FAZİL MƏMMƏDOVUN BİZNES İMPERİYASI - Hotellər, zavodlar, marketlər, bazarlar...

Türkiyədə “müalicəsi bitməyən” sabiq nazir məhşər ayağına çəkilə, əmlakları əlindən alına bilər...

Xəbər verdiyimiz kimi, sabiq vergilər naziri Fazil Məmmədovun Gəncədəki obyektlərində təftiş başlayıb.  Ona məxsus Gəncə Beynəlxalq Xəstəxanasında aparılan yoxlamaların vergidən yayınma ilə bağlı olduğu bildirilir. İddia olunur ki, F.Məmmədov vəzifədə olarkən, ona məxsus xəstəxanada külli-miqdarda vergidən yayınmasına yol verilib.

Uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında qərarlaşan F.Məmmədovun böyük biznes imperiyası var. Yəni yoxlamalar onun hələ əyalətdəki “xırda” hesab olunan obyektlərindən başlayıb. F.Məmmədovun obyektlərində işdən çıxarılandan 11 ay sonra yoxlamalar başlaması təsadüfi sayılmır.  17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş F.Məmmədov həmin dövrdə vergi şəklində yığılan 4 milyard manata yaxın vəsaitin büdcədən yayındırılaraq ofşorlara yönləndirildiyi barədə  xəbərlər var. Ümumilikdə isə sabiq nazirin 15 milyarda yaxın vəsaiti qamarladığı xəbərləri yayılıb və bu günə qədər təkzib olunmayıb.

Vəzifədən çıxarılandan sonra səhhəti qəfil pisləşən nazirin əvvəlcə özünün Gəncədəki xəstəxanasında, ardından isə Türkiyədə müalicə olunması xəbərləri yayıldı. Yayılan son xəbərlərdə isə nazirin xəstəliyinin “son dərəcə şişirdildiyi” qeyd olunur. Fazil Məmmədovun “səhhəti ağırdır” xəbərlərini məqsədli yaymaqla nazir vəzifəsində çalışdığı 17 ildə ələ keçirdiyi sərvətləri qorumağa çalışır.

Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları var. Təsadüfi deyil ki, Fazil Məmmədovun fəaliyyətini ucqarlardan - onun qeyri-rəsmi qubernatorluğuna daxil olan Şəmkir və Gədəbəydə araşdırmağa başlayıblar. İlkin yoxlamalarla müəyyən olunub ki, Fazil Məmmədovun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda 5 il əvvəl salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinib. Faktiki isə parkda görülən işlərin dəyəri 83 milyon manatdan da az olub. Bundan başqa məlum olub ki, 2010-cu ildə ölkə rəhbərliyinin iştirakı ilə açılışı baş tutan Gədəbəy rayonunun yeganə stadionunu Fazil Məmmədov 2015-ci ildə özününküləşdirlib.

Fazil Məmmədov ile ilgili görsel sonucu

Sovet dövründə inşa olunan, 2010-cu ildə əsaslı təmir olunmuş stadion bir gecənin içində rayon sakinlərinin üzünə qapadılıb. Sonrakı müddətdə isə Fazil Məmmədovun kadrı olan keçmiş icra başçısı Ramiz Yediyarovun rəhbərliyi ilə stadionun meydançası darmadağın edilib. Stadiona 2010-cu ildə dövlət büdcəsindən ayrılan milyonlar da hədər gedib.

Böyük pul kütlələrinin büdcədən yayındırılaraq ofşorlara yönləndirilməsində sabiq nazirin yaxın qohumu olan Binəqədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun da adı keçir. Fazil Məmmədov Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır.

Kiyevdəki  “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur.  Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır.

Fazil Məmmədovun mülkləri ile ilgili görsel sonucu

Azərbaycanda vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı F.Məmmədovun kurasiyasında idi. Rayonda Narzan adlanan istirahət zonasındakı istirahət mərkəzi, “Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı.

Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılmışdı. Məlum olmuşdu ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri özgəninkiləşdirməklə əlindən çıxarılmasını önləmək istəyir. Onun Şəmkirdəki mal-mülkü isə bir deyil, iki deyil. Şəmkirin girişindəki “Şəmkir səbəti” adlı hipermarketdən tutmuş, rayonun Sabirkənd kəndi ərazisindəki saysız-hesabsız istixanalara qədər gəlir gətirən hansı sahə varsa, ora sabiq nazirin olub.

“Şəmkir səbəti” ile ilgili görsel sonucu

Sabirkəndə yan-yana 200-ə yaxın istixanada Fazil Məmmədovun adamları əsasən “kitayski roza” əkdirir və xaricə daşıtdıraraq satdırırdılar. Bakıda  “kitayski roza”nın ən ucuzu 2 manatdır. Keçmiş nazir “Şəmkir-Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətini qardaşı Vaqif Məmmədovun adına rəsmiləşdirib. Zəyəm qəsəbəsində yerləşən, sovet dövründə “Bakı avtomobil ehtiyat hissələri” zavodunun filialı kimi fəaliyyət göstərən zavod da Fazil Məmmədovun olub. Adı “Zəyəmkəndmaş”a dəyişdirlən zavodda Fazil Məmmədovun istixanaları üçün metal konstruksiyalar hazırlanıb.

Nazirə məxsus olduğu bildirilən daha bir obyekt - “Şəmkir Ət-süd” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Müəssisənin icraçı direktoru Fazil Məmmədovun qardaşı oğlu Tamerlan Məmmədovdur. Bundan başqa “Yalta Meşə Ailəvi İstirahət Mərkəzi” də Fazil Məmmədovun xeyir-duası ilə yaradılıb və eks-nazirin əmisi oğlu Kamal Məmmədovun adına rəsmiləşdirilərək işlədilib.

Fazil  Məmmədovun nazirliyi dövründə Şəmkir görkəmini dəyişib, müasirləşib. Amma görülən işlər rayonun bir çox sakinlərinə, xırda biznesmenlərə badalaq vurulması ilə nəticələnib. Torpaqları əllərindən alınıb, obyektləri, evləri sökülüb. Kompensasiya kimi isə qəpik-quruş ödənilib, etirazları qulaqardı olunub. Şəmkirə böyük paralar yatırdığından o, son illərə qədər bura kənar maliyyənin daxil olmasına da imkan verməyib. Qonşu  Gədəbəy rayonu ilə Şəmkir arasında yerləşən Yasamal dağında təxminən 30 hektarlıq bir ərazisi də sabiq nazirin aktivinə yazılır. Geniş meşə massivi olan ərazidə vaxtilə sakinlər istirahət edib. Günlərin birində isə Fazil Məmmədovun yolu bu ərazilərə düşüb və meşə massivi də Fazil Məmmədovun “ölçüsüz corab”a çevirilmiş biznesinin bir parçasına çevrilib.

Meşə massivini mənimsənilməsi daha çox narazılıqlara səbəb olsa da, bu, Fazil Məmmədova ərazidə imarət və ətrafında çoxsaylı villalar tikdirməyə mane olmayıb.  Beləcə “Yastı meşəsi” adlanan istirahət zonası da F.Məmmədovun saysız-hesabsız obyekti kimi fəaliyyətdə olub.  Xırda talalarla zəngin olan əsasən, meşələrin əhatə etdiyi Yasamal dağında çoxlu bulaqlar da var və insanlar daha çox həmin bulaqların başında süfrə qurub piknik etməyi sevirlər. F.Məmmədov isə “Yastı meşəsi” ilə bərabər bütün bu cür talaları, bulaqların hamısını zəbt edib.

Bu cür “xortumlama” sayəsində Fazil Məmmədov uzun illər ölkənin ən iri məmur oliqarxları sırasında ilk üçlükdə olub. Özü zənginləşib, dövlət büdcəsinə isə milyardlarla manat vergilər çatmayıb! İndi isə 1 ilə yaxındır ki, Fazil Məmmədov nazir deyil və onun üçün cavab vermək zamanı çatıb...(musavat.com)

Sabiq nazir məhz cavab verməmək,  daha doğrusu bu biznes imperiyasını qoruyub saxlamaq, başqalarına dövr etmkdən yayınmaq üçün 7 aydır ki, “xəstəlik teatrı” quraraq Türkiyədə qaldığı bildirilir.   Bu haqda məlumatı “AzPolitika.info”ya  bir mddət əvvəl Fazil Məmmədovun yaxın çevrəsi ilə ünsiyyətdə olan şəxslərdən biri vermişdi.

Bununla bağlı saytımızda yazı getdiyindən təkrarlamaq istəmirik. Ancaq xatıraladaq ki, məlumata görə, Fazil Məmmədov Bakıda rəsmi orqanlarda qarşılaşacağı bir çox sualları cavablandırmaqdan qaçmaq, həm də vergi adı ilə əvvəlcədən külli miqdarda pul ödətdirdiyi iş adamlarının tələblərindən yayınmaq üçün Türkiyədən "müalicəsini" bacardığı qədər uzatmağa çalışır.

"Sabiq vergilər naziri Fazil Məmmədovun səhhətində heç bir ciddi problem yoxdur. Durumunun ağır olması barədə məlumatlar özünün istəyi ilə yaxınları tərəfindən məqsədli şəkildə, qəsdən yayılır…” deyə bildirən mənbə sabiq nazirin 7 aydır ki, sağala bilməməsinin, hətta vaxtaşırı reanimasiyaya yerləşdirildiyi xəbərlərinin yayılmasının arxasında Fazil Məmmədovun Bakıya mümkün qədər gec dönmək niyyətinin dayanması ilə izah etmişdi.

Sabiq nazirin biznes imperiyasına dair məlumatlar bunun səbəbini müəyyən mənada başa düşməyə imkan verir. Görünür sabiq nazir bu əmlakların mümkün qədər çox hissəsini əlində saxlamağın yollarını axtarır. Tapacaqmı, zamn göstərəcək!

AzPolitika.info

 

635x100

Şərhlər

Dilis 2018-11-12 14:55:57

Bes niye fazilin qoyduqlari kadrlar temizlenmir! ? Ne gozleyirler?

Azərbaycan vətəndaşı 2018-11-12 14:55:57

Guya Fazil Məmmədov hakimiyyətdə olanda obyektlərinin olduğunu bilən yox idi.İndi başlamısəz yazmağa.Mən sadə bir vətəndaş olaraq bunu bilirdimsə,deməli dövlət rəhbərləri də biliblər.

Mirsahib 2018-11-12 14:55:57

Fazil Məmmədovun nə təqsiri var ki? Sistem çürükdür və bəzi gözüaçıqlar ondan istifadə edib.10-30 il bir yerdə bir insan nazir olanda,rüşvət və korrupsiyaya fikir verilməyəndə,qanun pozuntularına diqqət etməyəndə,qohumbazlıq etdiklərini görməyəndə, bir zümrənin hər yeri monopoliyaya alanda necə olmalıdır ki?Hələ bir demokratiya axtarırsınız? Tapılmayan şeyi axtarana ağıllı deyilir?

İlqar 2018-11-12 14:55:57

İnsanlasrın quldarcassına talanmasında uzun illər baş rol oynayan bir zalım. Maraqlıdır niyə o azadlıqdadır,ona toxunan yoxdur. Hansı sirrli səbəblər milli sərvəti talayan məmurları qoruyur,onlar toxunulmazdır.

Vahid 2018-11-12 14:55:57

Əgər belə obyektləri dövlətləşdirsələr bu millət üçün faydal olar.Ancaq bəllidir ki,yalnız əl dəyişdirilir.Axı bu millətin pulu ilə tikilib.Niyə əl dəyişməlidir ki, o obyektlər bir başa dövlətə aid edilməlidir.Yoxsa Əhməddən alıb,Məmmədə bağışlamaq yanlış olur.Bunu görəsən anlamayan varmı?

VƏTƏNDAŞ 2018-11-12 14:55:57

Ayə ağrın alım Şəmkir şampan zavodu yadından çıxıb.Hafiz İbrahimovun müdür olduğu zavodu deyirəm .Elə bilirsən qağası Kərəm Həsənov o zavodu ona pay verif? o zavodun milyonlarla dəyəri olan xaricdən valyuta ilə alınmış avadanlığının başına kim daş salıf? ondan danış.Binəqədi rayonu Həmzə Babaşov küçəsindəki 3 villadan niyə danışmırsan.hərəsinin dəyəri 4-5 milyondu.Alatavadakı villasını hansı pulla tikib?birdi-ikidi hansından danışasan.

t.ədalət 2018-11-12 14:55:57

Fazil Məmmədov vəzifəni itirsə də biznes imperiyasını saxlamaqda davam edir.Bu imperiyanın bir qolu da "Makromarket" ticarət şəbəkələridir.Bu şəbəkələri "tapşırdığı adamlar" isə indi obyektlərin adlarını dəyişdirib öz ağalarına xidmət göstərirlər.Deyirlər ki,guya,Nərimanov rayonu ərazisindən keçən "Gənclik"--"28 May" metro tunelinin üzərində tikilən binanı da gizli surətdə maliyyələşdirən Fazil Məmmədovdur..

Amon 2018-11-12 14:55:57

Fazilin biznes imperiyasi elinnen alinir kecir digerinin biznes imperiyasinin terkibine bunun bize hecbir xeyri yoxdu

vekil 2018-11-12 14:55:57

bu lap manyak imis axi bu qeder var dovlet onun neyine laimdir kime lazimdir o yazdiqlariniz duzdurse demek vergini topalayib ozune biznes imperiya qurub bunu da ne tanri goturer ne de prizident lakin niye 17 il isleyib bu artiq sualdir...

Son yazılar