"İlk qərarlarımdan biri Saakaşvilinin əfv edilməsi olacaq" - Seçki sabiq prezidenti Gürcüstana qaytaracaqmı?

Gürcüstan oktyabrın 28-də növbəti prezidentini seçəcək. Konstitusiyaya edilən son dəyişikliklərə görə, yeni dövlət başçısı, ümumxalq səsverməsi ilə seçilən son prezident olacaq. Növbəti prezidenti isə 300 nəfərlik xüsusi kollegiya seçəcək.

Hazırki seçkilərdə əsas namizədlər Saakaşvilinin tərəfdarı və “Güc Birlikdədir” blokunun rəhbəri Qriqol Vaşadze ilə adı müstəqil namizəd kimi qeyd edilsə də, hakim “Gürcü Arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvilidir. Eyni zamanda, sabiq parlament sədri və 2017-ci ilədək Saakaşvilinin tərəfdarlarından olan David Bakradzenin də şansları az deyil.

Əksər müşahidəçilər Saakaşvilinin əsas tərəfdarının daha çox şansa malik olduğunu iddia edirlər. Bu seçki yeni ölkə başçısının müəyyən edilməsi və xalqın hazırki hakimiyyətə münasibəti məsələsilə yanaşı, sabiq prezident Mixail Saakaşvilinin Gürcüstana və siyasətə qayıdışına da müəyyən dərəcədə aydınlıq gətirə bilər.

"AzPolitika.info"nun məlumatına görə, Saakaşvilinin dönüşünün mümkünlüyü ilə bağlı danışan hakimiyyətin namizədi deyib ki, “heç kimi qaytarmaq fikri yoxdur”. Digər iki namizəd isə əks fikirdədirlər. Məlum olduğu kimi, Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığı aldığı üçün öz vətəninin vətəndaşlığından məhrum edilib. 2018-ci ilin yanvarında isə iki cinayət işi üzrə 3 il və 6 il müddətinə qiyabi olaraq, azadlıqdan məhrum edilib.

Q.Vaşadze son müsahibələrindən birində deyib ki, seçiləcəyi təqdirdə, ilk qərarlarından biri Saakaşvilinin əfv edilməsi və vətəndaşlığının qaytarılması olacaq. Lakin yerli müşahidəçilər bildirirlər ki, Vaşadze maksimum halda, Saakaşvilinin vətəndaşlığını bərpa edə biləcək. Onun prokurorluğun və məhkəmənin qərarlarına təsiri imkanları isə məhdud olacaq. Ona görə də, əsas səlahiyyətlər hökumətdə qaldıqca və parlamentdə “Gürcü Arzusu” üstünlüyə malik olduqca, sabiq prezidentin vətənə və siyasətə aktiv şəkildə qayıdışı çox da inandırıcı görünmür.

Cəlal

635x100

Şərhlər

o.b.n 2018-10-27 21:56:20

Gürcü xalqı seçib,seçilməyi bacarır.

Son yazılar