“Burada tikintiyə qərar verənlər məsuliyyət daşımalıdır” - Eldar Əzizov

Hazırda Badamdarda sürüşmə baş verən əraziyə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov və Baş nazirin müavini Hacıbala Abutalıbov gəlib.Hər iki vəzifəli şəxs jurnalistlərə açıqlama verib.

Hacıbala Abutalıbov açıqlamasında qeyd edib ki, bu ərazidə tikilən evlər qanunsuzdur: "Yolun aşağısında restoran da sürüşür, onun fəaliyyəti dayandırılıb, çayxana da təhlükəli yerdədir. Bir ev də qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Vəziyyət çox gərgindir.

Bu gün səhər saat 9-dan sürüşmə artıb və davam edir. Köçürülən 11 ailə öz qohumlarının evlərinə gediblər. Müvafiq qurumlar rəy versə ki, burada yaşayış mümkün deyil, hamısı söküləcək. Amma burada kompensasiyadan söhbət gedə bilməz, çünki hamısı qanunsuz tikililərdir. Onu tikənlər də bilirdilər ki, bura sürüşmə zonasıdır, amma yenə tikirdilər. İki gün öncə tikilən divar var burada. Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Heç birinin sənədi yoxdur".

H. Abutalıbovun sözlərinə görə, ən böyük bəla ondadır ki, buradakı və sürüşən təpənin arxasındakı binaların kanalizasiya xətti yoxdur. Yeraltı su ötən ilə nisbətən 18 metr yuxarı qalxıb. Halbuki 6 nasos gecə gündüz bu ərazidə işləyir: “Sürüşmə zonasının altında 4-6 metr dərinlikdə çuxurlar yaranıb. 32 metrlik svaylar vurulub, amma sürüşmə 42 metr dərinlikdə aktivdir. Hazırda bura heç bir müdaxilə mümkün deyil. Yolun aşağısındakı digər evlərə rəsmi xəbərdarlıq edilib, lakin rəyə görə onları hər hansı təhlükə gözləmir. Sürüşmənin səbəbi sudur, əsas isə kanalizasiya sularıdır. Hazırda ən təhlükəli vəziyyətdə olan yuxarıda 11 ev, aşağıda restoran, çayxana və 1 evdir”.

“Bu, təbii fəlakətdir. Səbəblərini açmaq üçün tələsmək lazım deyil.  Gözləməliyik ki, ekspertlər, alimlər öz rəyini desinlər”.“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov Badamdarda baş  verən sürüşmədən danışarkən deyib.  O xatırladıb ki, bütün dünyada, o cümlədən XVIII əsrdə Badamdarda yaşayış olmasa da sürüşmələr qeydə alınıb: “İnsan fəaliyyəti yalnız bu sürüşmələri sürətləndirə bilər. İlk dəfə XIX əsrin ortalarında Bayıl qəsəbəsində sürüşmə olub”.

Kanalizasiya sisteminin olmamasının prosesi sürətləndirməsi məsələsinə gəlincə isə o qeyd edib ki, bu hadisəni  kanalizasiya sistemi ilə bağlamaq olmaz: “Birincisi, ekspert rəyininin təqdim olunmasını gözləməliyik. Hər halda bugünkü vəziyyət təhlükəlidir. Hazırda təhlükəsizlik tədbirləri müvafiq qurumların nümayəndələri tərəfindən görülüb. Alimlərin rəyinə əsasən burada post qurulub.

Həmçinin, vaxtilə bu ərazidə tikinti  tikməyə qərar verən adamlar da məsuliyyət daşımalıdır. Onlar landşaftı görəndə tikintinin məqsədəuyğun olmadığını bilməli idilər”.

635x100

Şərhlər

məmmədqulu 2018-10-13 11:48:06

Əvvəla Siz özünüz 2015-ci ildən Badamdarın da daxil olduğu Səbail rayonunun İcra hakimi olmusunuz. Tikintiyə kim qərar verib deyə yaxanızı kənara çəkə bilməzsiniz. Sizin vaxtınızda da oralarda kifayət qədər evlər tikilmişdir. Bayıl yamacında sürüşmənin əmələ gəlməsində 10 günahkar şəxs varsa onun biri də Sizsiniz!!

t.ədalət 2018-10-13 11:48:06

Burda yaşayanlar Azərbaycan vətəndaşlarıdır.Onların qarşılaşdıqları faciə hamımızın dərdi olmalıdır.Bir də ki onların qanuni və ya qanunsuz məskunlaşdığını indiyə kimi görmürdülər?Dövlət öz vətəndaşına sahib çıxmalıdır.

Son yazılar