“AZƏRBAYCAN YAZIÇILARININ NOBEL ALMAQ ŞANSI YOXDUR” - Etibar Əliyev (Müsahibə)

"Uşaqların detektiv əsərlər oxumağı təhlükəlidir"

"AzPolitikA" tanınmış təhsil eksperti Etibar Əliyevin "AzNews.az" saytına müsahibəsini təqdim edir:

- Etibar müəllim, ilk baxışda çox sadə görünən bir sualdan başlamaq istəyirəm: İnsan niyə kitab oxumalıdır?

- Bu lap Platonun fəlsəfəyə verdiyi tərif kimi sadə sual oldu. Platon deyir, fəlsəfə uşaq suallarından başlayır. İnsan əslində ona görə kitab oxuyur ki, məlumatlı olsun. Ən azından müqayisə baxımından başqasından fərqlənsin. Sonrakı mərhələ kitabxananın olmasıdır. Eko esselərindən birində yazır ki, Servantesin də, Petrarkanın da çox kiçik kitabxanası olub, amma mən sonsuz kitabxananı sevirəm. Və Borxesin kitabxanasını misal çəkir.

Yəni insan oxuduqca daha da oxumaq istəyir, çünki hər kitab başqa bir kitabı səsləyir. Kitabın kitabxanada tutduğu mövqe də çox maraqlıdır. Hansı kitabın yanında hansı kitabın durmasının özü kitabxananı tamamlayır. Mən düşünürəm ki, dünyada ən zəngin adam kitabxanası olan adamdır. Kitabxanası varsa, onun çox böyük bilik silahı var. Söhbət toplanılan kitabların hamısını oxumaqdan getmir, kitabxananı hətta xəyali olaraq, tamamlamaqdan gedir.

- Sizin kitabxananız tamamlanıbmı? Eşitmişəm, böyük kitabxananız var.

- Bəli, böyükdür. Ötən əsrin doxsanıncı illərindən kitab toplayıram. Yenə də hesab edirəm ki, kitabxanam hələ tamamlanmayıb. Yeni nə kitab varsa, kitab həvəskarları istəyirlər kitabxanalarında olsun. Kitabxananın da bir ruhu var. Puşkin duelə gedəndə heç kəslə yox, kitabxanası ilə vidalaşmışdı.

Çox kitab oxumuş, yaşlı bir alimin kitabxanası ilə tanışlığa getmişdim. Gördüm ki, qırağa iyirmiyə yaxın kitab yığıb. O kitabları mənə göstərib çox qəribə bir söz dedi: “Tanrı mənə ömür verəydi, bunları da oxuyub qurtaraydım. İnsan o dünaya yaxınlaşdıqca çox şeyi bilib getmək istəyir”.

Kitabxanası olan insanlara qibtə edirəm.

- Azərbaycanda tanıdıqlarınızdan kimlərin böyük kitabxanası var?

- Ən böyük kitabxana rəhmətlik Azad Mirzəcanzadədə idi. Azad müəllimin kitabxanası da Borxesin kitabxanası kimi sonsuz idi. Bizim hazırkı böyük alimimiz Qorxmaz Quliyevin də böyük kitabxanası var. Millət vəkili Fazil Mustafanın normal kitabxanası var. Mən bir şey deyim ki, Sovet dövründə çoxsaylı ailimlər kitabxanalarını zənginləşdirməklə məşğul idi.

Nədənsə son dövrlər kitaba maraq çox azalır. Söhbət Azərbaycan dilində ədəbiyyatların az olmasından getmir. Hansı dil funksionaldırsa, o dildə də kitabxananı formalaşdırmaq olar. O vaxt Azərbaycanda kitaba abunə mərkəzi vardı, kitab almaq üçün makulatura təhvil verilirdi. Azərbaycanda artıq bunlar ləğv olunub. Təkcə bunlar yox, böyük kitab şəbəkələri də ləğv olundu. Kitab passajı vardı, kitab evi var idi. Bədii ədəbiyyat mağazası ayrı idi, siyasi ədəbiyyat mağazası ayrı. Yəni hamısı təsnifatlandırılmışdı.

Mən bir məsələyə toxunum. Hətta buna dövlət səviyyəsində maraq göstərilməli, böyük bukinist mağazaları açılmalıdır. Elə köhnə kitablar var ki, çox adam başa düşmür, atır, amma onlar bukinistlərə verilməlidir.

- Etibar müəllim, kitaba ayda nə qədər pul xərcləyirsiniz?

- Bu rastlaşdığım kitablarla bağlıdır. Ayda orta hesabla kitaba 50 manat xərcləyirəm. Məsələn, dünən Floberin əllinci illərdə çıxmış beşcildliyini aldım.

- Daha çox hansı dildə oxuyursunuz?

- Bilirsiniz, ruslar böyük tərcümə məktəbi yarada biliblər. İstənilən məktəb yoxa çıxır, aşılanır, ancaq mən düşünürəm ki, Rusiyada varislik prinsipi həmişə gündəmdə olub. Çox təəssüflər olsun ki, bu gün bizdə tərcümə məktəbi zəifdir. Peşəkar oxucu hiss edir ki, nəsə çatmır.

- Sovet vaxtı tərcümələr necə idi?

- Bizdə tərcümə məktəbi heç zaman formalaşmayıb. Heç sovet vaxtı da tərcümələr güclü deyildi. Düzdür, fərdi olaraq, yazıçıların tərcümələri var idi, ancaq bu məktəb şəklində deyildi. Universitetlərin tərcümə fakültələri var, təəssüf ki, onlar bizim təsəvvür elədiyimiz tərcüməçilər kimi yetişmirlər. Söhbət təkcə bədii ədəbiyyatdan getmir, təbiət elmləri sahəsindəki tərcümələr də pis gündədir. Elmin populyarlaşdırılması sahəsində tərcümə işi ümumiyyətlə, bərbad vəziyyətdədir.

- Yeni çıxan ensiklopediya ilə tanışsınız. Milli Ensiklopediya Sovet Ensiklopediyasından nə ilə fərqlənir, hansı üstünlük və qüsurları var?

- Əvvəlki ensiklopediya beynəlmiləl idi. İndiki ensiklopediya bu kimi məsələlərdə ondan fərlənir. Yenə də ensiklopediyanın böyük əksəriyyəti tərcümədir, olduğu kimi köçürüblər, köçürmədə ciddi qusurlar var. Yaradıcılıq yoxdur, hansısa ensiklopediyadan köçürüldüyü üçün də terminlərin çoxu anlaşılmır. Bu baxımdan işlək ensiklopediya deyil. Sorğu keçirin, heç kəsin ondan xəbəri yoxdur, halbuki ensiklopediya çapı elmin bayramı, nümayişidir.

- Yəqin ki, yeni orfoqrafiya lüğətinin hazırlanması ilə bağlı gedən müzakirələri izləyirsiz. Sizcə, təklif edilən dəyişikliklər vacibdirmi?

- Dil təkcə orfoqrafiya ilə məhdudlaşmır, dilin fəlsəfəsini mənimsəmək lazımdır. O istiqamətdə analitik fəlsəfə cərəyanı var. Dilin sintaktik, semantik və praqmatik funksiyaları işlənilməlidir. Orfoqrafiyadakı dəyişikliklər mənim üçün o qədər əhəmiyətli deyil. Pablo Nerudanın “Söz” essesində dediyi kimi, elə söz var, şah taxtda yayılan kimi oturub və bütün məzmunu özündə saxlayıb, əgər onu ordan çıxarsan, hər şey itə bilər. Sözün o cür enerjisi var. Bilirsiniz, mənə elə gəlir ki, orfoqrafiya lüğəti ətrafında gedən bu müzakirələrin səbəbi Nəsimi adına Dilçilik İntitutu ilə Azərbaycan Tərcümə Mərkəzi arasında gedən münaqişədir. Bunu açıq etiraf eləmək lazımdır. Amma mən düşünürəm ki, ortaq məxrəcə gəlib, normal orfoqrafiya qaydaları müəyyənləşdirmək olar.

- Elektron kitablara münasibətiniz necədir?

- Amerikada aparılmış bir sorğunun nəticələrinə görə, 15 il öncə elektron kitab bumu yaşanırdı. 15 il sonra yeni bir sorğu keçirildi və məlum oldu ki, əhalinin 67 faizi təzədən kağız kitaba qayıdıb. Yenə də Ekoya müraciət edirəm. Yazır ki, əgər siz internetdən “Don Kixot”u oxusanız, gözləriniz tennis şarına dönər. Yeni alətlər həm də yaddaşsızlıq yaradır. Buna "rəqəmsal kəmağıllılıq" deyirlər. Beynin bir yarımkürəsi, yaradıcı tərəf işləmir, kitab məhz yaradıcılığı formalaşdırır.

- Kitaba qayıdış üçün nə etmək lazımdır?

- Kitaba qayıdış üçün müəllimlərin, valideynlərin təbliğatı olduqca vacibdir. Müəyyən yarmarkalar keçirilir, böyük tirajlarla kitablar çap olunur. Bunların hamısı çağırışdır.

Ancaq baxırsan ki, yeni nəşrlərin arasında yenə də Stalinə aid kitablar, detektiv əsərlər üstünlük təşkil edir. Məktəblərin birində tədbirdə idim, şagirdlərin 80 faizinin əlində detektiv kitablar vardı. Bu uşaq təfəkkürünün yönünü dəyişməkdir. Bunun əvəzinə uşaqlara fantastik və macəra janrında əsərlər oxutmaq olar. Bu əsərlər uşaq təfəkkürünün inkişafında çox böyük rol oynayır. Çox təəssüf ki, bizdə şüurun yönləndirməsini böyüklər, müəllimlər yaxşı həyata keçirə bilmirlər.

- Detektiv əsərlərin populyar olmasının əleyhinəsiz?

- Birmənalı şəkildə. Vaxtı ilə detektiv əsərlər oxumuşam. Görürdüm ki, bunları oxuduqca oxumaq istəyirsən. Yeni kriminal süjet axtarışına çıxırsan. Ancaq uşaqlara daha dərin əsərlər oxutmaq lazımdır.

- Çingiz Abdullayevi oxumusuz?

- Çingiz Abdullayevi oxumuram və düşünürəm ki, detektiv əsərlərin çapına böyük üstünlük vermək olmaz. Xüsusən, uşaqları detektiv əsərlər oxumağa yönləndirmək təhlükəlidir.

- Bildiyim qədəri ilə detektiv əsərlər yazan yazıçılara heç vaxt Nobel verilməyib. Ola bilərmi ki, İsveç Akademiyası nə vaxtsa “buzları əritsin”, detektiv yazıçı da Nobel alsın?

- Açığı buna inanmıram. Düzdür, iki sahədə, ədəbiyyat və sülh sahəsində zaman-zaman xeyli təəccübləndirici mükafatçılar olur. Amma zaman keçdikcə görürsən ki, Nobel Komitəsi ədəbiyyat sahəsində çox az yanlışlığa yol verib.

- Son illər Nobel alan yazarların əsərləri ilə tanışsınız?

- Qao Sinszyanın, Mo Yanın və başqalarının əsərlərini oxumuşam. Sizə deyim ki, kütləvi oxunan əsərlərlə yanaşı, “Muncuq oyunu”nu, “Yalquzağ”ı, “Doktor Faustus”u da iki dəfə oxumuşam. Əlbəttə, “Doktor Jivaqo”nu da bir neçə dəfə oxumuşam. Dərin fəlsəfi məzmunlu əsərlərə hər yaş dövründə qayıtmağın öz ləzzəti var, hər dəfə yeni-yeni mənalar kəşf edirsən. İvo Andriçin sözü ilə desəm, əsər istəyir keçmişi, istəyir indini, istəyir gələcəyi əks etdirsin, ən vacibi odur ki, əsərin ruhu olsun. O əsərlərdə ruh var. Yüz il sonra da “Qoca və dəniz”dəki o ruhu tutacaqsınız.

Xüsusilə mənim son illər əhəmiyyət verdiyim yazıçılardan biri də Con Maksvell Kutzeedir. Onun “İsanın uşaqlığı” əsəri çox gözəldir. Ümumiyyətlə, dünyanın bütün böyük yazıçıları din və tarix mövzusuna böyük əhəmiyyət verib və zaman-zaman Bibliyadan qaynaqlanıblar. Mənim xoşuma gələn yazıçılardan biri də Günter Qrassdır. Onun “Yaddaşın soğanağı” adlı əsəri var, orda belə bir məsələ qaldırır ki, maarifçilik və elmin inkişafı necə oldu faşizmə gətirib çıxardı.

- Etibar müəllim, belə bir fikir də var ki, Nobelin keyfiyyəti getdikcə düşür, qabaqlar daha güclü yazıçılara verilirdi.

- Mən sizə bir analogiya deyim. Əbdüssəlamla birgə Nobel alan fizik Stiven Vaynberqin çox maraqlı bir intervyusunu oxumuşdum. O, deyir ki, fizika elmi artıq dalandadır, ona görə də Vitali Ginzburqa 20 il əvvəlki işlərinə görə Nobel verdilər. Yəni 20-30-40-cı illərin gurultulu kəşfləri daha yoxdur. Ədəbiyyat üzrə nobelçiləri də onilliklərə böləndə hesab edirlər ki, ən məhsuldar nobelçilər 50-60-cı, 60-70-ci illərin nobelçiləri olub. 80-90-cı illəri də güclü hesab edirlər: Per Lagerkvist, Simon Jon Pers, İvo Andriç, Qabriel Qarsiya Markes, Elias Kanetti, Kenzaburo Oe.

Söhbət ədəbiyyatın hansı ölkəyə daha tez çatmasından gedir. Biz Mo Yanı tanımırdıq. Ona Nobel veriləndə düşündük ki, təsüdüfi seçimdir. Oncaq sonradan onun əsərləri ilə tanış olanda gördük ki, Mo Yan böyük yazıçıdır. Və ya ötən il Nobel alan İşuquronu götürək. Düzdür, mən onun əsərlərini əvvəl oxumuşdum və hər yerdə də təbliğ edirdim. Ancaq o, Nobel alandan sonra gördük ki, böyük yazıçıdır.

- Belə çıxır ki, Nobel alan o yazıçılar əvvəldən dünyada tanınıblar, sadəcə bizim toplum xəbərsizdir?

- Əlbəttə. “İnsotrannaya Literatura” qəzeti dünyanın müxtəlif yerlərindən tanınan yazıçıları çap edir. Beləliklə, sabah həmin müəllif Nobel alanda heç kəs təəccüblənmir. Təəssüf ki, bizim toplum bütün bunlardan xəbərsizdir.

-Nobel adətən böyük ədəbiyyat ənənənəsi olan ölkələrə verilsə də, bəzən üçüncü dünya ölkələrinin də adı Nobel siyahısında hallanır. Məsələn, Keniyadan Nquqi Va Thionqo, Suriyadan Adonis, Albaniyadan İsmael Kadare var. Azərbaycan kimi kiçik ölkədən kiminsə ədəbiyyat üzrə Nobel almaq şansı varmı?

- Yox, Azərbaycan yazıçılarının Nobel almaq şansı yoxdur. Bu, çox çətin məsələdir. Azərbaycan Çingiz Aytmatovdan böyük yazıçı yetişdirə bilərmi? Mən düşünürəm ki, yox. Ancaq Aytmatova da, ola bilsin vətəndaş mövqeyinə görə, ola bilsən hansısa əsərində hansısa süjet xətti oğurluq olduğuna görə Nobel vermədilər. Nobel Komitəsi təsadüfi adamlara mükafat vermir, yazıçıların yaradıcılıqları izlənilir. Baxın, Transtromerə mükafat 80 yaşında verildi, Doris Lessinq 88 yaşında, Bob Dilan 75 yaşında Nobel aldı. Yəni gec də olsa, kim Nobeli haqq edirsə, ona təqdim edirlər. Yaddaşı kəşf edən Erik Kandel 40 il laboratoriyada bu işlə məşğul olub. Əziz Səncər deyir ki, mən 40 il DNT-nin izinə düşdüm, axırda tapdım.

Ədəbiyyat da elədir, yaxşı əsər özü elə kəşfdir; “Yüz il tənhalıqda” kəşfdir, “Qoca və dəniz” kəşfdir və sair.

Mirmehdi 

635x100

Şərhlər

Elcin 2018-10-29 14:15:02

Ekser fikirlerle razıyam. Etibar bey deyir ki, “İsanın uşaqlığı” eseri Bibliyadan ilhamla yazılıb. Halbuki, Bibliyada İsanın uşaqlığı ile bağlı yalnız bir neçe cümle var. Quranda İsa haqqında Bibliyadan azı 10 defe çox melumat var. İsanın uşaqlığına dair melumat ya Qurandan ya da esl inciller olan, lakin kilse elitası terefinden yasaqlanan apokrifa (infancy gospels) incillerden ola biler. Etibar bey bir dene de olsun muselman şerq dünyasına aid eser adı çekmir, doğrudanmı o müselman şerq yazarları oxumur?

Məhəmməd 2018-10-29 14:15:02

Etibar müəllimin yanaşması orjinaldır əlavə etmək çətindir.....Rafiq müəllimin iqtisadiyyat (riyazi)sahəsində Nobel almaq ehtimalı var idi... təəssüf ki....

Dr.AGAOGLU 2018-10-29 14:15:02

Etibar müəllim yazılarınızı rast gələn kimi fikirləşmədən oxuyuram.Beləki şablondan münasibət bildirmirsiniz.Bunlara görə təşəkkürlər. Lakin Nobel mükafatının yaradıcı insanlar üçün həlledici məqsəd olması ilə razılaşmıram.Birçoxu bu mükafatdan imtina da edib.Skarteri oxudum və onun bu mükafatlardan çox yüksəkdə dayanmasını qəbul etdim.Ağızın dad bilmə funksiyası kimi. ədəbi yaradıcılığa münasibətdə fərdidir və qeyri-səlis məntiqdir.Gec Nobel verilənləri isə gec başa düşdüklərinə görə ləngidiblər yaqin.

Son yazılar