Leyla Şıxlinskaya sözünü tutmadı: O, işçilərinin həbsini və 2 milyon manat istəyir

Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın işçiləri növbəti dəfə hakim qarşısına çıxarılıb.Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutub.

Məhkəmədə məlum olub ki, Leyla Şıxlinskaya dəymiş zərər kimi müəyyən edilən 56 minlə razılaşmır. Belə ki, keçmiş işçilərinin ona 56 min manat zərər vurduğu müəyyən edilsə də Şıxlinskaya 2 milyon manata yaxın pul istəyir.

Ötən prosesdə 56 mini almağa razılıq versə də Şıxlinskaya artıq fikrini dəyişib. Keçmiş işçilərinə bildirib ki, dəymiş zərər 2 milyona yaxındır və həmin pulu da tələb edir. Əgər həmin məbləğ ödənilməzsə barışıq olmayacaq.

İşçiləri deyir ki, Şıxlinskayanın bu tələbi qanunsuzdur. Çünki istintaq dəymiş zərəri 56 min manat olaraq müəyyən edib. Şıxlinskaya iddia edir ki, işçiləri onun külli miqdarda pulunu mənimsəyib. Hazırda təqsirləndirilən şəxs olan keçmiş işçiləri isə kamera qarşısına çıxmaq istəmirlər. Ancaq deyirlər ki, klinikada keçirilən kampaniyaların, edilən endirimlərin pulunu da Şıxliniskaya onlardan tələb edir.

"Bəzən Leyla Şıxlinskayanın yaxınının, tanışının əməliyyatı edilib. Ya 50 faizə qədər endirim edilib, ya da ümumiyyətlə pul alınmayıb. Amma həmin pulları da bizdən tələb edir. Klinikanın özündə kampaniyalar olurdu. O zaman doğuş əməliyyatları ucuz edilirdi. İndi həmin müdirinin pullarını da ona vurulmuş ziyan kimi hesablayır" - deyə həbs edilmək istəməyən şəxslər bildirir.

Leyla Şıxlinskayanın keçmiş işçiləri onu da deyir ki, hazırda klinikada Vergilər Nazirliyi tərəfindən aparılan araşdırmalar davam edir. Klinikanın fəaliyyət göstərdiyi müddətdə milyonlarla manatı vergidən yayındırdığı üzə çıxıb. Bu gün baş tutan məhkəmə iclasında isə təqsirləndirilən şəxslər yenidən ekspertiza keçirilməsini və dəymiş zərərin yenidən müəyyənləşdirilməsini istəyiblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər klinikanın baş mühasibi olmuş Şəhla Abbasova, Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayevadır. Onların hər biri barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslər Leyla Şıxlinskayanı, klinikanın təsisçisi isə keçmiş işçilərini ittiham edir.

Klinikanın fəaliyyəti ilə əlaqədar açılan cinayət işi ilə bağlı məlum olan budur ki, adıçəkilən şəxslərin əməlləri barədə əvvəlcə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başlanıb. İstintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilmişdi. Bu ittiham Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşına qarşı irəli sürmüşdü.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 213-cü (vergidən yayınma) maddələri ilə ittiham edilirlər.

635x100

Şərhlər

Moshu 2018-10-25 22:50:08

O fikirdə deyiləm ki,işçilərinin günahı yoxdur, sadəcə olaraq onların sayəsində bu xanımcığaz milyonlara sahib olub. Maraqlıdır ki, kimdir onun himayəçisi. Hakim olsa idim onu da işçilərinin yanında otuzdurardım

Son yazılar