“GÜRCÜSTANDA VƏZİFƏ TUTMAYACAM...” - Saakaşvili yeni prezidentin onu əfv etməsini istəmir

"AzPolitika" Gürcüstan mətbuatına istinadla xəbər verir ki, Mixail Saakaşvili yerli telekanalların birinə müsahibəsində əfvlə bağlı yeni seçiləcək prezidentə müraciət etməyəcəyini söyləyib. Sabiq ölkə başçısı deyib ki, hətta onun tərəfdarı olan Qriqol Vaşadze prezident seçilsə belə, əfv ərizəsi yazmayacaq, çünki heç bir cinayət törətməyib.

Saakaşvilinin belə bəyanatla çıxış etməsi onunla əlaqələndirilir ki, hakim "Gürcü Arzusu" Partiyasında sabiq prezidentin vətənə qayıdışının Gürcüstanda destabilizasiyaya səbəb olacağına dair fikirlər səsləndirilir.

Ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirən Saakaşvili heç kimin əfvinə ehtiyacının olmadığını deyib: "Bütün günü insanları mənimlə qorxudurlar. Deyirlər ki, Vaşadze gələcək və Saakaşvilini əfv edəcək. Birincisi, mənim üçün kiminsə əfvinin heç bir əhəmiyyəti yoxdur. Mən Marqvelaşviliyə əfv üçün müraciət etməmişəm və prezident Vaşadzeyə də müraciət etməyəcəm."

Saakaşvili heç bir cinayət törətmədiyini vurğulamaqla yanaşı, haqlı olduğunu məhkəmədə sübut edəcəyini söyləyib: "Mənim nəyim olubsa Prezident Kitabxanasına qoymuşam. O isə mənim şəxsi mülkiyyətim deyil. Mənim ailəm prezidentliyim dövründə harada yaşayıbsa, indi də orada yaşayır. Heç bir cinayətdə iştirak etməmişəm. Mən Gürcüstan dövlətini qurmuşam..."

Bununla yanaşı, sabiq prezident Gürcüstanda heç bir vəzifə tutmaq fikrində olmadığını söyləyib və həbsdə olan tərəfdarlarını da azadlığa çıxandan sonra siyasətə qayıtmamağa, öz sağlamlıqları ilə məşğul olmağa çağırıb. Həmçinin, ölkədə yeni insanlara yol açılmalı olduğunu vurğulayıb: "Siyasətə yeni adamlar gəlməlidir... Gürcüstanda çoxlu yeni insanlar var. Bu insanlara yol açmaq lazımdır."

Xatırladaq ki, M.Saakaşvili Gürcüstanda 3 il və 6 il müddətinə qiyabi olaraq, azadlıqdan məhrum edilib.

Cəlal MƏMMƏDOV

“AzPolitika”

635x100

Şərhlər

Dr.AGAOGLU 2018-11-01 08:04:38

Cürcü xalqının DEMOKRATİK dünyaya bəxş etdiyi BÖYÜK insan.

EJDER 2018-11-01 08:04:38

HALAL OLSUN SENE GURCUSTANIN XACAPURISI...SAQ ELI BISIMKILERIN BAWINA. KIWI KIMI RUWVETI YUXDIN

Son yazılar