PUTİN UKRAYNAYA HÜCUM ƏMRİ VERMƏK ÜZRƏDİR! - "Hücum avqustda ola bilər"

“Mashable” Böyük Britaniya–ABŞ xəbər portalı Rusiya ilə Ukrayna arasında müharibə ehtimalının son dərəcə güclənməsindən bəhs edən məqalə dərc edib. “Rusiya və Ukrayna müharibə astanasında” adlı məqalənin müəllifi Kristofer Miller genişmiqyaslı hərbi əməliyyatların avqust ayında başlaya biləcəyini iddia edib. AzPolitika.info maraqlı məqalənin tərcüməsini təqdim edir.

"Ukraynanın şərqindəki münaqişə kritik səviyyəyə çatıb və ekspertlərin fikrinə görə, Rusiya artıq öz slavyan qonşusu ilə heç zaman görünməmiş geniş masştablı müharibəyə başlamaq üçün onun ərazisinə soxulmaq siqnalları verir.

Ukrayna və ABŞ məmurlarının sözlərinə görə, son həftə ərzində Rusiya öz qərb sərhəddinə minlərlə hərbçi, döyüş texnikası və müasir yaylım atəşli raket sistemləri toplayıb. Lakin Rusiya Müdafiə Nazirliyi bu ittihamların hamısını rədd edir. Ancaq bunlara baxmayaraq, peyk çəkilişləri və həvəskar kameraların video materiallarındakı görüntülər rus qoşunlarının Ukraynanın Luqnsk və Donetsk vilayətlərindən bir saat uzaqlıqda olmasından xəbər verir.

İyul ayının 30-da NATO qoşunlarının Avropadakı baş komandanı general Filip Bridlov bildirib ki, rus hərbçilərinin və texnikasının Ukrayna sərhədləri boyunca cəmləşdirilməsi getdikcə intensivləşir. Onun sözlərinə görə, əsgərlərin sayı 12 min nəfəri ötüb.

“Röyter” agentliyi prezident Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Toni Blinkenin sözlərinə istinadən məlumat verir ki, rus hərbi kontingentinin sərhəd boyu üzrə toplanması, Rusiyanın “humanitar və ya sülhməramlılar” adı altında Ukraynaya müdaxiləsinə hazırlıqdır. Moskva artıq bir neçə dəfədir ki, Ukraynanın şərqindəki etnik rusların təhlükəsizliyini təmin etmək məqsədi ilə regiona sülhməramlı hərbçilərin göndərilməsini bəyan edir. Bu isə Kiyevin bərk narahatçılığına səbəb olub.

1 avqust tarixindən Donetsk vilayəti ilə sərhəddəki Rusiyanın Rostov vilayətində rus hərbi vertolyotları döyüş təlimlərinə başlayıb. Ukraynanın “Təhlükəsizlik və Müdafiə üzrə milli şura informasiya-analitik mərkəzi"nin rəhbəri Andrey Lısenkonun məlumatına görə isə Rusiyanın döyüş təyyarələri və vertolyotları sərhəddi pozaraq 16 kilometrə qədər Ukrayna hava sahəsinin dərinliklərinə qədər uçuş həyata keçiriblər.

Bir çox ekspertlərin fikrinə görə, Ukrayna ilə Rusiya arasındakı müharibə demək olar ki, başlayıb. Rus artileriyası öz ərazilərindən Ukrayna ordusuna qarşı müntəzəm surətdə atəş açır. Bundan əvvəl ABŞ nümayəndələri sübut kimi foto şəkillər təqdim edərək, Ukrayna torpaqlarının Rusiya tərəfindən atəşə tutulduğunu göstərsələr də, Moskva bütün bu fotoların saxta olduğunu deyir.

“Rusiya təhlükəsizlik sistemi və xüsusi xidmət orqanları” üzrə mütəxəssis və “Nyu York Universiteti"nin professoru Mark Qaleottinin “Mashable”-yə verdiyi izaha əsasən, ruslar Ukraynaya müdaxiləyə hazırlaşsalar da, ancaq hələlik Rusiya ilə Ukrayna geniş masştablı müharibə aparmır. O, əlavə edib ki, gələcəkdə rus təyyarələrinin Ukrayna hərbi bazalarına zərbələr vurması tamamilə mümkün olan ehtimaldır. Qaleotti daha sonra deyib ki, Moskvanın həlledici hücumunu avqust ayında gözləmək olar. Ona görə ki, rus ordusuna çağırış vaxtının xüsusiyyətinə uyğun olaraq bu onların döyüş qabiliyyətinin ən yüksək pilləsinə təsadüf edir. Məhz elə 2008-ci ilin bu dövründə Rusiya Gürcüstana hücum etmişdi. Kiyevdəki “Razumkov" mərkəzinin xarici siyasət və təhlükəsizlik proqramının həmsədri Aleksey Melnik “Mashable” müxbirnə verdiyi müsahibədə deyib:

"Hələlik onların hərəkətləri zəminin yoxlanılmasıdır. Ancaq mən nə zamansa Putinin öz artilleriya və hərbi –hava qüvvələrinin köməyi ilə Ukrayna ordusuna qarşı geniş masştablı hücum əmri verəcəyini istisna etmirəm. Ola bilər ki, o, öz sülhməramlı adlandırdığı əsgərlərə təkcə Luqansk və Donetsk vilayətlərini deyil, digər əraziləri də zəbt etməyi tapşırsın”

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar