Azərbaycan yığması şanslarını əldən verdi – REPORTAJ

Dərc olunub: 14/10/2018 - 22:21

 d6d91c55-2051-49e0-81bb-20b451202c5aFutbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.“Report” xəbər verir ki, milli komanda IV tur çərçivəsində Bakı Olimpiya Stadionunda Maltanı qəbul edib. Görüş II turda Maltada olduğu kimi, yenə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov Farer adaları ilə ötən oyunla müqayisədə ilk 11-likdə dəyişiklik etməyib. Yığma 3 gün əvvəlki qarşılaşmada olduğu start heyətlə meydana çıxıb. Oyunu təxminən 20 minə yaxın azarkeş izləyib.
Matç Azərbaycan millisinin üstünlüyü şəraitində keçib. Yığma qarşılaşmaya sürətli hücumlarla başlayıb. Topa nəzarət də yerli komandanın tərəfində olub. İlk hissənin əvvəllərində Dmitri Nazarov cərimə zərbəsindən hesabı açmağa yaxın olsa da, qapıçı Endryu Hoqq Maltanı qoldan xilas edib.
Daha sonra Rüfət Dadaşov 19-ci dəqiqədə topu rəqib qapısından keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb. Mahir Mədətov 30-cu dəqiqədə qapıçı ilə təkbətək çıxıb. 21 yaşlı hücumçu əlinə düşən fürsəti boşa verib. 33-cü dəqiqədə Pavlo Paşayevin Alfred Effionq ilə mübarizəsindən sonra qaşı partlayıb. O matçın digər hissəsini sarğı ilə oynayıb.
İlk qol görüşün 37-ci dəqiqəsinə təsadüf edib. Rouen Muskat Maltanı hesabda önə çıxarıb. Bu qoldan sonra Azərbaycan yığması daha kəsərli hücumlar qurmağa başlayıb. 40-cı dəqiqədə Mahir Mədətov cərimə meydançasında yerdə qalsa da, hakim oyunu davam etdirib.
Araz Abdullayevin 42-ci dəqiqədə cərimə meydançasının içindən vurduğu zərbədən sonra qapıçı topu geri qaytarıb. Qolkiper 45-ci dəqiqədə Maksim Medvedevin də zərbəsini dəf edib. Bu epizoddan sonra yığma qol vurmaq üçün daha bir şans qazansa da, Rüfət Dadaşov topu rəqib qapısından keçirə bilməyib. İlk hissə Maltanın 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci hissədə Azərbaycan millisinin heyətində dəyişiklik olub. Təmkin Xəlilzadə Rahil Məmmədovun yerinə meydana daxil olub. Dəyişiklikdən sonra Maksim Medvedev cinahdan mərkəz müdafiəçisi mövqeyinə keçib. Təmkin Xəlilzadə sol cinah, Pavlo Paşayev isə sağ cinah müdafiəçisi kimi oyuna davam ediblər.
Hissənin əvvəllərində də Azərbaycan millisi təşəbbüsü ələ alıb. Nəhayət, Araz Abdullayev 53-cü dəqiqədə fərqlənməklə hesabı bərabərləşdirib.
Bundan sonra qələbə topu üçün irəli atılan meydan sahibləri çoxsaylı imkan əldə ediblər. 66-cı dəqiqədə Təmkin Xəlilzadənən ötürməsindən sonra Rüfət Dadaşovun başla zərbəsi qapı dirəyinə dəyərək meydanı tərk edib. 70-ci dəqiqədə maltalı futbolçusu Xuan Korbalanın zərbəsindən sonra top qapı trinə dəyərək meydanı tərk edib. Bir dəqiqə sonra rəqibin heyətində dəyişiklik edilib. Rouen Muskatın yerinə Roderik Briffa meydana girib.
Qurban Qurbanov növbəti əvəzləməni 77-ci dəqiqədə edib. Cavid İmamverdiyev Mahir Mədətovun yerinə meydana daxil olub. 21 yaşlı oyunçu meydanı tərk edərkən, “Qarabağ”ın İngiltərə “Arsenal”ı ilə Avropa Liqası oyununda olduğu kimi, yenə azarkeşlər tərəfində fitə basılıb.
Azərbaycan millisinin ardıcıl hücumları davam etsə də, komanda istəyinə nail ola bilməyib. 81-ci dəqiqədə Maksim Medvedevin sağ cinahdan ötürməsini rəqib müdafiəçi dəf edib. 82-ci dəqiqədə rəqibin heyətində Alfred Effionqu Cek Qreç əvəzləyib. Bu əvəzetmədən sonra Riçard Elmeydanın cərimə meydançasının içərisindən endirdiyi zərbəsi dəqiq alınmayıb. 86-cı dəqİqədə Andre Şembrinin yerinə Jan-Pol Farrucia oyuna girib. Oyunun sonuna 4 dəqiqə əlavə olunsa da, Azərbaycan yığmasını əlavə olunmuş vaxtda da istəyinə çata bilməyib. Görüşün sonlarında Medvedevin zərbəsi qapının üstündən keçib. Beləliklə, görüşdə başqa qol olmayıb.
Qrupun digər matçında isə Kosovo səfərdə Farer adaları ilə 1:1 hesablı heç-heçə edib.
Beləliklə, Azərbaycan yığması əsas rəqibinin xal itkisindən yararlana bilməyib və qrupda liderlik şanslarını qalan 2 tura saxlayıb. Hazırda Kosovo 9 xalla 1-ci, Azərbaycan 6 xalla 2-ci, Farer adaları 4 xalla 3-cüdür. Yalnız Azərbaycanla oyunlarda xal qazanan, başqa sözlə, cəmi 2 xalı olan Malta isə sonuncu yerdədir və qrupda qalıb.
Bu nəticələrdən sonra Azərbaycan millisi 5 xalla II, Kosovo 8 xalla I, Farer adaları 3 xalla III, Malta isə 2 xalla sonuncu pillədə qərarlaşıb.

UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup
IV tur
Azərbaycan – Malta – 1:1
Qollar: Araz Abdullayev, 53 – Rouen Muskat, 37
Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç
Dördüncü hakim: Qoran Pataqi
Əlavə köməkçi-hakimlər: Mario Zebek, Qoran Qabrilo (hakimlər briqadası Xorvatiyadandır)
Bakı Olimpiya Stadionu


loading...




Fikrinizi bildirin