Qaşıqçı öldürülməzdən əvvəl səudiyyə vəliəhdinin ABŞ-dakı səfir qardaşı ilə görüşüb

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən səudiyyəli müxalif jurnalist, “Vaşinqton post” qəzetinin əməkdaşı Camal Qaşıqçı hadisədən bir neçə ay əvvəl ər-Riyadın ABŞ-dakı səfiri, kral Salmanın oğlu, vəliəhd şahzadə Məhəmməd bin Salmanın qardaşı Xalid bin-Salmanla görüşüb. “Report” xəbər verir ki, məlumatı “NBC” telekanalı yayıb.

Vaşinqtonda keçirilən görüş yarım saata yaxın sürüb. Səudiyyə Ərəbistanı səfiri ilə jurnalist arasında söhbətin məzmunu məlum olmasa da “NBC” C.Qaşıqçının görüşdən “məmnun” qaldığını vurğulayıb.

Qeyd edək ki, jurnalist C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb. Krallıq onun qətlə yetirildiyi ilə bağlı açıqlama vermirdi. Ancaq oktyabrın 20-də Səudiyyə Ərəbistanı rəsmi olaraq, jurnalistin konsulluğun binasında öldürüldüyünü etiraf edib. Kral Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman C.Qaşıqçının ailəsinə başsağlığı verib.

Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel Səudiyyə Ərəbistanının İstanbildakı Baş Konsulluğunda öldürülən jurnalist C.Qaşıqçı ilə bağlı məsələni araşdırmaq üçün oktyabrın 29-da Türkiyəyə səfər edəcək. O, jurnalistin öldürülməsi ilə bağlı aparılan istintaq işi üzrə bir sıra görüşlər keçirəcək.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də C.Qaşıqçının qətli ilə bağlı bütün həqiqətləri açacağını bildirib. O, oktyabrın 22-də telefonla bu məsələni ABŞ Prezidenti Donald Trampla müzakirə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar