DTX XARİCİ KƏŞFİYYAT CASUSUNU SAXLAYIB! - Dövlət sərhədində əməliyyat (FOTO)

Xarici ölkə vətəndaşı Hasanzada Bahram Nusrat oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq casusluq, dövlət sirrinin ələ keçirilməsi, Azərbaycan Respublikası vətəndaşlarının casusluğa cəlb edilməsi istiqamətində cinayət əməllərinə dair əldə edilən məlumatlar yoxlanılaraq təsdiqini tapıb.

Bu barədə "Report"a Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Bahram Hasanzada dövlət sərhədini qanunsuz keçərək ölkə ərazisinə daxil olarkən saxlanılmış, Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276 (casusluq) və 318.1-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin müəyyən edilib ki, xarici ölkə vətəndaşı Bahram Hasanzada xarici xüsusi xidmət orqanı əməkdaşlarının tapşırığı əsasında Azərbaycan silahlı qüvvələrində xidmət edən hərbi qulluqçular, ölkə ərazisində yerləşən hərbi-strateji obyektlər, hərbi texnika və silah-sursat, xarici ölkələrlə hərbi sahədə əlaqələr, eləcə də Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti ilə bağlı sair kəşfiyyat məlumatlarını toplamış, bu məqsədlə uzunmüddətli münasibət qurduğu Azərbaycan Respublikası vətəndaşlarının maddi maraq müqabilində xarici xüsusi xidmət orqanı əməkdaşlarının əlaqəsinə cəlb edilməsini təşkil edib.

Hazırda araşdırmalar davam edir.

Qeyd edək ki, Hasanzada Bahram Nusrat oğlunun hansı ölkə vətəndaşı olması ilə bağlı məlumat verilmir. Eləcə də onun dövlət sərhədimizin hansı ölkə ilə sərhədində saxlanıldığı haqda bilgi yoxdur. 

Casusluqla bağlı  Cinayət Məcəlləsinin 276-cı maddəsində deyilir: “Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə, əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

318-ci maddədə isə deyilir:

318.1. Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə-

- iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

318.2. Bu məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə-

- beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

635x100

Şərhlər

ayzek 2018-10-18 11:08:04

bu Haramzada hansı dövlətin nümayəndəsidir?

Son yazılar