Səudiyyə şahzadələrindən biri Bakıya gəldi – Prezident və DİN naziri ilə görüşdü + FOTOLAR

Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri, şahzadə Əbdüləziz bin Səud bin Naif Əl-Səudun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.

O və başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıda Prezident İlham Əliyev  Daxili işlər naziri Ramil Usubovla görüşüb.

Strateq.az Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev şahzadə  Əbdüləziz bin Səud bin Naif Əl-Səudun başçılıq etdiyi nümayəndə heyətini bu gün qəbul edib.

Görüşdə dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu qeyd edərək, özünün Səudiyyə Ərəbistanına səfəri və səfər zamanı Kral Həzrətləri və digər rəhbər şəxslər ilə aparılan müzakirələri məmnunluqla yad edib, bu müzakirələrin əlaqələrimizin inkişafı üçün önəmli rol oynadığını bildirib.

Prezident İlham Əliyev deyib ki, ölkələrimiz müxtəlif sahələrdə uğurlu əməkdaşlıq edir, siyasi əlaqələr çox yüksək səviyyədədir və beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyir. Dövlətimizin başçısı bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Səudiyyə Ərəbistanının ədalətli və qardaşlıq hisslərinə əsaslanan mövqeyi Azərbaycanda çox böyük minnətdarlıq hissi ilə qarşılanır.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan xalqı Səudiyyə Ərəbistanının bu münaqişə və işğala görə Ermənistanla heç bir əlaqə yaratmadığını yaxşı bilir və bu, bizim dostluğumuzun, qardaşlığımızın bariz nümunəsidir.

İqtisadi sahəyə toxunan Prezident İlham Əliyev son zamanlar bu istiqamətdə inkişafla bağlı çox ciddi addımların atıldığını dedi və gələcək illərdə sərmayə qoyuluşu və ticarət dövriyyəsinin artırılması ilə əlaqədar daha geniş tədbirlərin həyata keçiriləcəyinə əminliyini ifadə edib. Son vaxtlar Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığını qeyd edən Prezident İlham Əliyev bunu dostluğumuzun növbəti təzahürü kimi dəyərləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, ölkələrimizin təhlükəsizlik sahəsində əməkdaşlığı da yaxşı səviyyədədir. Prezident İlham Əliyev əminliyini bildirib ki, Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Naif Əl-Səudun bu səfəri ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.

Xoş sözlərə görə minnətdarlığını bildirən Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri şahzadə Əbdüləziz bin Səud bin Naif Əl-Səud, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl-Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səudun salamlarını dövlətimizin başçısına çatdırıb. O qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər getdikcə inkişaf edir, müxtəlif məsələlərə dair yüksək səviyyəli koordinasiya mövcuddur. Səudiyyə Ərəbistanının Azərbaycan üçün qardaş, yaxın və strateji tərəfdaş ölkə olduğunu vurğulayan qonaq ölkələrimizin Daxili İşlər nazirlikləri arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib. Bu baxımından qonaq Azərbaycanın daxili işlər nazirinin Səudiyyə Ərəbistanı Krallığına səfəri zamanı iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair imzalanmış sazişin önəmini vurğulayıb.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl-Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Əl-Səudun salamlarına görə təşəkkür edib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 4-də Səudiyyə Ərəbistanı Krallığının daxili işlər naziri, şahzadə Əbdüləziz bin Səud bin Naif Əl-Səudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, nazir Ramil Usubov onun dəvətini qəbul edərək Azərbaycana rəsmi səfərə gəldiyinə görə şahzadə Əbdüləziz bin Səud bin Naif Əl-Səuda təşəkkürünü bildirib, ölkələrimiz arasında son illər bütün sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

Xalqlarımız arasında çoxəsrlik tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu qeyd edən nazir dövlətlərarası əlaqələrin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, həmçinin 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfər etdiyini, müxtəlif sahələrdə beynəlxalq hüquqi sənədlərin imzalandığını məmnunluqla xatırladıb. O, Prezident İlham Əliyevin və İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Əl-Səudun siyasi iradələri sayəsində ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini, Səudiyyə Ərəbistanının beynəlxalq arenada Azərbaycanı tam dəstəklədiyini söyləyib, bu səfərin, xüsusən Əbdüləziz bin Səud bin Naif Əl- Səudun dövlətimizin başçısı tərəfindən qəbul olunmasının Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni impuls verəcəyinə əminliyini ifadə edib.

Ramil Usubov müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı problemlər, torpaqlarımızın işğalı, Ulu Öndərin ali hakimiyyətə qayıdışından sonra ölkə həyatının bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilmiş müsbət nəticələr barədə məlumat verib. Qeyd olunub ki, kriminogen durumun tam nəzarətə götürülməsi, sabitliyin bərpası Azərbaycanda bir sıra qlobal infrastruktur layihələrin reallaşmasına, iqtisadiyyata külli miqdarda xarici sərmayənin yatırılmasına, insanların təhlükəsiz, əmin-amanlıq şəraitində yaşayıb fəaliyyət göstərməsinə, hər il getdikcə daha çox səudiyyəlinin turist kimi respublikamıza gəlməsinə əlverişli şərait yaradıb.

Daha sonra nazir regionda cərəyan edən proseslərin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi zərurətini meydana çıxardığını qeyd edib, bu növ cinayətlərə, xüsusən beynəlxalq terrorçuluğa, narkotik qaçaqmalçılığına, qanunsuz silah ticarətinə, insan alverinə qarşı səmərəli mübarizə aparmaq üçün əməkdaşlığın genişləndirilməsinin, informasiya mübadiləsinin intensivliyinin artırılmasının əhəmiyyətini, Daxili İşlər nazirlikləri arasında əlaqələrin möhkəmləbdirilməsinin, bununla əlaqədar mükəmməl normativ hüquqi bazanın yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb. Nazir səudiyyəli həmkarının dəvəti əsasında cari il fevral ayının 19-da dost ölkəyə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Protokolun imzalanmasını bu istiqamətdə mühüm addım kimi dəyərləndirərək qarşılıqlı faydalı münasibətlərin hər iki ölkənin maraqlarına və xalqlarımızın mənafelərinə cavab verdiyini vurğulayıb.

Əbdüləziz bin Səud bin Naif Əl-Səud dəvətə və yüksək qonaqpərvərliyə görə Ramil Usubova təşəkkür edib, bu səfərin əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Respublikamıza ilk dəfə rəsmi səfər etməsindən, onun dinamik inkişafından, burada gedən böyük quruculuq işlərindən məmnunluğunu ifadə edən şahzadə Əbdüləziz bin Səud bin Naif Əl-Səud həssas bölgədə yerləşən Azərbaycan və Səudiyyə Ərəbistanının möhkəm təməllərə söykənən dostluq və qardaşlıq münasibətlərinin, hər iki ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsinin regiondakı ümumi təhlükəsizliyə müsbət təsir göstərəcəyini, Krallığın hüquq-mühafizə orqanlarının əməkdaşlıqda hər zaman maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə təhlükəsizlik sahəsində əlaqələrin mövcud vəziyyəti, prioritet istiqamətləri barədə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev görüşdə iştirak edib.

635x100

Şərhlər

ERMƏNİ-XAİES QARAÇI TAYFASI: 2018-11-04 22:52:48

ƏRƏB ÖLKƏLƏRİNDƏ DƏ TƏŞKİLATLANIB VƏ XÜSUSİYLƏMƏKKƏNİ ZƏBT ETMİŞLƏR "VƏHHABİ" TƏRİQƏTİ YARATMIŞLAR...

Mirzə AĞ 2018-11-04 22:52:48

Görünür. bunlar Qaşıqcı məsələsində Türkiyəyə "təsir" göstərmək yolları arayırlar...

azər 2018-11-04 22:52:48

ancaq bədbəxtlik yayan geydirmə xoşbəxtlər filanyeri..

Son yazılar