gücləndirdikləri barədə də məlumat yayılıb. Bundan başqa bu yaxınlarda ABŞ, Meksika və Kanada arasında bağlanmış ticarət müqaviləsində bu üç ölkənin Çin ilə ticarət müqaviləsi imzalamasına əngəl olacaq bənd yer alır. Tramp administrasiyası açıq şəkildə anlatmaq istəyir ki, onlar bu cür bəndləri digər ticarət müqavilələrinə də daxil edəcəklər. Həm də keçən həftə ABŞ Konqresi Çinin “Bir zolaq, bir yol” strategiyasına Afrika və Asiyada rəqib olacaq 60 milyard dollarlıq proqramın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiq edib. Nəhayət, Ağ Ev münaqişə yaranacağı təqdirdə xarici tədarük zəncirində mümkün pozuntularla əlaqədar ABŞ hərbi potensialının riskləri barədə məruzə buraxıb.

Ümumiyyətlə, söhbət Amerika xarici siyasətindəki ciddi hərəkətlənmədən gedir. Nə vaxtki, Çin buna reaksiya verir və başqa ölkələr ABŞ və Çin arasında qızışan rəqabətə görə öz planlarını qururlar, onda yeni beynəlxalq reallıq meydana gəlir. Çünki indi ABŞ-ın bu yaxınlaradək müttəfiqi olmuş ölkələr Tramp administrasiyasının ticarət siyasətinə və digər qərarlarına qarşı çıxırlar. Rusiya, Şimali Koreya və İran Amerikanın planlarını pozmaq istədiklərindən, bunun hesabını Vaşinqtona ödətdirməyə çalışan Çin özünə köməkçilər tapa bilər.

ABŞ, bu yeni strategiyanı reallaşdırmağa başladıqdan sonra, Çinlə iş aparan Amerikan şirkətləri xeyli sayda çətinliklərlə qarşılaşa bilərlər. Ticarət və investisiya məsələlərində milli təhlükəsizliklə bağlı Amerika prezidenti çox geniş səlahiyyətlərə malikdir. Donald Tramp tərəfindən qorxutmaq və tariflər tətbiq etməklə artıq bu səlahiyyətlərdən istifadə olunub, cənab Mayk Pens isə tezliklə daha yüksək tariflərin tətbiq olunacağı xəbərdarlığını edib. Xarici ölkələrə edilən tədarükdəki həlqənin kövrək tərəfləri ilə bağlı Ağ Evin hazırladığı məruzə yeni və həm də daha iri miqyaslı ticarət məhdudiyyətlərinin əsası ola bilər.

Tamamilə mümkündür ki, biznesmenlər və investorlar Tramp administrasiyasının qərarlılıq dərəcəsini, ABŞ və Çin münasibətlərindəki daha gərgin vəziyyətin gətirib çıxara biləcəyi iqtisadi zərərin miqyasını hələ də dəyərləndirə bimirlər. Hal-hazırda ABŞ siyasətini müəyyənləşdirən və ticarət məsələlərində Çinə qarşı aqressiv münasibət bəslənməsinin tərəfdarları üçün milli təhlükəsizlik iqtisadi çalxalanmalardan daha mühümdür. Ona görə də, biznes nümayəndələrinin aktiv etirazlarına çox ehtimal ki, əhəmiyyət verilməyəcək. Həm Çin və həm də ABŞ üstünlük əldə etmək üçün yəqin ki, çox sürətli və aqressiv hərəkət edəcəklər. Ona görə də Wall Street gələcək silkələnmələrə hazırlaşmalıdır.

O ki qaldı daxili siyasətə, qarşıdurma xarakterinə söykənən yeni siyasət yəqin ki, geniş ictimai dəstək tapacaq. Belə ki, Donald Trampın ictimai bazası Amerikan iş yerlərinin “oğurlanmasından” kəskin narazıdırlar. Digər yandan isə hüquq müdafiəçiləri və dini azadlığın tərəfdarları Çindəki amansız represiyalardan və Çin hakimiyyətinin başqa ölkələrdəki avtoritar liderləri dəstəkləməsindən narahatdırlar.

Ola bilər ki, ABŞ xarici siyasət isteblişmenti Trampın bu cür taktikasına qarşıdır, lakin bütövlükdə götürdükdə onlar Çinə münasibətdə daha sərt mövqe tutmağın vacibliyini qəbul edirlər. Amma biznes sferasında fikirlər parçalanır. Belə ki, Amerika-Çin əlaqələrinin bundan sonrakı gərginləşməsindən bəzi şirkətlər ciddi ziyan çəkəcəklər, digər şirkətlər isə özlərinin intellektual mülkiyyətlərinin oğurlanmasından, Çin bazarına girilməsinə qoyulan məhdudiyyətlərdən bərk qəzəblənirlər və həm də çinlilərin yaradacağı rəqabətdən qorxurlar.

Vladimir Putinə münasibətdə yumşaqlıq göstərdiyinə görə Trampı tənqid atəşinə tutan demokratlar, indi bir məsələni izah etmək məcburiyyətində qalacaqlar. Nəyə görə Rusiyaya qarşı sərt mövqe tutmaq vətənpərvərlik borcu sayılır, amma Çinə münasibətdə sərtlik nümayiş etdirilməsi səhv hesab olunur. Əgər qarşıdurmanın iqtisadi və siyasi dəyəri artmağa doğru gedərsə, onda vəziyyət dəyişəcək, ancaq Çinə qarşı yürüdülən yeni siyasət hələ ki, böyük müqavimətlə rastlaşmayıb.

Azad ticarətlə bağlı Şimali-Amerika müqaviləsinin (NAFTA-North American Free Trade Agreement) əvəzlənməsi, Ali Məhkəmə heyətindəki dəyişiklər və ikinci soyuq müharibənin başlanmasının elan olunması çox mühüm məsələlərdir. Prezident Tramp dönəmində Amerika möhtəşəmliyə doğru hərəkət edə bilər və bəlkə də yox, amma heç şübhə yoxdur ki, Amerika harasa doğru hərəkət edir və bu hərəkətin sürəti tədricən artır.

(“The Wall Street Journal”-ABŞ)

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2018-10-13 14:12:21

Abş-ın vəzifəsi daim dünyanı qarışdirmaq ibarətdir.

Aliyev Arif 2018-10-13 14:12:21

Siz onlara heç zad edə bilməzsiniz.

Son yazılar