Ayrılıq və Birliyə doğru!

Bünyamin Qəmbərli

Bu ay mənimçün çox ağır aydı. Çünki bu ayda sevdiyim 2 insandan ayrılmışam. Avqustun 12–də anam haqqa qovuşub, 22-də isə Əbülfəz Elçibəy.

1999-cu ildə anam dünyasını dəyişəndə Əbülfəz Elçibəy mənə başsağlığı verdi, 2000-ci ildə Əbülfəz Elçibəy dünyasını dəyişdiyi üçün mən uca Türk millətimə başsağlığı verdim. Anam rəhmətə gedəndə şəxsi həyatımda necə boşluq yaranmışdısa, Əbülfəz Elçibəy də haqqa qovuşanda ictimai siyasi həyatımda elə bir uçurum yarandı. Anam haqqa qovuşandan sonra bütün yaxınlarımın - qardaş-bacılarımın, qohumlarımın, dostlarımın və mübarizə yoldaşlarımın, o cümlədən Əbülfəz bəyin hərtərəfli və daimi dəstəyi ilə toparlanmağım aylar çəkdi. Amma Əbülfəz Elçibəy dünyasını dəyişəndən sonra isə demək olar ki, heç bir yerdən dəstək almadım, bütün sıxıntılara, dedi-qodulara, parçalanmalara, xırdalıqlara, mənəm-mənəmliklərə, özündən müştəbehliklərə, xəyanətlərə və ən nəhayət, təzyiqlərə baxmayaraq, çox qısa müddətdə toparlanıb yüzlərlə mübarizə yoldaşımın toparlanması üçün dəstək verdim. Çünki mübarizə yarımçıq qalmışdı. Çünki Əbülfəz Elçibəydən məcburən ayrılmışdıq, mübarizədən isə ayrılmağa, qopmağa haqqımız yox idi. Çünki Əbülfəz Elçibəy dəfələrlə bizdən “sizə Əbülfəz lazımdı, ya Azərbaycan” deyə sormuş, hər dəfə bizim “Azərbaycan” cavabı verməmizdən sonra “əgər sizə Azərbaycan lazımdırsa, onda lazım gələndə məni də keçməlisiz!” deyə qətiyyətlə vurğulamışdı. Bağımsızlıq və Bütövlük savaşı son nəticəyə qədər davam etməli idi.

Anamın dünyasını dəyişməsi məni, ailəmizi və yaxınlarımızı sarsıtdı, bizlərin həyatında bir boşluq, sıxıntı yaratdı, Əbülfəz Elçibəyin dünyasını dəyişməsi isə on minlərlə cəbhəçinin, milyonlarla elçibəysevərin və Bütöv Azərbaycan savaşı verənlərin inamında, umudunda, savaşında və hətta həyatında bir uçurum, bir boşluq yaratdı. Məncə bu insanların böyük bir qismi zamanında toparlana bilmədikləri, o uçurumdan adlaya bilmədikləri üçün siyasi mübarizə bu səviyyəyə düşdü, xalqımız indi bu sıxıntıları yaşayır. Amma mən son illər Azərbaycan gəncliyinin ideoloji-siyasi yüksəlişini, bu gəncliyin vətən anlayışının 20% torpaqları işğal olunmuş 86.000 kv.km-lik bir ərazini deyil, 700.000 kv.km-dən böyük ərazisi olan - Dərbənddən Kəngər körfəzinə, Kərkükdən Borçalıya, İrəvandan Bakıya qədər böyük bir ərazini əhatə edən Vətən anlayışı olduğunu və bu gəncliyin çox böyük bir qisminin özünü Əbülfəz Elçibəyin əsgəri saydığını görüb, yaşlı nəsildən fərqli olaraq gəncliyin Əbülfəz Elçibəy ideyalarına daha yaxın, daha çox bağlı və bu ideyaları həyata keçirməyə daha iradəli və qətiyyətli olduğu qənaətindəyəm. Buna görə də üzümü gənclərə tutub deyirəm.

EY AZƏRBAYCAN GƏNCLİYİ, SƏNİN İLK VƏ ƏSAS VƏZİFƏN NƏYİN BAHASINA OLURSA OLSUN, VƏTƏNİMİZİN AZADLIĞINI VƏ DÖVLƏTİMİZİN BAĞIMSIZLIĞINI QORUMAQ, İKİNCİ VƏZİFƏN İSƏ, MİLLƏTİMİZİ BÜTÜN BU ÇƏTİNLİK VƏ SIXINTILARDAN QURTARMAQ ÜÇÜN BU MÜSTƏQİLLİYİN 700 MİN KV.KM.-DƏN BÖYÜK VƏTƏN TORPAQLARINI ƏHATƏ ETMƏSİ İLƏ BÜTÖV AZƏRBAYCAN DÖVLƏTİNİ QURMAQ VƏ BU DÖVLƏTİ DÜNYANİN ƏN İNKİŞAF ETMİŞ, GÜCLÜ VƏ QÜDRƏTLİ DÖVLƏTLƏRİNDƏN BİRİNƏ ÇEVİRMƏKDİR! Mən sənin bu vəzifənin öhdəsindən şərəflə gələcəyinə inanır və səni Əbülfəz Elçibəyin Ulusumuza - Uca Türk millətinə verdiyi gözaydınlığı ilə salamlayıram!

Qara qaplanların, qalxdı, çilədi,

Dədəm, gözün aydın, ay gözün aydın!

Gözəllərin Təbriz dedi mələdi,

Dədəm, gözün aydın, ay gözün aydın!

Araz axır Kürə dəyir durulur,

Dəli könül Ay-Ulduza vurulur.

Bugün-sabah Xudafərin qurulur,

Dədəm, gözün aydın, ay gözün aydın!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar