Son evin mübarək, kasıb balası!

Heydər OĞUZ

Son evin mübarək, kasıb balası!

Torpaq balıncına baş qoyub uyu.

Belə rahat “yataq” görmüşdünmü heç,

Sən ömrün uzunu, həyatın boyu?

 

Həyatda nə vaxtsa bir ev almağı

Gətirə bilməzdin əsla düşünə.

Bir bax, tanıdığın, tanımadığın

Dostların gəliblər “ev görüşünə”.

 

Uçuq bir daxmanız var idi əvvəl,

Sənə əynin kimi dar gəlirdi çox.

Çağıra bilmirdin evə dostunu,

Evin vicdanına ar gəlirdi çox.

 

İndiki “ev”insə şah sarayıtək,

Önündə nazirlər fərağat durur.

Diriykən haqqını yeyən adamlar

Şəhidkən səninlə duyarlar qürur.

 

Son evin mübarək, kasıb balası!

Yellər “eyvan”ını tumarlar indi.

Əvvəl “gəldi” deyib səndən qaçanlar

Çiçəklə qəbrinə cumarlar indi.

 

Səni yad bilənlər, özgə bilənlər

Hər bayram adını yad edəcəklər.

“Ev”inin önünə əklil qoymağı

Özünə şərəfli ad edəcəklər.

 

Son “ev”in mübarək, kasıb balası,

Bu “ev” hər kişinin qisməti olmur.

Gördükcə gözlərdə saxta yaşları

Qəm yemə, qəm yemə, kasıb balası!

Hər kəsin şərəfi, isməti olmur.

 

Bilirəm, başdaşın niyə qaradır;

Qanının qarası çöküb büstünə.

Günlərdir, önündən yüz insan keçir,

Sevdiyin gözəlsə gəlmir üstünə.

 

Bilirəm, bu məzar tək sənin deyil,

Səninlə yüz arzu bərabər yatır.

Köksündə son evə apardığın qız

İndi kiminləsə günaha batır.

 

Dirin zənginlərin dilsiz nökəri,

Qəbrinsə bir xalqın şərəf qalası.

Gör, necə ucaldıb şəhadət səni?

Son evin mübarək, kasıb balası!

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar