RUSİYANIN MİSKİN DURUMU RƏQƏMLƏRDƏ – Əsl həqiqətdə kim kimdən asılıdır? (TƏHLİL)

ABŞ-ın “Forbes” jurnalı “Rusiya və Qərb ölkələri - əsl həqiqətdə kim kimdən asılıdır” adlı statistik məlumatlarla zəngin maraqlı analitik məqalə dərc edib. Bu məqalədə Rusiya iqtisadiyyatının vəziyyəti konkret rəqəmlərlə təsvir olunub. AzPolitika.info məqalənin tərcüməsini təqdim edir.

“Uzun müddətdir ki, Rusiya Avropa və Amerika KİV-lərində fəal və müvəffəqiyyətli təbliğat kampaniyası aparır. Belə bir işi həyata keçirmək üçün onlarla və bəlkə də yüz milyonlarla dollar pul sərf edilir. Bunu təşkil etməkdən ötrü müxtəlif məsələlərlə əlaqədar güya ki, özünün müstəqil və obyektiv fikri olan mütəxəssislər toplayırlar. Əsl həqiqətdə isə onlar Rusiya rəhbərliyinə lazım olan informasiya fonunu yaratmaq üçün cəlb edilirlər. Onların bir qismi əsas etibarı ilə Qərb administrasiyasına, digər hissəsi isə Rusiya və postsovet məkanının tamaşaçılarına təsir etmək üşün çalışır. Etiraf etmək lazımdır ki, bu üsul heç də pis işləmir.

Rusiya təblığat maşınının öz ölkəsinin vətəndaşlarına yedirtmək istədiyi informasiya ilə reallıq arasında nəinki uyğunsuzluq, hətta böyük uçurum mövcuddur. Hərdən elə təsəvvür yaranır ki, deyəsən Rusiya hakimiyyəti onların maraqlarına xidmət edən bu cür informasiyalara özləri də inanmağa başlayıb. Beləki, rusdilli informasiya məkanında fəal şəkildə yayılan ən populyar tezislərdən biri də Qərb ölkələrinin Rusiyadan hədsiz dərəcədə asılı olduğu barəsindəki fikirlərdir. Bu, ilk növbədə neft və qaza aid edilir.

Əlavə olaraq bildirilir ki, əgər Qərb ölkələri riskə gedərək Rusiyaya qarşı həqiqi sərt iqtisadi sanksiyalara əl atarsa, onda Rusiya onları iqtisadi baxımdan məhv də edə bilər. Onların fikrinə görə, Rusiya buna enerji daşıyıcılarının pulunu dollarla deyil, məsələn, Çin yuanı ilə tələb etməyə başlamaqla da nail olar.

BU İDDİALAR NƏ DƏRƏCƏDƏ HƏQİQƏTƏ UYĞUNDUR?

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) məlumatına əsasən, 2012-ci ildən dünyanın bütün ölkələr üzrə ümumi ticarətinin həcmi 18,4 trilyon dollar təşkil edib. Əgər xidmət sahələri üzrə ticarəti də buraya daxil etsək, 2012-ci ilin ümumi göstəricisi 23 trilyon dollar olacaq.

Beynəlxalq ticarətin bugünkü əsas iştirakçıları Qərbin qabaqcıl inkişaf etmiş və Asiyanın inkişaf etməkdə olan ölkələridir. Əmtəə məhsullarının ixrac payına görə, dünyada birinci yeri 11,2%-lə Çin tutur. Sonrakı yerlərdə isə müvafiq sürətdə 8,4%-lə ABŞ, 7,7%-lə Almaniya, 4%-ləYaponiya gəlir. 2012-ci ilin nəticələrinə əsasən, Rusiyanın buradakı payı 2,9% -dir. Rusiya dövlət statistika mərkəzinin məlumatına görə Rusiyadan ixrac edilən malların ümumi dəyəri 526,4 mlrd dollar olub ki, bunun da 371,8 mlrd dolları və ya 70%-i yanacaq enerji resurslarının payına düşüb. Buraya qara metallurgiya, kimya sənayesi malları, meşə materialları və kənd təsərrüfatı məhsullarını əlavə etsək, ümumi ixrac 85% -ə yüksələcək.

Rusyaya idxal edilən malların ümumi həcmi 2013-cü ildə 317,4 milyard dollar təşkil edib ki, bunun da 133,4 mlrd dolları Avropa ölkələrinə aiddir. Həmin idxalın 37,9 mlrd dolları Almaniya, 14 mlrd dolları İtaliya,13 mlrd dolları Fransaya məxsusdur.

2013-cü ildə avro zona ölkələrinin Ümumi Daxili məhsulu 12,2 trilyon dollar olub. İlk üçlükdə 3,4 trln dollarla Almaniya, 2,6 trln dollarla Fransa , 2 trln dollarla isə İtaliya qərarlaşıb. Yəni göründüyü kimi, avro zona ölkələrindən Rusiyaya edilən idxal məhsullarının ümumi dəyəri təkcə Almaniyanın ÜDM 1%-i qədərdir. Bu göstərici Fransa və İtaliya üçün isə daha aşağıdır.

Ümumiyyətlə isə Avropa ölkələrinin Rusiyaya ixrac etdikləri məhsullardan müəyyən mənada asılılığı olsa da, bu göstərici qətiyyən kritik həddə deyil. Ancaq Rusiyanın Avropa ölkələrinə etdiyi ixracdan asılılığı həqiqətən də kritikdir.

O ki, qaldı dünyanın Rusiya neftindən asılılığı məsələsinə, bu da həmçinin xeyli şişirdilib. Rusiyadan edilən neft ixracı, dünya istehsalının 11-12%-i həcmindədir. Həm də ki, Küveyt və Səudiyyə Ərəbistanı kimi ölkələr bu məhsula ehtiyac yaranacağı halında neft hasilatını əhəmiyyətli dərəcədə artıra da bilərlər. Bundan əlavə İran da dünya bazarına daha çox neft ixrac etmək imkanı qazanacaq.

Beləliklə də əgər hətta Rusiya öz neft hasilatını tamamilə dayandırsa da beynəlxalq bazarda heç bir fəlakətli hadisənin baş verəcəyi gözlənilmir. Əgər Amerika Avropa ilə birlikdə hərəkət edərsə, onda Rusiya doğurdan da öz neftini yuanla satmalı olacaq. Rusiyanın bədbəxtçiliyi ondadır ki, dünya ölkələri öz qızıl-valyuta ehtiyyatlarını yuanda saxlamırlar, yəni belə olduqda onların neftinin Çindən başqa alıcısı tapılmayacaq. Bir alıcı ilə ticarət aparmaq isə tamamilə ayrı bir biznesdir. Digər yandan Rusiyanın xarici kredit kapitalından asılı olmasını da yada salmaq lazımdır. 2013-cü ilin yekunlarına əsasən, Rusiyanın xarici kredit təşkilatlarına olan borcu 219,mlrd dollar, iqtisadiyyatın başqa sektorlarına olan borcu isə 437,8 milyard dollardır. 2014-cü il üçün Rusiyanın qızıl- valyuta ehtiyyatı 509,6 milyard dollardır. Onu da nəzərə almalıyıq ki, 2013-cü ildə karbohidrogenlərin ixracından əldə etdiyi gəlir Rusiyanın federal büdcəsinin 46,1%-təşkil edib. Söhbət yalnız birbaşa gəlirlərdən gedir.

Aydındır ki, əgər Qərb ölkələri Rusiyaya qarşı geniş masştablı sanksiyalara və İrana tətbiq etdikləri kimi, Rusiyanın təsərrüfat subyektlərinin avro və dollarla olan xarici hesablarının önünü kəssələr, bu qaçılmaz şəkildə Rusiya iqtisadiyyatına faciəvi nəticələr gətirəcək. Onların belə bir addım atıb-atmayacaqları tamamilə ayrı bir mövzudur. Qərb ölkələri təkcə iqtisadi deyil, həmdə ki, geopolitik səbəblərdən nüvə, kimyəvi və bakterioloji silaha malik olan ölkədə vəziyyətin destablizasiya edilməsinin dünya üçün necə təhlükə yarada biləcəyini yaxşı anlayırlar.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar