“İNSAN ALÇALA-ALÇALA YÜKSƏLMƏK YOLUNU SEÇMƏMƏLİDİR” - Professor Tofiq Quliyevdən maraqlı açıqlamalar

“40-50 milyon dollar sərvəti olanlar əlavə gəlir üçün dəridən-qabıqdan çıxırsa, tibbdə belə adamlar pataloji adamlar, ağılca zəif insanlar sayılır”

“Elmi adlar kimlər tərəfindənsə alimlərə hədiyyə kimi verilməli deyil”

Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Azərbaycanın Əməkdar Elm Xadimi, keçmiş SSRİ Jurnalistlər İttifaqının üzvü, “Qızıl qələm” mükafatçısı, iqtisad elmləri doktoru, professor Tofiq Əvəz oğlu Quliyev “AzPolitika.info”ya müsahibəsində bəzi mövzularla bağlı öz fikirlərini bildirib. Onun müsahibəsini təqdim edirik.

- Professor, Siz öz çıxışlarınızda, müsahibələrinizdə hər zaman Qarabağ probleminə, Azərbaycandakı bəzi başqa problemlərə toxunursunuz. Bir çoxları, o cümlədən ziyalılar problemlərdən danışmaqdan yayınırlar. Hətta problemləri qabartmamağı Vətənə, dövlətə xidmət kimi qələmə verirlər. Siz necə düşünürsünüz?

- Vətənə xidmət mövzusu daim gündəmdə olsa da, bu anlayışa müxtəlif yanaşmalar mövcuddur. Bu haqda danışarkən, fikrimcə, Vətənə təmənnalı və təmənnasız xidmət anlayışlarını fərqləndirmək lazımdır. İlk baxışda, bu təəccüblü gələ bilər. Lakin indiki şəraitdə burada heç də təəccüblü bir şey yoxdur. Çünkü Vətəndən, Qarabağ problemindən danışarkən, bəzən mənə irad tutub deyirlər, bu sənin işin deyil, nə olacaqsa olacaq. Mən başa düşmürəm, necə yəni, nə olacaqsa olacaq? Axı biz çalışmalıyıq ki, nə olacaqsa, qoy yaxşı olsun. Bir çoxları, o cümlədən ziyalılar var ki, televiziyalarda, mətbuatda ağız dolusu Vətəndən danışır, Qarabağ haqqında yazırlar. Lakin beyinlərində gecə-gündüz hansı vəzifəyə, necə gedəcəkləri haqqında fikirləşirlər. Axı ziyalılar millətin görən gözü olmalıdır. Ölkənin problemlərini görməli, onların həlli ilə bağlı təkliflərini səsləndirməlidirlər. Ulu öndər Heydər Əliyev də vaxtilə İqtisad Universitetinin kollektivi ilə görüşündə alimlərin, ziyalıların iqtisadiyyatındakı problemlər göstərməli olduğunu bildirmişdi. Ancaq, təəssüf ki, ziyalılarımız üzərlərinə düşən vəzifəni lazımi şəkildə yerinə yetirmirlər. Biz, ziyalılar, bəzən başqalarının səhvlərində iştirak edirik. Həm də bunu utanmadan edirik. Və təəssüf ki, biz bunu bir çox hallarda beşinci dərəcəli və əhəmiyyətsiz bir hadisə kimi qiymətləndiririk. Halbuki, heç də belə olmaya bilər. A.Dante demişdir: “Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilir”.

Almaniyalı şair və publisist Henrix Heyne isə yazır:

İndi göz yaşları gərəkdir mənə,

O gözəl ətirli gülüş yerinə...

Təəssüf ki, biz indi belə ülvi hislərdən uzaqlaşırıq. Henrix Heyne bu misralarda nəyi demək istəyir, mən bunu misal çəkməkdə nəyi nəzərdə tuturam, bu haqda geniş danışmaq olar. Qısa şəkildə onu deyə bilərəm ki, sözügedən misralar bizim bugünkü reallığımızı əks etdirir. Əksəriyyətimiz Vətənimizin problemləri ilə yaşamırıq. Bir çoxları Vətənə xidmətdən, vətən sevgisindən danışsa da, əməllərində, fəaliyyətində bu görünmür. Vətən sevgisi ulu sevgidir, Mübariz İbrahimovların sevgisidir. Vətən sevgisi İlahi sevgi qədər müqəddəs bir sevgdir. Vətən sevgisi olan insan heç bir təmənna güdmədən Vətənə xidmət etməlidir. Təmənna varsa, sevgidən danışmaq olmaz. Mən şeirlərimin birində təmənnalı Vətən sevgisi haqqında yazmışıdım:

Vətən, Tanrı sevgisi olur təmənnasız

Təmənna olarsa, Vətən sevgisi olar

mənasız

Vətən sevgisi olanda təmənnalı

Vətənpərvərlik də olar qeyri-məntiqi,

qeyri-mənalı

Təəssüf ki, bir çox adamlar irəli getmək, özlərinə daha yaxşı gün-güzəran qurmaq fikri ilə, ideyası ilə həyat tərzi keçirirlər. Əlbəttə, bunlar da lazımdır, amma baxır ona hansı yolla nail olunur. Bu yol “alçala-alçala yüksəlmək” prinsipinə əsaslanmamalıdır. İnsanlar “alçala-alçala yüksəlməməli”, buna məcbur edilnməməlidir. Hər kəs öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Həm də bunu zamanında etməli, hər hansı qarşılıq gözləməməlidir. Ancaq təəssüf ki, bəziləri “alçala-alçala yüksəlmək” yolunu seçirlər. Məddahlığı, yalanı öz həyat tərzlərinə çevirirlər. Nə vaxtsa etdikləri kiçik bir hərəkəti, şişirdərək Vətənə, dövlətə xidmət kimi qələmə verirlər. Təəsüf ki, bir çox hallarda belələri irəli çəkilir. Halbuki insan, xüsusən də ziyalı, şəxsi maraqlardan uzaq olmalı, hər zaman həqiqətin yanında olmalı, doğru bildiyi yolda qətiyyətli addımlar atmağı bacarmalıdır. Məsələn, mən özümlə bağlı bir epizodu qeyd etmək istəyirəm. Hansı ki, bunu böyük qəhrəmanlıq hesab etmirəm, öz vətəndaşlıq borcum sayıram. Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə onu səmimi qəlbdən ilk təbrik edənlərdən biri mən olmuşam. Sonrakı dövrlərdə də bir sıravi professor kimi, bir vətəndaş kimi Ulu Öndərin Azərbaycanda həyata keçirdiyi işləri dəstəkləmişəm, bunu təbliğ edənlərdən biri olmuşam. Hətta buna görə təltif də edilmişəm. 23 sentyabr 1971-ci ildə - Ulu Öndər hakimiyyətə gələndə 2 il sonra, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən, mənə “Uzun illər təbliğat işi apardığına görə Fəxri Fərman” verilib. H.Əliyev Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvlüyünə namizəd olanda da, Siyasi Büroya üzv seçiləndə də, 1-ci və 2-ci dəfə Sosialist Əməyi Qəhrəmanı adı ilə təltif olunanda da, SSRİ Nazirlər Sovetinin rəhbərinin birinci müavini təyin ediləndə də onu qəlbən təbrik etmişəm və xoş arzularımı bildirmişəm. Ulu Öndərə göndərdiyim bütün teleqramlarımın cavabında yazılıb ki, təyinatı üzrə çatmışdır. Bunları mən bir vətəndaş kimi etmişəm, nə o zaman hər hansı bir başqa niyyət güdmüşəm, nə də indi də...

Ulu Öndər yenidən Azərbaycana dönəndə də onu dəstəkləyənlərdən olmuşam. Qəza nəticəsində dünyasını dəyişən oğlum Fərid Quliyevə 1993-cü ildə dostlarının biri zəng eləyib, Ulu Öndəri müşaiyət etməyə dəvət etmişdi. Oğlum məndən soruşdu ki, gedim yoxsa getməyim? O vaxtlar hakimiyyətdə başqa qüvvələr olduğundan, gedərsə, mənə ziyanı dəyə biləcəyindən ehtiyatlanırdı. Dedim ki, get müşaiyət et. Mən bunu yalnız Heydər Əliyevə olan məhəbbətimə görə yox, obyektivlik xatirinə elədim. Çünki obyektivlik, düzgünlük mənim üçün həyat prinsipidir. Ölümdən başqa onu məndən heç bir qüvvə qopara bilməz...

Yeri gəlmişkən, həmin vaxtlar oğlumun mənə söylədiyi bir əhvalatı xatırladım. O zamanlar-1993-cü ilin yanvar-fevral aylarında Nərimanov metrosunun yaxınlığında Elmi Tədqiqat İnstuitunda YAP-ın tez-tez iclası keçirilərdi. Oğlum Fərid deyirdi ki, H.Əliyev daim onu müşaiyət edən adamlarla, o cümlədən onunla görüşər, hal-əhval tutardı. Bir dəfə iclasda Murtuz Ələsgərov oğlumdan kimin övladı olduğunu soruşub. Mənim oğlum olduğunu bildikdə, Murtuz Ələsgərov Fəridi qucaqlayıb öpüb və mənə salam göndərmişdi. Rəhmətlik Murtuz müəllimlə biz bir-birimizi yaxşı tanıyırdıq. Elmi konfraslarda, eyni zamanda televiziyada – Aztv-də tez tez görüşərdik. Səmimi söhbətlərimiz olardı. O və dostum, rəhmətlik Seyfəddin Qəndilov çox savadlı, beynəlxalq icmalçılar idi. Qayıdıram, sözümün canına.

Mən o zaman H.Əliyevin Siyasi Büroda olmasına onun Azərbaycana, ölkənin gələcəyinə verə biləcəyi böyük xidmətlərə görə sevinirdim. Çünki onun nə qədər böyük potensiala malik bir şəxsiyyət olduğunu bilirdim. H.Əliyev, əslinə qalanda, Qorbaçovdan əvvəl SSRİ-nin rəhbəri ola bilərdi. Onu rəhbər seçsəydilər, hətta bəlkə, indi də SSRİ qalırdı...Qeyd etdiyim kimi, H.Əliyevi hər bir vəzifənin öhdəsindən gələ biləcək potensiala malik idi. Mən də məhz buna görə onun yenidən Azərbaycanın rəhbərliyinə qayıtmasına səmimi şəkildə sevinənlərdən, dəstəkləyənlərdən olmuşam. Ancaq heç bir zaman bunu elan etməmişəm, şəxsi qazanc əldə etmək üçün bunu əlimdə bayraq etməmişəm.

Bütün bunları sadalamaqda mənim məqsədim odur ki, vəzifəyə görə, var-dövlətə görə, insan öz şəxsiyyətini alçaltmamalıdır. Doğma Vətənimizi məhz Vətənimiz olduğu üçün sevməliyik. Mən heç də kimisə öz fikrimə dəvət etmək istəmirəm. Kiməsə etalon olmaq fikrində də deyiləm. Yəqin ki, mənim də nöqsanlarım vardır. Ancaq qeyd edim ki, mənim nöqsanım olubsa da, bu mənim ziyanıma olub. Məsələn, bir hadisəni yada salım. Qarabağ problemində erməni separtçılarının tərəfini saxladığı üçün Qorbaçova sərt məktublar yazırdım. O vaxt Dövlət Təhlükəsizliyi Komitəsinin sədrinin köməkçisi evimə zəng edərək Komitə sədri Vaqif Hüseynovun mənimlə danışmaq istədiyini söylədi. Razılaşdım. Gördüm ki, Vaqif Hüseynov mənimlə sərt danışmaq istəyir. BDU-da “Jurnalistika” fakultəsində oxuduğu zaman ona “İqtidisadiyyat”dan dərs deməyimi yadına saldım. Bundan sonra mənimlə mehriban danışmağa başladı. Dedi ki, mən də sizin kimi Qarabağı sevirəm, lakin Qorbaçova təhqiramiz teleqramlar göndərmək olmaz. Xahiş etdi ki, DTK-ya gəlib izahat yazım. Mən imtina etdim. Dedim ki, Qorbaçov özü məni qəbul etsin, sözlərimi onun üzünə deyim. Bunları söyləməkdə məqsədim odur ki, Vətəni sevirsənsə, bunu əməlində də göstərməlisən. Nəyəsə görə və ya nədənsə, kimdənsə qorxaraq ölkənin üzləşdiyi problemlərə laqeyd yanaşan insanın Vətən sevgisi də, məncə, şübhəlidir... Respublikamızda mənə də qarşı az haqsızlıq olmayıb. Lazım olsa bunları da açıqlaya bilərəm. Buna baxmayaraq, mən hər zaman ilk növbədə Vətənimə xidmət haqqında fikirləşmişəm. Vətən sevgisinin arxasında hansısa məqsəd dayanmalı deyil. Bəlkə də, mənim dediklərimi də səhv başa düşəcəklər. Respublikamızda qəbul olunmuş xoşagəlməz ənənələrə, psixologiyaya görə, bəzi adamlarda belə təsəvvür yarana bilər ki, professorun, necə deyərlər, “yuxarlardan bir umacağı vardır”, ona görə indi bu fikirləri söyləyir. Əsla belə deyildir. Mənim, bəlkə də, 1 il, bəlkə də, daha az ömrüm qalıb. Artıq 84 yaşım var. Bundan sonra mənə heç bir şey lazım deyildir. Mən qürurumu, mənliyimi bütün adlardan üstün tuturam. Sadəcə demək istəyirəm ki, hər kəsə şəxsiyyətinə, xidmətlərinə görə, qiymət verilməlidir. Kiminsə adamı və ya pulu olmadığı üçün ona biganə münasibət göstərmək doğru deyil. Belə meyllər bizi uçuruma apara bilər.

- Professor, Siz dövlətin güclənməsi, iqtisadi qüdrətinin artması üçün insanlarımızda iqtisadi vətənpərvərliyin olmasını zəruri hesab edirsiniz. İqtisadi vətənpərvərlik deyəndə nəyi nəzərdə tutursunuz?

- Mən iqtisadi vətənpərvərliyi müasir dövrdə vətənpərvərliyin ən yüksək formalarından biri hesab edirəm. Düzdür, hərbi vətənpərvərlik hər bir dövlət, o cümlədən də bizim üçün son dərəcədə prioritet sahədir. Yeri gəlmişkən qeyd edim ki, müdafiə naziri Zakir Həsənov ən vətənpərvər nazirimizdir. Kaş əvvəlkilər də onun kimi olaydı. Ancaq iqtisadi vətənpərvərlik də əhəmiyyətlidir. İqtisadi vətənpərvərlik hərbi potensialın, demoqrafik təhlükəsizliyin, insanların həyat tərzinin və digər məsələlərin uğurlu həllinin əsasında durur. Bu mənada iqtisadiyyatla iqtisadi vətənpərvərlik arasında birbaşa və ayrılmaz əlaqə vardır. İqtisadi vətənpərvərlik həm də iqtisadi təhlükəsizliyin əsasında dayanır. Ancaq iqtisadi vətənpərvərlik heç də bəzi super dövlətlər kimi, başqa ölkələrin iqtisadi imkanlarını ələ keçirmək deyil. Təəssüf ki, bu gün dünyada çox ziddiyyətli proseslər gedir, ticarət müharibələri başlamış və kəskin halda davam edir. Super dövlətlər başqalarının sərvətlərini ələ keçirmək, necə deyərlər, onları intensiv qamarlamaq mövqeyindən çıxış edirlər. Bəzi ölkələrdə iqtisadçılar buna iqtisadi eqoizm adı verirlər. Hətta buna iqtisadi dinamikanın, iqtisadi inkişafın bir amili kimi baxırlar. Əlbəttə, başqasının sərvətlərini qarmaqlamaq, ələ keçirmək, doğrudan da, onların iqtisadi artımına təsir edir. Lakin bu artım quldurluq yolu ilə əldə edildiyindən, doğru hesab oluna bilməz Bu cür hallar dövlətlər arasında qarşıdurmalara gətirib çıxara bilər. Təsadüfi deyil ki, Amerika ilə Avropa Birliyi ölkələri arasında artıq ziddiyətlər başlamışdır. Qeyd edim ki, Avropa Birliyi ölkələri ilə ABŞ-ın dünya ümumdaxili məhsul istesalındakı payı 46,2 faizdir. Dünya əmtəə ticarətinin 1/3 hissəsindən çoxu, dünya xidmət ticarətinin 50 faizindən, dünya xidmət idxalının 47 faizindən, dünya əmtəə ixracının 35 faizindən artığı, dünya investisiya yığınının 57 faizə yaxını Avropa Birliyi ölkələri ilə ABŞ-ın payına düşür.

Yəni, ABŞ-la Avropa Birliyi ölkələri arasında ziddiyətlər dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər. Hansı ki, artıq bu ziddiyətlər özünü göstərir. Məsələn, ticari fəaliyyətlə, vergi siyasətiylə əlaqədar, kvotalaşdırma, antidempinq, maliyyə xidmətləri, valyuta məzənnəsi və sairlə bağlı Avropa Birliyi ABŞ-a 32 iddia, ABŞ isə Avropa Birliyinə 19 iddia qaldırmışdır. Bütün bunları deməkdə məqsədim odur ki, hər bir dövlətin özünün iqtisadi vətənpərvərliyinə həssaslıqla yanaşmaları, milli iqtisadi suverenliyini qorumalıdır. Ancaq bu zaman ifrata varmaq, başqalarının sərvətinə əl uzatmaq da doğru deyil. Bizim nə başqalarının sərvətində gözümüz var, nə də hansısa ölkənin sərvətini ələ keçirmək imkanımız. Ona görə də biz iqtisadi vətənpərvərliyə öz sərvətlərimizi qorumaq, milli iqtisadiyyatı inkişaf etdirmək baxımından yanaşmalıyıq. Nəzərə almalıyıq ki, vətənpərvərlik hisslərini neytrallaşdırılması üçün bir çox ölkələr hərbi kəşfiyyatlarla yanaşı, iqtisadi kəşfiyyatla məşğul olurlar. Kiçik ölkələrdə yerli istehsalın, iqtisadiyyatın inkişafına maneə olmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Ona görə də hər bir milli dövlət bu cəhəti hər an diqqət mərkəzində saxlamalıdır. İqtisadiyyatını xarici müdaxilələrdən qorumalıdır. Nə üçün mən əvvələr qeyd etdim ki, iqtisadi eqoizmi mənfi hal kimi qiymətləndirirəm. Çünki bu məsələyə super dövlətlərin yanaşması qlobal səviyyədə bəzi problemlər yaradır. Ayrı-ayrı milli dövlətlərin, xüsusi olaraq, necə deyərlər, gedonik insanlar və insanlar qrupunun yanaşması başqa bir istiqamətli mənfi nəticələrə, fəsadlara səbəb olur. Məsələn, elə adamlar var ki, (mən burada alçala-alçala ucalan adamları nəzərdə tuturam) onların həyat tərzi yalnız gedonik xarakter daşıyır. Bəzən gedonik həyat tərzinin fəlsəfi mənada həyatdan zövq, ləzzət almaq, loru dildə desək kefkom olmaq mənasında işlədilər. Təəsüf ki, bəzi adamlar da xoşbəxtlik deyəndə, məhz belə həyatı başa düşürlər. Sərvət artdıqca belə adamlar özünü daha çox xoşbəxt hesab etməyə başlayırlar. Bəzi adamlar isə özü üçün gedonik etalon məhdudiyyəti qoyur. Bu ağıllı adamlara aiddir. Çünki ağıllı adam başa düşür ki, gedonikliyin paradoksluğu, daxili ziddiyəti və onun pis nəticələri də ola bilir. Bəziləri isə gedonik hislərini intensivləşdirməyi özünün böyük uğuru hesab edir. Onu həyatının mənası hesab edir. Məsələn, deyək ki, ayda 10-20 milyon dollar gəliri ola, 40-50 milyon dollar sərvəti olan bəzi adamlar əlavə gəlir üçün dəridən-qabıqdan çıxırlar. Tibbdə belə adamlar pataloji adamlar hesab edilir. Ağılca zəif insanlar sayılır. Psixologiyada isə belə adamlar ümumi inkişafı məhdud insanlar kimi qiymətləndirilir. Bəzi ədəbiyyatlarda buna sadəcə hobbi kimi yanaşılır. Lakin nəzərə almaq lazımdır ki, iqtisadi vətənpərvərlik prinsiplərinin pozulması hobbiçilik sayıla bilməz. Əgər bu prinsip pozulursa, onun arxasında duran dəyərlər, ən başlıçası Allahın buyurduğu halallıq prinsipi pozular. Həmçinin insanın özünün şəxsiyyətinə, imicinə xələl gələr və s. Çalışaq ki, bu cür halların zərərindən uzaqlaşaq. Mən bir neçə vaxt bundan qabaq “Stop” (dayan) konsepsiyası haqqında düşünürdüm və özüm üçün, necə deyərlər, müəyyən cızma-qara etdim. Belə qərara aldım ki, bu “Stop” konsepsiyasının əhəmiyyəti birinci növbədə gedonik xarakterli insanların özünə sərfəlidir. Yəni, nə qədər “yeyiblərsə” elə oradaca dayanmalıdırlar. Çünki dayanmayanda, necə deyərlər, gözü yumulu gedəndə onun nəticələri birinci növbədə özlərinə ziyan gətirə bilər. Göründüyü kimi, doğrudan da, gedoniklik istər praktiki baxımdan, istərsə də sosioloji, psixoloji, tibbi (patoloji), genetik, fəlsəfi və ən başlıcası iqtisadi problemlərlə bağlıdır. Və bunlar vasitəsiylə gedonik davranışların, təsəvvürlərin sintez şəkildə öyrənilməsinin böyük əhəmiyyəti var.

- Sizin eyni zamanda iqtisadi imkanlılıq qanunu haqda da fikirləriniz var. Bu barədə nə deyə bilərsiniz?

- İqtisadi qanunlar obyektiv qanunlardır. İqtisadiyyat haqqında qanunlar isə adından da bəlli olduğu kimi, iqtisadi qanun deyildir. Bunlar iqtisadiyyat haqqında, təsərrüfatçılıq haqqında qanunlardır. Bununla belə iqtisadiyyat haqqında olan qanunlar iqtisadi qanunların məzmununa adekvat olmalıdır. Burada bu prinsip pozularsa və ya kənarlaşmalar çox olarsa da, real həyatla qanunlar arasındakı ziddiyyətlər bir o qədər də çox olar. Yeri gəlmişkən deyim ki, indiyənə kimi dəyər qanunu, tələb-təklif qanunu, proporsionallıq qanunu və digər qanunlar arasında inteqrativ əlaqələr kifayət gədər öyrənilməmişdir. Və yaxud beynəlxaq maliyyə, ticarət təşkilatları bu qanunların tələblərini məqsədli şəkildə öz ölkələrinin, şirkətlərinin mənafelərinə uyğun olaraq pozmuşlar. Mənim fikrimcə, ən yüksək səviyyədə əməl olunması zəruri olan qanunlardan biri də iqtisadi imkanlılıq qanunudur. Düzdür, iqtisadi ədəbiyyatlarda belə bir ifadə yoxdur. Bu qanunu mən 50 il bundan qabaq, 1968-ci ildə doktorluq dissertasiyamda və dissertasiyamın avtoreferatında vermişəm. Lakin bir çox dərsliklər, monoqrafiyalar yazdığımdan, bu fikri inkişaf etdirə bilməmişəm. Qəribə də olsa, iqtisadi imkanlılıq qanunu məndə ilk baxışdan sadə görsənən bir Azərbaycan xalq misalı əsasında formalaşıb: “Ayağını yorğanına görə uzat”.

Mən sual verirəm, doğurdanmı, hər bir insan, hər bir ailə, hər bir hüquqi şəxs, hər bir dövlət ayağını yorğanına görə uzadır? Təcrübə və bəzən də ürək bulandırıcı acı təcrübə göstərir ki, biz ayağımızı yorğanımıza görə uzatmırıq. Bu da çoxsaylı fəsadlar verir. Mən buna birinci növbədə ailə büdcəsi baxımından, ailənin iqtisadi sosiologiyası və psixologiyası baxımından yanaşıram. Məsələn, elə ailələr var ki, maddi cəhətdən məhdudiyyət içində yaşayr, başqası kimi 50 minlik, 100 minlik maşın almaq istəyir. Və yaxud qazancı imkan vermədiyi halda kreditə, borca girərək son dərəcədə zəruri olmayan zinət əşyaları alır. Sonra da kreditlərini ödəyə bilmir, çətin vəziyyətə düşür. Nəticədə ailələr dağlır, boşanmalar, intiharlar və s baş verir. Mən əməyin iqtisadiyyatı üzrə professor olduğumdan bunu çox dərindən başa düşür, belə halların baş verməsindən təəssüflənirəm. Ancaq təəssüf ki, belə hallar azalmaq əvəzinə çoxalır. Bu da insanların imkanlarını düzgün qiymətləndirə bilməməsindən irəli gəlir.

Eyni zamanda iqtisadi imkanlılıq qanununun əhatə dairəsi dövlət büdcəsinin səviyyəli problemlərini də əhatə edir. Çünki büdcə gəlirləri formalaşarkən, iqtisadi sahələr üzrə vergi yükü müəyyən olunarkən, həmçinin büdcə xərcləri idarə olunarkən, milli gəlirin ilkin və yenidən bölüşdürülməsi zamanı, büdcələr arası transferlər baş verərkən, qeyri-vergi gəlirlərinin həcmi təyin olunarkən, hətta milli valyutanın məzənnəsi müəyyənləşdirilərkən, investisiya proqramı tərtib edilərkən bu qanununun tələbləri nəzərə alınmalıdır. Həmçinin istehlak fondu müəyyənləşdirilərkən və digər iqtisadi layihələr həyata keçirilərkən, ölkənin real potensialı nəzərə alınmalıdır. Ümumiyyətlə, burada riyaziyyat, qibernetika baxımından müəyyən məhdudlaşdırıcı əmsallardan, modellərdən, hətta konsepsiyalardan istifadə etmək lazımdır. Bu qanuna əməl edilməsi yalnız resursların məhdudluğu, resursların optimal bölüşdürülməsi baxımından deyil, həm də düzgün iqtisadi siyasətin aparılması üçün son dərəcədə vacibdir. Belə siyasətin əksi subyektivizm və volyuntarizm ola bilər.

- Tofiq müəllim, Siz bəzən elminizə lazımı qiymət verilmədiyini bildirirsiniz. Bunu necə başa düşmək olar? Bildiyimizə görə, Əməkdar Elm Xadimisiniz, Şöhrət ordeni ilə təltif edilmisiniz və sair.

- Mən heç vaxt əsassız söz danışmamışam. Bu mənim təbiətimə ziddir. İlk baxışda Sizin dediyiniz doğrudur. Bəli, mən Əməkdar Elm Xadimiyəm, Şöhrət ordeni ilə təltif edilmişəm, Əmək veteranıyam. Amma bunlar elə şəraitdə baş verib ki, bəlkə, olmaması daha yaxşı idi. Məsələn, mənə Əməkdar Elm xadimi adı Ayaz Mütəllibov respublikaya rəhbərlik edərkən, onun sərəncamı ilə verilib. Mən hər zaman Ayaz Mütəllibova hörmətlə yanaşmışam. Onun bəzi fikirləri ilə mənim düşüncələrim üst-üstə düşürdü. Xüsusən, Qarabağ probleminin həllində Rusiya faktorunun nəzərə alınması ilə bağlı. Lakin buna baxmayaraq, Xalq Təssərrüfatı İnstitutunun o vaxtkı rektorunun Mütəllbova mənimlə bağlı təqdimatı aylarla uzandı. Mən də Mütəllibova məktub yazaraq xahiş etdim ki, mənə Əməkdar Elm Xadimi adı verilməsi məsələsini gündəlikdən çıxarsınlar. Bundan xəbər tutan rektor Fuad Ələsgərov məndə olan məlumata görə, A.Mütəllibova deyib ki, əgər T. Quliyevə Əməkdar elm xadimi adı verilməzsə, ona da bu ad verilməsin. Fuad Ələsgərovun bu mərdliyi olmasa idi, bəlkə də, mənə Əməkdar elm xadimi adı da verilməyəcəkdi...

Şöhrət ordeni ilə təltif olunmağıma görə isə, Ulu öndər Heydər Əliyevə və İqtisad Universitetinin o vaxtkı rektoru Əli Abbasova minnətdaram. İqtisad Universitetinin 70 illik yubileyi ilə əlaqədar Ulu Öndərin imzaladığı Sərəncamla mən də Şöhrət ordeni ilə təltif edildim. O vaxt Prezident Adminstrasiyasının İşlər İdarəsinin müdiri işləyən Akif Muradverdiyev bildirdmişdi ki, Heydər Əliyev öz xətti ilə mənim adımın qabağından “Şöhrət ordeni ilə təltif edilsin” yazıb. Bu mənə, əlbətttə, çox xoş oldu. Muradverdiyevdən bunun səbəbini soruşduqda, dedi ki, “məgər siz elə-belə alimsiniz, bütün postsovet məkanında tanınırsınız?”. Bir alim üçün elminə qiymət verilməsindən böyük mükafat ola bilməz. Yeri gəlmişkən, qeyd edim ki, İqtisad Universitetinin 70 illik yubileyi ilə əlaqədar tədbirdə Ulu Öndər çox məzmunlu çıxış etdi. Dedi ki, bütün dünya ölkələrinin iqtisadi modellərini, konsepsiyalarını dərindən öyrənməliyik və bizə uyğun olanlarını tətbiq etməliyik. Doğrudanda da, bizim düzgün qərar verməyimiz üçün dünya ölkələrinin iqtisadi modellərinin, konsepsiyalarının pozitiv və neqativ tərəflərini öyrənməyimiz vacibdir. Çünki bəzən Qərb alimləri bilərəkdən başqa ölkələrə özlərinin dağıdıcı, lüzumsuz konsepsiyalarını sırımağa çalışırlar. Bununla da həmin ölkələrin iqtisadiyyatını çökdürmək, daim asılı vəziyyətdə saxlamağa çalışırlar. Buna görə, həqiqətən, iqtisadi modelləri, konsepsiyaları seçərkən diqqətlli olmaq lazımdır. Qayıdıram sualınıza.

Həqiqətən də, qarşılaşdığım bəzi epizodlar var ki, məndə çox təəssüf hissləri oyadır, məni bir alim kimi incidir. Ona görə yox ki, əldə etdiyim titullar mənə kifayət etmir, necə deyərlər, “titul acıyam”. Yox, əsla belə deyil. Bunu deyəcəyim bəzi acı həqiqətlər də sübut edir. 1989-cu ildə Ziyad Səmədzadə, Asəf Nadirov və mən Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvlüyünə ərizə vermişdik. O zaman Ziyad Səmədzadə və Asəf Nadirov Akademiyanın müxbir üzvləri idi, mən isə yox. Lakin mövcud qaydalara görə, hər bir alim Elmlər Akademiyasının həqiqi üzvlüyünə ərizə verə bilərdi. O vaxt biz SSRİ-nin tərkibində olduğumuzdan, bütün namizədlərin qovluqları Moskvaya gedirdi. Təbii ki, bizim də qovluqlarımız Moskvaya göndərilmişdi. Bir neçə aydan sonra mənə xəbər verildi ki, SSRİ Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinə göndərdiyi məktubda həqiqi üzvlükdə mənə üstünlük verilməsini tövsiyyə etmişdir. Bu, əlbəttə, mənim elmimə Moskvada verilən qiymət idi. Mən Bakıda da bunun nəzərə alınacağını gözləyirdim. Ancaq mənə dedilər ki, kimi istəyirlər, onu da seçəcəklər. Elə də oldu. O vaxt Akademiyanın prezidenti Eldar Salayev idi. İstədim onun yanına gedim, dedilər mənası yoxdu. Mən də titul acı olmadığım üçün bunun üzərində çox dayanmadım. Halbuki, bunun üzərinə düşə, haqqımı tələb edə bilərdim. Çünki mənə bildirmişdilər ki, Moskvanın tövsiyyəsi Bakıda mütləq nəzərə alınmalı idi. Yəni, sadəcə tövsiyyə deyildi. Ancaq buna bazxmayaraq mən məsələni böyütmədim. Nə də bu hadisədən depressiyaya düşmədim. Daha çox işləməyə, kitablar, monoqrafiyalar yazmağa başladım. Bu gün kitablarım 40-dan artıq ölkənin Universitetlərinin, o cümlədən Harvard universitetinin kitabxanasında oxunur. Mənim hansı səviyyədə bir alim olduğumu dünyanın çox yerində bilirlər. Elə Ziyad Səmədzadə və Asəf Nadirov da mətbuatdakı çıxışlarında mənim keçməməyimə təəssüf etmişdilər. Ancaq bu, əlbəttə, nəticəni dəyişmədi. Mən də o vaxtdan Elmlər Akademiyasına üzvlük üçün ərizə verməkdən imtina etdim. Hətta bir dəfə rəhmətlik Aqil Əliyev də məndən Elmlər Akademiyasına üzvlük üçün müraciət etməməyimin səbəbini soruşmuşdu. Mən də təşəkkür edərək, bu haqda düşünmədiyimi söyləmişdim.

Ancaq bir gün o vaxtlar “İqtisadi Nəzəriyyə” kafedrasının müdiri olan, mərhum professor, mənim dostum Məmmədhəsən Meybullayev dedi ki, akademik Həsən Əliyev mətbuatda mənim mənafelər probleminə dair məqaləmi çox yüksək dəyərləndirib. Həmin kafedranın üzvü Kəmənd Mustafayevin sözlərinə görə, Həsən Əliyev məqaləni oxuduqdan sonra bildirib ki, Tofiq Quliyev akademik adına layiq alimdir. Buna görə, mən qərarımı dəyişdim və Elmlər Akademiyasına müxbir üzvlük seçkisində iştirak etmək üçün ərizə verdim. O zaman iqtisadiyyat üzrə müxbir üzvlüyə 3 yer ayrılmışdı. Səsvermədən sonra isə qərara almışdılar ki, 5-ə çatdırsınlar. Ancaq buna baxmayaraq, mənim adım yenə seçilənlər arasında olmadı. Sonradan bildim ki, mən üzvlük üçün lazımi səs almışam. Ancaq bir nəfər akademikin təkidi ilə protokol dəyişdirilib. Bu da, əlbəttə, məni düşündürür və üzür. Niyə mənim elmi fəaliyyətimə kənarda çox yüksək qiymət verildiyi halda, öz ölkəmdə belə haqsızlıqlarla qarşılaşıram? Yenə deyirəm, bu fikirləri səsləndirməkdə məqsədim nəyəsə iddia etmək deyil. Necə deyərlər, artıq qatar gedib. Sadəcə ictimaiyyətin nəzərinə çatdırıram ki, başqa millətlərin nümayəndələri mənə üstünlük verdiyi halda, doğma vətənimdə bəzi adamların, necə deyərlər, Allahsız mövqe tutması Elmlər Akademiyasına üzv seçilməyimə imkan vermədi. Mənim də narazılığım özümlə bağlı deyil, elmi adların verilməsində bəzən yol verilən haqsızlıqlarla bağlıdır. Belə haqsızlıqlar nə vaxta qədər davam edəcəkdir? Bu elmimizə çox mənfi təsir edən bir haldır. Mən düşünürəm ki, elmi adlar kimlər tərəfindənsə alimlərə sanki hədiyyə kimi verilməli deyil. Bu adları layiq olanlar, həqiqi elm adamları almalıdır.

İ.İsmayılbəyli

AzPolitika.info

 

635x100

Şərhlər

Ceyhun 2018-11-06 15:31:20

Professorun fikirlərindən həyattlarını pul yığmağa həsr edən insanlar dərs çıxarmalıdırlar. Son günlər baş verənlər göstərir ki, ziyalıların da arasında var-dövlət hərisi olanlar çoxdur.

Adil 2018-11-06 15:31:20

Tofiq müəəlimin dedikləri indi daha çox aktualdır. Xüsusilə gedoniklik insanlarla bağlı fikirləri. Belə insanlarda həqiqətən vətənpərvərlik olmaır.

Tofiq müəllimə 2018-11-06 15:31:20

Tofiq müəllim insanın alçalmaq həvəsi nədən və niyə yaranıb? İctimai quruluşun yaramazlığından,idarə üslub-idarənin düz qurulmamasından,insanın xarakterindən,yaşam şəraitindən yoxsa hadisələrin faktiki vəziyyətindən?

Baxışın nəvəsi 2018-11-06 15:31:20

Əziz qohumum Tofiq müəllimə salam olsun!

TƏBRİZ 2018-11-06 15:31:20

ÖLKDƏ UCAlMAĞIN ƏSAS YOLU MƏDDAHLIQDIR. BAŞQA YOLLAR MƏŞƏQQƏTLİDİR. ONA GÖRƏ ÇOXLARI ALÇALMAĞI SEÇİR

A. Səfərov 2018-11-06 15:31:20

Professor T. Quliyev akademik adına layiq azsaylı alimləimizdəndir. Qoy bu dı ona verməyənlər utansın.

Adəm 2018-11-06 15:31:20

Tofiq müəllim həmişə düz danışan olub. Düzə isə Azərbaycanda yer yoxdur

EJDER 2018-11-06 15:31:20

SIZ 84 YAŞLI ALIM OLMAYAN ŞEYI AZERBAYCANDA AXTARIRSINIZ.ALLAH SIZE CAN SAQLIQI VERSIN.SAĞLIĞINDA QIYMET VERILMƏLİDİR INSANLARA

ayzek 2018-11-06 15:31:20

Professor, bir çoxları üçün qarın həəta Qurandan irəlidir.Onlar deyir ki, istəyirsən alçala-alçala yüksəl və ya yüksələ-yüksələ alçal-təki qarın tox olsun.Dünyadakı insanların heç 0.1%-i nəfsinin qabağında duruş gətirə bilmir.Utopik sosializm dövrünü çoxdan keçmişik.İndi ayrı zəmanədir.

Son yazılar