“Bakıdakı 15 min dönərxanadan cəmi 100-ü standartlara uyğundur”

Dönərdən zəhərlənmələrin kökündə nə durur?

Ötən həftə Sumqayıt şəhərində musiqi kollecində təhsil alan 4 tələbə dönərdən zəhərlənib. Bundan əvvəl də dəfələrlə insanların dönər qidasından zəhərləndiyinin şahidi olmuşuq.

Ümumiyyətlə, türk mətbəxinin sevimli yeməyi olan dönər artıq uzun illərdir ki, Azərbaycanda, o cümlədən Bakıda, Sumqayıtda sevilir. Xüsusən də tələbələr, səyyar satıcılar, daha az gəliri olan insanlar tez başa gələn və ucuz olduğu üçün bu qidaya üstünlük verir. Məlum olduğu kimi, dönər toyuq və mal ətindən hazırlanır. 2006-cı ildə ölkədə toyuq dönəri qadağan olunsa da, bu gün əksəriyyət dönər müəssisələrində toyuq ətindən istifadə edildiyinin şahidi oluruq. Ekspertlər toyuq hazırlanan dönərin daha təhlükəli olduğunu qeyd etsə də, elə alıcılar da daha çox toyuq dönərinə üstünlük verir.

Maraqlıdır ki, soyuq payız fəslində Sumqayıtda 4 tələbənin dönərdən zəhərlənməsinin səbəbi nə ola bilər; toyuqdan hazırlanması ehtimalı, yoxsa digər amillər? Ümumiyyətlə dönərlər nə dərəcə təhlükəlidir?

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a danışıb: “Bakıda 15 minə qədər dönərxana var. Onlardan da təxminən 85 faizində monitorinq aparmışıq. Apardığımız monitorinqlərdən məlum oldu ki, onlardan cəmi 100-ə yaxını standartlara uyğun dönər hazırlayır. Lakin bəzi dövlət orqanları bu məsələyə bir qədər qısqanclıqla yanaşdı və bizə irad bildirildi ki, ”bazarda biznesin inkişafına maneçilik yaradırsınız".

Ekspert toyuq dönəri qadağasının aradan qaldırılmasının tərəfdarı olduğunu dedi: “2006-cı ildən toyuq dönərləri qadağan olunsa da, sonradan bu cür dönərlər satılır. İki il öncə qurumumuz bu qadağanın aradan qaldırılması üçün Səhiyyə Nazirliyinə müraciət etdi. Lakin bizə verilən cavabda bildirildi ki, hələlik bu qadağanın aradan qaldırılması məsləhət deyil.

Qeyd edim ki, toyuq dönəri 2006-cı ildə “quş qripi”nə görə qadağan olunmuşdu. Çünki toyuq əti tez xəstəlik, zəhərlənmə əmələ gətirən məhsullar kateqoriyasındadır. Lakin ölkədə dönər hazırlayan 2 müəssisə var ki, orada da xüsusi avadanlıq var və istər toyuq, istərsə də heyvan dönəri hazırlananda onu minus 40 dərəcə şok dondurmadan keçirir və ətdə nə xəstəlik varsa hamısı məhv olur. Dönərdən zəhərlənməyə səbəb ətin üz tərəfdən bişsə də, içinin çiy qalması olur. Belə ki, dönərin hazırlanması zamanı içindən heyvan xəstəliklərinin, mikrobların, baytar dərmanları qalıqlarının toplaşdığı maye siniyə axır, bu zaman üz tərəfdən qızardılmış hissəni həmin maye ilə qarışdırıb alıcıya verirlər. Bu, çox zaman təhlükə yaradır. Lakin ət minus 40 dərəcə şok dondurmadan keçiriləndə qeyd etdiyim bütün mikroblar məhv olur".

Onu da xatırladaq ki, bir neçə il öncə ölkədə dönərin qazla bişirilməsi qadağan olunmuşdu. Səbəb isə o idi ki, təbii qazdan istifadə zamanı onun tərkibindəki maddələr birbaşa ətə daxil olur və bu da zəhərlənmələrə gətirib çıxarır. Bunun üçün də bütün dönər müəssisələrində qaz aparatları yığışdırıldı. Bəs hazırda qaz aparatından istifadə edən dönər müəssisəsi müşahidə olunurmu?

Eyyub Hüseynov sualımıza bu cür cavab verdi: “Hazırda Bakı şəhərində qazla dönərin bişirilməsi müşahidə olunmur. Lakin qeyd etdiyim kimi dönərin bişirilməsi zamanı sinidəki maye ilə qarışdırılıb verilməsi bir çox hallarda zəhərlənmələrə səbəb ola bilir. Bəzən dönər müəssisələri israrla bildirirlər ki, onların çalışması üçün sertifikatlar var. Araşdırmalarmız onu da göstərdi ki, bəzən bu sertifikatlar heç də doğru olmur”.

Eyyub Hüseynov dönər alarkən nələrə diqqət edilməsini də nəzərə çatdırdı: “Sadəcə, alıcılar dönər alarkən onun ətinin minus 40 dərəcə şok dondurmadan keçirilib-keçirilmədiyini öyrənməli və beləliklə təhlükəsizliyini təmin etməlidir. Qurumumuz dönərlərin qadağan olunmasının tərəfdarı deyil, sadəcə olaraq onların təhlükəsiz, standartlara uyğun hazırlanıb, istehlakçılara verilməsini tələb edirik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar