İŞİD Suriyada tamamilə darmadağın edilib – ŞOYQU

Dərc olunub: 20/10/2018 - 09:01

sergey-shoyquSuriyada üç il ərzində Rusiyanın dəstəyi ilə aparılan hərbi əməliyyatlar nəticəsində İŞİD terror təşkilatının dəstələri tamamilə darmadağın edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Rusiyanın müdafiə naziri Sergey Şoyqu Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası və dialoq tərəfdaşlarının müdafiə nazirlərinin V müşavirəsində çıxışı zamanı deyib.

“Əməliyyatlar zamanı ümumilikdə 87,5 mindən çox yaraqlı məhv edilib, 1411 yaşayış məntəqəsi və Suriyanın 95 faizdən çoxu azad edilib”, – deyə o bildirib.

Müdafiə naziri qeyd edib ki, Rusiya Hava-Kosmik Qüvvələri Suriya hərbi kampaniyası müddətində 40 mindən çox döyüş uçuşu edib və terrorçuların 122 min obyektini sıradan çıxardıb.

“Biz Suriyada zəngin döyüş təcrübəsi topladıq və onu bölüşməyə hazırıq”, – deyə nazir əlavə edib.

Şoyqu BMT-nin statistikasını sitat gətirərək bildirib ki, müharibə səbəbindən Suriyanı 7 milyona yaxın insan tərk edib.

Bundan əvvəl İŞİD terrorçularının Suriyada 700 nəfəri girov götürdüyü xəbər verilmişdi.








loading...


Fikrinizi bildirin