Yaltaqların aldığı iki kənd

Şahvələd ÇOBANOĞLU

Azərbaycan əsgərlərinin şəhid olmasından sonra başlanan “onlayn müharibə” günləri bir daha heç kəsin yadından çıxmaz. O cür informasiya xaosu, dezinformasiya dumanı, əslində, idarəçiliyin xaosundan və səhvlərindən doğmuşdu. Rəsmi qurumlar pərt olmuşdu; güclü ordumuz və düşmənə qarşı “asarıq-kəsərik” ritorikasına köklənən, yalnız təriflər və uğurlar üçün işləyən təbliğat maşını sarsılmışdı. Vaxtaşırı, lazım gələrsə, hətta saatbasaat rəsmi məlumat verib vəziyyətə nəzarət olunduğunu demək və baş verənlərə hərbi işin imkan verdiyi qədər, eyni zamanda məsuliyyətli, sağlam və doğru xəbərlərlə aydınlıq gətirmək əvəzinə susqunluq başlamışdı. Belə bir durum hakimiyyəti “iki kənd almışıq” yalanına söykənməyə qədər sürüklədi.

“Köməyə” hakimiyyətin tərif və yaltaqlıq şəbəkəsi üçün qurulan media gəldi. Onlar isə yalnız inkişaf və uğur barədə yalanlar, şişirtmələr düzəltməyə qadirdir. Elə də oldu. Burada abadlıqlardan, asfalt yollardan, beynəlxalq festivallardan danışmaq olmur, bu, hərbdir. Odur ki, onlar da iki kəndin alınması ilə bağlı şişirtmə və “inkişafa” əl qoydular. Hakimiyyətə açıq və dolayası ilə yaltaqlananlar üçün də bu fürsət yarandı. Bu, nə informasiya müharibəsi idi, nə də ovqatı gücləndirməyə hesablanmış rasional və məsuliyyətli “yalan”. Bu, yaranmış fürsətdən istifadə edib, adını da milli məsələ qoyub siyasi hakimiyyətə yaltaqlanmaq idi. Tirajlandı, pərvazlandı, axırda isə hakimiyyətin özünü də pərt vəziyyətə salan sualla bitdi: hanı alınan o iki kənd?

Ey yaltaqlar ordusu! Bir şeyi bilin. Iki kənd alınmadığı halda da bizim toplum döyüşə hazır olmalıdır. Hətta iki kəndimiz getsə belə, bu ölkə dirənişə hazır olmalı, ovqatımız yalnız ölkəni qorumağa köklənməlidir. Bizi heç nə sındırmalı deyil! Bizi heç nə geri çəkməli deyil. Bir düşünün, bu, müharibədir, hər an ağır itkilər də ola bilər, geri çəkilmələr də, həm də qarşıdakı ermənilər deyil. Ermənilərin arxasında gizlənən Rusiyadır. Hər şey ola bilər. Amma istənilən məlumatın yalan olub-olmadığı ən az müddətdə aydınlaşa bilən çağımızda, döyüşmək istəyən bir ölkə sizin “iki kənd almışıq” yalanınıza ehtiyac duymalı deyil. Onu acı həqiqət belə əzmindən döndərməməlidir! Döyüşən ölkə və toplum məhz belə olmalıdır! Indi biz uydurduğunuz iki kəndi yox, həmin ölkəni və toplumu soruşuruq: hanı onlar?

Əvəzində nə var?!

Mən əsgərlərimizin ölümünə acımayan azərbaycanlı təsəvvür etmirəm. Bunun əksi öz xalqıma böhtan olardı. Amma bu günlərdə milli acını da hakimiyyətə növbəti yaltaqlıq imkanına çevirənləri gördüm. Bax, bizim ölkənin dəhşətidir bu. Siz bu dəhşətin ağuşuna gətirmisiniz ölkəmizi! Talan edilən, yalanla idarə edilən, yaltaqlığın həyat amilinə çevrildiyi bir ölkə olmuşuq.

Baş verənlər yalan və yaltaqlığın fəsadlarından biri idi. Çox həssas məsələ olduğu üçün hamı gördü bunu. Çox ağrılı məsələ olduğu üçün hamı fərqinə vardı onun. Amma yalan və yaltaqlıq hər gün fəsad verir. Təhsildə, səhiyyədə, yollarda, pullarda, ailələrdə, talelərdə, arzularda və gerçəklərdə! Bu fəsadlar ölkə üçün daha sarsıdıcı və dəhşətli fəsadlar verə bilər.

Əsgərlərimizin ölümünü istəmirsinizsə, doğrudan da ordumuzu güclü görmək istəyirsinizsə, hökumətimizdən ayıq və məsuliyyətli olmağı gözləyirsinizsə, xalqımızın bir yumruq kimi birliyini arzulayırsınızsa, onda siz bu ölkəyə azadlıq, qanun, ədalət, haqq, şəffaflıq, söz azadlığı istəyin. Oğurluqla, yalanla, haqsızlıqla bu arzular yanaşı gedə bilmir...(Azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar