UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə əməkdaşlığa başlayır - FOTOLAR

Dərc olunub: 21/11/2018 - 20:25

1

UNEC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədin imzalanmasında məqsəd tərəflər arasında faydalı əlaqələrin genişləndirilməsi, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin meydana çıxmasına, biznes subyektlərinin maarifləndirilməsinə, UNEC-in elmi araşdırma mərkəzləri tərəfindən biznes üçün tədqiqat və təhlillərin aparılması barədə birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin həyata keçirilməsini nəzərdə tutur.

 

Tədbir çərçivəsində UNEC rektoru, professor Ədalət Muradov praktika ilə bağlı olmayan elmi araşdırmaların əhəmiyyətini itirmiş olduğunu vurğulayıb. Tələbələrin elmi biliklərlə yanaşı praktiki vərdişlərə yiyələnməsinin zəruriliyini qeyd edən rektor biznesin, real bazar mühitinin tələblərinə cavab verən mütəxəssislərin hazırlanmasının vacibliyini qeyd edib. UNEC-in bu sahədə kifayət böyük potensiala sahib olduğunu bildirən Ə.Muradov universitet məzunlarının bilik və bacarıqlarına qarant olduğunu bildirdi.

Rektor çıxışında UNEC-də tədrisin əmək bazarının tələbələrinə uyğunlaşdırılmasına, sahibkarlıq universiteti modelinin yaradılmasına və məzunların işlə təmin olunmasına hədəflənmiş “UNEC2B” platforması barədə danışıb.

UNEC-in korporativ və dövlət sektorunu təmsil edən bir sıra təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq qurduğunu vurğulayan Ə.Muradov bu mənada Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə səmərəli fəaliyyətin əhəmiyyəti qeyd etdi. Rektor UNEC-in KOBİA-nın “beyin mərkəzi” funksiyasını yerinə yetirməyə hazır olduqlarını bildirib.

Tədris və təlim imkanlarına toxunan rektor burada eyni zamanda 10 min tələbəyə onlayn təhsil verməyə qadir olan “UNEC Extern” mərkəzinin fəaliyyət göstərdiyini bildirdi. İş adamları öz müəssisəsini tərk etmədən onları maraqlandıran sahə üzrə “UNEC Extern” vasitəsi ilə təlim keçərək, zəruri bilik və bacarıqlara yiyələnə bilərlər.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, müəssisənin vəzifələrinin icrasının elm və tədris mərkəzləri ilə qarşılıqlı fəaliyyətə əsaslandığını bildirdi. Bu istiqamətlər bir çox sahələri əhatə etməklə sahibkarlıq ideyasının təbliği, sahibkarların maarifləndirilməsindən başlayaraq, qabaqcıl dəstək modellərinin istifadə imkanlarının araşdırılması, ölkənin innovativ potensialının reallaşdırılmasına qədər olan böyük spektri əhatə edir. O.Məmmədov imzalanacaq memorandumun konkret istiqamətlər və formalar müəyyən edərək geniş fəaliyyət platforması yaradacağını qeyd etdi. Hazırda cənab Prezidentin müəyyən etdiyi tapşırıqların icrası istiqamətində KOBİA tərəfindən kiçik və orta biznes subyektlərinin dəstəklənməsinə yönəldilmiş modellər və mexanizmlər hazırlanmaqdadır. Onların hər birinin ciddi araşdırma tələb etdiyini bildirən O.Məmmədov bu prosesdə UNEC-in elmi araşdırma mərkəzlərini potensialından istifadə etməkdə KOBİA-nın maraqlı olduğunu vurğuladı.

Əməkdaşlığın digər istiqaməti innovativ potensialın kiçik və orta biznes vasitəsilə reallaşdırılması, innovativ təşəbbüslərin dəstəklənməsi ilə bağlı olacaqdır. Bu baxımdan, innovasiyalar sahəsində sahibkarlığın dəstəklənməsinin təşkilati modellərinin yaradılması və səmərəli fəaliyyətinin təmin olunması sahəsində birgə tədbirlər nəzərdə tutulmuşdur.

O.Məmmədov qeyd etdi ki, sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyası xüsusi önəm kəsb etməkdədir. Memorandum bu istiqamətdə konkret praktiki nəticələrə istiqamətlənmiş birgə səylərin göstərilməsini nəzərdə tutur.

Əməkdaşlıq istiqamətləri sırasında xüsusi yeri əmək bazarınadək olan prosesdə könüllülük fəaliyyətinin təşviq edilməsi və bu sahədə birgə fəaliyyətin göstərilməsidir.

O.Məmmədov bildirib ki, kiçik və orta biznes subyektlərinin tələbatına uyğun olaraq, müvafiq ixtisaslar üzrə müasir təhsil proqramlarının, metodiki vəsaitlərin və mövzuların hazırlanmasında birgə iştirakın təşkil edilməsi, UNEC tələbələrinin praktiki biliklərə yiyələnməsində hər bir dəstəyə hazır olduqlarını qeyd edib.

 

12 3 4 5










loading...


Fikrinizi bildirin