ÇİNİN UKRAYNADAKI QƏLƏBƏSİ - Analitika

ABŞ-ın ”Project Syndicate” analitik-informasiya portalı “Çinin Ukraynadakı qələbəsi” adlı maraqlı məqalə dərc edib. Məqalədə Ukrayna böhranına görə kəskinləşən Rusiya-Qərb münaqişəsindən Çinin öz xeyrinə istifadə etmək imkanlarından bəhs olunur. AzPolitika.info maraqlı məqalənin tərcüməsini təqdim edir:

"Keçən bütün dövrlər ərzində ABŞ və Rusiya arasındakı münasibətlər ümumi tarixi gedişin üzərində qurulub. Soyuq müharibə qurtardıqdan sonra Rusiya həm ABŞ və həm də ki, bütün qalan dünya üçün daha çox periferiya xarakterli ölkəyə dönmüşdü və onun keçmişdəki beynəlxalq əhəmiyyəti yalnız əski hadisələri xatırladırdı.

Mütləq qeyd etmək gərəkdir ki, Ukraynadakı vəziyyətlə əlaqədar ABŞ və Rusiya arasındakı konflikt qüvvələr arasındakı nisbətə görə, qeyri-bərabər sayılır. Rusiya dünya gücü deyil və heç buna iddia edə də bilməz. Sovet İttifaqından fərqli olaraq, Rusiyanın universal ideologiya daşıyıcısı yoxdur və bu ideologiya altında blok şəklində bir neçə dövləti də özünə müttəfiq kimi birləşdirməyib. İndi onun yalnız formal müttəfiqləri var.

Aydındır ki, ərazisinin bir hissəsi döyüş meydanına çevrilən Ukrayna üçün ABŞ-Rusiya qarşıdurması xüsusi əhəmiyyət daşıyır. Gələcəyin böyük Avropa dövləti olacaq Ukraynanın sərhədləri, siyası quruluşu və xarıcı əlaqələri böyük ölçüdə ABŞ və Rusiya arasındakı mübarizədən asılıdır.

Tam mənada Ukrayna ərazi baxımından vahid, demokratik, Avropa və Amerika ilə möhkəm bağlara malik və Qərbin geniş köməyi nəticəsində çiçəklənmiş bir ölkəyə çevrilə bilər. Ukraynanın ruslar üçün nümunə göstəriləcək bir diyara dönəcəyi mümkün variantdır. Ancaq başqa tərəfdən isə müxtəlif istiqamətlərə üz tutmuş “bir neçə” Ukraynanın olması da istisna deyil. Ukraynanın taleyi öz növbəsində digər Şərqi Avropa ölkələri və həmçinin Moldova və Gürcüstan üçün də xeyli mühümdür. Ukrayna kimi Avropa Birliyi ilə assosiasiya müqaviləsi imzalayan Moldova və Gürcüstan elə incə siyasət aparmalıdırlar ki, Rusiya ilə Qərbin arasındakı döyüş meydanına çevrilməsinlər. Rusiyanın Avrasiya İttifaqı üzrə əməkdaşları sayılan Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan da öz mövqelərini nominal “strateji” müttəfiqləri olan Rusiya ilə beynəlxalq siyasi-iqtisadi sistemin açarına malik ABŞ arasında çox diqqətlə ölçüb–biçməlidirlər.

Ukraynada nəyin baş veməsi Qərbi və Mərkəzi Avropa ölkələri üçün də önəmlidir. Avropa qitəsinin təhlükəsizliyinin gərgin səviyyəyə qalxması Avropa Birliyi ilə Rusiya arasındakı ticarətin səndələməsinə gətirib çıxaracaq. Avropa Birliyi ABŞ-ın təzyiqləri səbəbindən Rusiyadan daha az qaz və neft alacaq. Buna müvafiq olaraq ruslar da öz qərb qonşularının sənaye mallarını daha az idxal etməyə başlayacaqlar və Rusiya ilə Avropanın bir-birlərinə qarşı inamsızlığı daha da artacaq. Lissabondan Vladivastokadək olan geniş birlik arzusu demək olar ki, artıq dəfn olunub. Bunun əvəzinə isə ABŞ və AB transatlantik ticarət və investisiya əməkdaşlığının köməyi ilə yeni NATO çərçivəsində daha sıx birləşəcəklər. Yaponiyanın da həmçinin öz maraqları var. Rusiyaya qarşı sanksiyalara rəhbərlik edən Amerikaya qoşulan Yaponiya Çinin Asiyada güclənməsinin əleyhinədir. Cənubi Koreya da ABŞ-ın tələblərinə baş əyərək Rusiya ilə ticarətə məhdudiyyətlər gətirəcək. Rusiya münaqişəsi fonunda çox güman ki, Amerikanın Avropa və Asiya müttəfiqləri ilə münasibətlərindəki mövqeyi güclənəcək. Hətta Rusiyanın nisbi müttəfiqləri də Amerikaya tərəf boylanacaqlar. Rusların Latın Amerikasında vurnuxması və Yaxın Şərqdəki anklav formalı təsirlərinin isə heç bir mənası qalmayacaq.

Hal-hazırda ABŞ-ın təsir dairəsində olmayan bir istisna mövcuddur ki, bu da Çindir. Dünyanın qabaqcıl ölkələrindən Rusiya ilə iqtisadi əlaqələrini kəskin şəkildə kəsməyən ölkə də yalnız Çindir. İri iqtisadi ölkə kimi sanksiya tətbiq edənlərin içərisinə Çin daxil olmayıb. Bu isə Çinin Rusiya üçün vacibliyini artırır. Hadisələrin belə irəliləməsi Çinin Rusiyanın təbii resurslarına və hərbi texnika sahəsinə çıxış əldə etməsinə çox geniş yol açacaq .

Çin Amerikanın Rusiya strategiyasını öyrənərək, bundan özü üçün xeyir götürməyə çalışacaq. Ancaq Çin Rusiyanın həm ABŞ-ın təzyiqləri qarşısında əyilməsini, həm də güclü dünya dövləti olmasını istəmir. Ona Rusiyanın təbii resurslar bazasına malik, lakin strateji baxımdan geridə qalmış stabil ölkə kimi qalması sərf edir.

ABŞ-la qarşıdurmada Rusiyanın Çin tərəfindən müdafiə edilməsi dünyanın indiki vəziyyətinə bir yenilik gətirə bilər. Amma əksər ekspertlər bunu real ssenari hesab etmirlər. Ona görə ki, Rusiya Çin ilə ittifaqın nə qədər ağır olduğunu anlayır və hər hansı bir ideologiyadan və kimin liderliyindən asılı olmayaraq, Rusiya Avropa sayılır. Bəlkə də bu doğru fikir deyil. Rusların çox hörmətlə xatırladıqları böyük knyaz Aleksandr Nevskiy Qərb işğalçılarına qarşı müvəffəqiyyətlə mübarizə aparmaqla yanaşı, monqol xanlarına da sədaqətli olub.

Heç bir şübhə yoxdur ki, Rusiya Ukraynada törətdiklərinin hesabını ödəyəcək. Lakin ABŞ və onun müttəfiqləri üçün bir məsələ açıq qalır ki, bu da cəzalandırmanın digər xoşagəlməz nəticələr verə biləcəyi ehtimalının yüksək olmasıdır.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar