“KOBRA”NIN ŞURA ÜZVÜ OLMAQLIĞI… - Növbədə "gürzəpress"dir...
Mətbuat Şurası İdarə Heyətinin noyabrın 1-də keçirilən iclasında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına yeniliklər edilməsi qərara alınıb, həmçinin, MŞ-yə yeni üzvlər qəbul edilib. MŞ-dan verilən məlumata görə, müzakirələrdən sonra «ilkxeber.org», «belediyye.info», «qaziler.az», «musteqil.az», «qht.az», «azinforum.az», «bakutime.az», «big.az», «sim-sim.az», «kobramedia.az», «sonxeber.az», «metbuat.az», «tehsil-press.az», «missiya.az» saytları, həmçinin «Türkologiya» jurnalı Mətbuat Şurasına üzv qəbul ediliblər.
“AzPolitika” xəbər verir ki, şuraya yeni qəbul olunan saytlar arasında “kobramedia.az” kimi qəribə adlı bir saytın olması ictimai diqqəti çəkib və sosial şəbəkələrdə geniş müzakirə və lağ mövzusuna çevrilib. Mövzuya münasibət bildirənlərin əksəriyyəti “kobramedia”nın MŞ-ya yol tapmasına lağlağı münasibət bəsləsələr də, Şuradan bu qeyri-ciddi qərara görə hesabat istəyənlər də az olmayıb. Məsələn, fəaliyyəti dayandırılmış APA.TV-nin baş direktoru, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl “kobra”nın Mətbuat Şurasına üzv olmasına “Facebook”da 2 status həsr edib.
C.İsmayıl ikinci statusunda isə MŞ İdarə Heyətinə çağırış edib: “Adı da, özü də mətbuat adına karikatura olan “kobramedia.az” saytı Mətbuat Şurasının üzvlüyünə qəbul edilib. Bu qərara kimlər səs verib? Reket jurnalistlərə qarşı bu cürmü mübarizə aparılır? MŞ İdarə Heyətinin üzvləri media ictimaiyyətinə açıqlama verməyə borcludur”.
Bəs bu qəribə adlı sayt nə yazır, rəhbəri kimdir?
Saytla ilkin tanışlıqdan belə məlum olur ki, “kobramedia” “Kobra” adlı qəzetin onlayn versiyasıdır və demək olar ki, hər şeydən yazmağı qarşısına məqsəd qoyan universal bir saytdır. Hər halda saytın loqosunun altında bildirilir: “İctimai-siyasi, satirik-yumoristik, ədəbi-publisistik saytdır” (Saytın loqosunda belə hərf səhvinin olması, "ictimai" sözünün "içtimai" kimi yazılması isə gəlin hesab edək ki, texniki xətadır-R.Ə.). Saytın təsisçisi və baş redaktoru isə şair-publisist Valeh Mirzədir. Baş redaktor, özünün dediyinə görə 20 kitabın müəllifi və Yeni Azərbaycan Partiyasının üzvüdür. Şair, “kobramedia”nın yeganə əməkdaşıdır…
“Kobra”nın ana səhifəsində yarısı rus, yarısı Azərbaycan dilində bir neçə idman xəbəri və V.Mirzənin "kobra tək qoymayacaq heç zaman darda sizi" tipli "dərin məzmunlu", orfoqrafik səhvlərlə dolu bir neçə yazısından başqa onun xeyli sayda fotosu və şeir deyərkən çəkilmiş bir videosu gözə dəyir.
Bəs, Cavid İsmayılın da dediyi kimi, həm adı, həm də yazıları ilə mətbuat adına karikatura olan bir nəfərlik belə bir “sayt”, necə olub ki, Mətbuat Şurasına üzv qəbul olunub? “Qafqazinfo” məsələ ilə bağlı saytın rəhbəri Valeh Mirzə və Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovla əlaqə saxlayıb.
“Saytın adı mənim xoşuma gəlir. Burada nə var ki?”
Sayt rəhbəri reketçiliklə məşğul olmadığını bildirib: “Mənim yazılarımı açıb oxumaq lazımdır. Hələ bir nəfər deyə bilməz ki, mən reket olmuşam. Özüm reketçiliyə qarşı mübarizə aparan jurnalistəm. Jurnalistikamızın şəffaflaşmasına, saflaşmasına, peşə hazırlığının yüksəlməsinə xidmət edən bir adamam. İxtisasca müəlliməm. “Azərbaycan müəllimi” qəzetində çalışmışam. İl yarım isə “Baku post” qəzetində baş redaktor olmuşam. Mən ancaq saf amallara xidmət etmişəm. Münaqişə zonasından həmişə kənarda olmuşam və bu cür bazarda da özümü görməmişəm.
“Kobramedia” mənim şəxsi saytımdır. O qəzet kimi 2003-cü ildən qeydiyyata alınıb. Qəzet buraxmaq imkanım yoxdur. Ona görə də öz yazılarımı dərc etmək üçün elektron versiyasını açmışam ki, heç kimdən yazılarımı dərc etməsi üçün xahişim olmasın. Heç kimə də jurnalist vəsiqəsi verməmişəm ki, gedib reketçiliklə məşğul ola”.
V.Mirzə saytının maliyyə mənbəyi və məqsədləri haqda isə bunları deyib: “Saytım heç yerdən maliyyələşmir. Heç kimin qoltuğunda deyiləm. 5 il olar ki, bu sayt fəaliyyət göstərir. Gələcəkdə saytların maliyyələşməsi baş verərsə, heç olmasa mən də bir dənə yazar işçi götürərəm. Sloqandakı seçdiyim cümlə də satirik janrdadır. Bu da kobranın dilindən deyilir. Özüm şairəm. 20-yə yaxın kitab müəllifiyəm. Satirik şeirlərim də həddindən artıq çoxdur”.
“Deyildi ki, imkan varsa saytın adını dəyişdirsin”
“Kobramedia”nın üzv seçilməsi və onun adı müəyyən müzakirələrə səbəb oldu. Ancaq saytda daha çox satirik-yumoristik materaillar çoxdur. Saytla bağlı Mətbuat Şurasına heç bir şikayət daxil olmayıb. Saytın rəhbəri Valeh Mirzə də Azərbaycan və rus dillərində mükəmməl yazılar yazan jurnalistdir. Azərbaycan dövlətinə xidmət edən və kifayət qədər peşəkar yazıların müəllifidir. Bu baxımdan da Mətbuat Şurasına üzv qəbul edilib. Mən bunda heç bir qəbahət görmürəm.
Saytın adının araşdırılması məsələsi ona təklif olundu. Deyildi ki, imkan varsa saytın adını dəyişdirsin”.
Reketçilik fəaliyyətinə gəlincə isə Amaşov vurğulayıb ki, saytda ola bilsin ki, hansısa sərt ifadələr işlənsin: “Çünki saytın mahiyyəti satirik ruhdadır. Ancaq o saytda reket yazıların getməsi ilə bağlı Mətbuat Şurasına heç bir şikayət daxil olmayıb”.
“Adı əsas gətirib Şura üzvlüyünə müraciətinə rədd cavabı verə bilməzdik"
N.Niftiyev bildirib ki, saytın adını müzakirəyə çıxarıb Mətbuat Şurası İdarə Heyəti üzvlərini tənqid edənlər haqlı deyillər: "Biz Valeh Mirzənin və saytının fəaliyyətində qeyri-qanuni heç nə görməmişik, saytla və baş redaktorla bağlı heç bir müraciət, şikayət yoxdur. Adı əsas gətirib Şura üzvlüyünə müraciətinə rədd cavabı verə bilməzdik".
“Sayta məşhur adlar seçib gedib şantajla məşğul olmaqdansa...”
Sosial şəbəkələrdə kimlərsə məsələyə lağlağı kimi baxırlar, amma bir az diqqətli olmaq lazımdır. Sayta məşhur adlar seçib gedib şantajla məşğul olmaqdansa, özünə uyğun ad götürüb normal fəaliyyətlə məşğul olmaq daha yaxşıdır. Bu gün bizim “qara siyahı”ya baxsaq, Azərbaycanın ən gözəl adlarını götürən media qurumları var ki, “reketçilik”lə məşğul olublar. Bu gün əslində ittiham hədəfinə onlar çevrilməlidir”.
Göründüyü kimi, sən demə "kobra"nın əməlli-başlı hörməti varmış. İndi qalır "gürzəpress"in Mətbuat Şurası üzvlüyünə şahidlik etmək...
R.Əliyev
AzPolitika.info
Şərhlər
Kobra-şairin yaman anakondalıq başı var.
Azərbaycanda ``azadlıq`` ancaq heç nəyə yarımayan,lazım olmayan əxlaqsızlığa söykənən zadlara verilib.Ona görə də ölkə KİV-nə maraq yoxdur.elzaSeyidcahanın təbicə desək....bir kənara qoymaq gərəkdir.