Rusiyanın Suriyada ezamiyyətdə olmuş generalı dələduzluqda ittiham olunur

Dərc olunub: 21/11/2018 - 15:44

1527efc4-4dad-4464-bc10-b6f97928d95eRusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası rəisinin müavini, general Sergey Çvarkov dələduzluqda ittiham olunur.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, o, 3 il əvvəl ticarət firması ilə 400 milyon rublluq müqavilənin (6 milyon dollar) 6 milyon rublunu (91 min dollar) mənimsəməkdə təqsirləndirilir.

S.Çvarkov Rusiyanın Suriyada münaqişə aparan tərəflərin barışdırılması mərkəzinin rəisi olub.

Bu ilin aprel ayında Rusiyanın İstintaq Komitəsi külli miqdarda dələduzluq faktı ilə bağlı istintaqa başlayıb. Hələlik bu işlə bağlı yalnız 57 yaşlı Sergey Çvarkov istintaqa cəlb edilib. Ondan əvvəl bu cinayət işi ilə bağlı şahidlər dindirilib. O, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Faktiki olaraq general ev dustağıdır. Ona səhər və axşam üç saat gəzintiyə çıxmağa icazə veriblər.

Müstəntiqlər ehtimal edirlər ki, S.Çvarkov biznesmenlərlə birlikdə maliyyə məbləğinin mənimsənilməsi sistemini hazırlayıb.

O, Suriyadakı xidmətlərinə görə “Hərbi xidmətə görə” ordeni ilə təltif edilib, Müdafiə Nazirliyinin medalı verilib.

General 1978-ci ildən 4 dəfə dövlət, 35 dəfə isə Nazirliyin mükafatına layiq görülüb. O, həmkarlarının çoxundan fərqli olaraq açıq danışmaqdan çəkinməyib. Suriyaya ezamiyyətdən qayıtdıqdan sonra ona general-leytenant hərbi rütbəsi verilib. SSRİ-nin varisi kimi Rusiyanın beynəlxalq səviyyədə sıxışdırıldığını, tarixin saxtalaşdırıldığını söyləməkdən çəkinməyib.

Vəkili Sergey Çvarkova qarşı irəli sürülən ittihamları rədd edir.








loading...


Fikrinizi bildirin