Azərbaycanın tanınmış modelyeri məhkəmə zalında hüşunu itirib

Dərc olunub: 21/11/2018 - 13:01

mehkeme-chekicBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sahibkar, modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq etməkdə təqsirləndirilən Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

“Report” xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərdən yalnız C.Eyvazovun barəsində həbs qətimkan tədbiri seçildiyi məlum olub. Digər iki şəxs isə ev dustaqlığındadır.

Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə zərərçəkmiş L.Əhmədovanın vəkili vəsatət qaldırıb. O, N.Ağayevlə A.Lütfəliyev barəsində də həbs qətimkan tədbirinin seçilməsinin və onların məhkəmə zalında həbs edilməsini istəyib.

Təqsirləndirilən N.Ağayevin vəkili isə vəsatət qaldıraraq cinayət işinə xitam verilməsini tələb edib.

Vəsatətlərə münasibət bildirən L.Əhmədova göz yaşlarını saxlaya bilməyib və N.Ağayevin C.Eyvanovu onun üstünə göndərdiyini deyib: “Nəyə görə mənim 4 uşağım çöldə qalmalıdır?”.

L.Əhmədova çıxış edən zaman onun ürəyi gedib. Məhkəmə zalında olan icra məmuru Nuru Müzəffərov ona yardım edib, ayıldıb.

Məhkəmə vəsatətləri təmin etməyib.

Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin edilib.

Qeyd edək ki, L.Əhmədova 2014-cü ildə Bakının Cəfər Cabbarlı küçəsi 29 ünvanında yerləşən obyekti Ağayev Nizami Tofiq oğlu və Lütfəliyev Azər İsaq oğlundan aylıq 24 min manata icarəyə götürüb. Daha sonra həmin şəxslər arasında mübahisə düşüb və obyekt sahibləri L.Əhmədovanı oradan çıxarmağa çalışıb.

L.Əhmədovanın sözlərinə görə, obyektə basqın zamanı ona 200 min manat ziyan vurulub: “Burada olan paltarlarım, bahalı parçalarım, aksessuarlarım və seyfdə olan böyük məbləğdə vəsait oğurlanıb”.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma zamanı 3 nəfər – Ceyhun Eyvazov, Nizami Ağayev və Azər Lütfəliyev saxlanılıb.

Həmin şəxslər barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.








loading...


Fikrinizi bildirin