Saxta vəkil olan qadına hökm oxundu, amma həbs edilmədi

Özünü vəkil kimi təqdim edən qadına hökm oxunub. Amma azyaşlı uşağı olduğu üçün həbs edilməyib. Musavat.com xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nuranə Sadıqovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Nuranə Sadıqova barəsində 6 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin onun barəsindəki hökmün tətbiq edilməsi övladının 14 yaşı tamam olanadək təxirə salınıb.

N.Sadıqova 2017-ci ilin noyabr ayında heç bir yerdə işləmədiyi və vəkillik fəaliyyəti ilə məşğul olmadığı halda, özgənin külli miqdarda əmlakını ələ keçirib.

O, Lənkəran rayonlararası Psixiatriya xəstəxanasının həkimi vəzifəsində işləyən Fərid Məmmədova, Lənkəran rayonlararası Onkoloji xəstəxanasında xadimə işləyən Sələmə Mirzəyevaya, Lənkəran rayonlararası Psixiatriya xəstəxanasını həkimi vəzifəsində işləyən Hüsməddin Alicanova özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edib.

Bundan başqa, N.Sadıqova heç bir tibbi sənəd olmadan ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin təyin edilməsi faktı ilə bağlı həmin şəxslərin barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan ibtidai araşdırmaya xitam veriləcəyinə, heç bir tibbi sənəd olmadan ayrı-ayrı şəxslərə təyin edilmiş əlillik dərəcələri üzrə pensiyaların dayandırılmayacağına, onların istintaq orqanlarına çağırılmayacağına dair yalan vədlər verərək aldadıb.

İttihama görə, Sələmə Mirzəyevanın 20 min manat pulunu, Fərid Məmmədovun vasitəsi ilə Hüsməddin Alicanovun 40 min manat pulunu, Fərid Məmmədovun isə 10 min manat pulunu dələduzluq yolu ilə alıb.

N.Sadıqova hər üç şəxsdən, ümumilikdə, 70 min manat pulu aldatma yolu ilə ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq edib. O, Fərid Məmmədov, Hüsməddin Alicanov, Sələmə Mirzəyevanı vəzifəli şəxsə qanunsuz hərəkətlərə görə maddi nemət verilməsinə sövq edərək rüşvət vermə cinayətinin törədilməsinə təhrik edib.

N.Sadıqovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə elan olunmuş ittiham üzrə N.Sadıqova özünü təqsirli bilmədiyini deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar