Daha bir siyasi qüvvə Vaşadzeni dəstəkləyəcək – Saakaşvilinin namizədinin şansları getdikcə artır

Dərc olunub: 02/11/2018 - 17:56

vasadze

Gürcüstanda prezident seçkisinin oktyabrın 28-də keçirilən birinci turundan sonra ölkədəki əksər siyasi partiyalar ikinci tura qalan namizədlərdən hansını dəstəkləyəcəkləri barədə qərarlarını açıqlamağa başlayıblar.

“AzPolitika” Gürcüstan mətbuatına istinadla xəbər verir ki, ölkənin kifayət qədər nüfuzlu partiyalarından olan Respublika Partiyası rəsmi bəyanatla çıxış edərək, “Güc Birlikdədir” blokunun rəhbəri, Mixail Saakaşvilinin təmsilçisi kimi tanınan Qriqol Vaşadzeni dəstəkləyəcəyini bildirib. Bu barədə partiyanın rəhbərliyində təmsil olunan Levan Berdzenişvili keçirdiyi brifinqdə məlumat verib. Q.Vaşadze bu addımına görə, partiya rəhbərliyinə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Respublika Partiyası 2016-cı ilə qədər hakim “Gürcü Arzusu” Partiyasının rəhbərlik etdiyi siyasi blokda təmsil olunub. Lakin sonradan Bidzina İvanişvili ilə yaranmış fikir ayrılığı səbəbindən respublikaçılar “Gürcü Arzusu”ndan ayrılıblar.

Xatırladaq ki, birinci turda hakim partiyanın namizədi Salome Zurabişvili ilə Q.Vaşadze rəsmi məlumata görə, təxminən eyni sayda – 38 faiz səs toplayıblar. Saakaşvilinin tərəfdarlarından olan və seçicilərin 11 faizinin səs verdiyi David Bakradze isə ikinci turda Q.Vaşadzeni dəstəkləyəcəyini bəyan etmişdi. Üstəlik respublikaçıların da Vaşadzeyə səs verəcəklərini nəzərə alsaq, Saakaşvilinin namizədinin şanslarının xeyli çoxaldığını söyləmək olar.








loading...


Fikrinizi bildirin