Neft 40 dollara qədər ucuzlaşa bilər - OPEK Rusiyanın cavabını gözləyir

Son dövrlər neftin qiymətinin xeyli ucuzlaşması və bu tendensiyanın davamlı olması OPEK ölkələrinin ciddi narahatlığına səbəb olub. "AzPolitika" xarici mətbuata istinadla xəbər verir ki, OPEK vəziyyətdən çıxış yolunu neft istehsalçılarının hasilatı azaltmasında görsə də, Rusiyanın bu məsələdə tutduğu mövqe son qərarın qəbuluna ciddi maneə törədir.

Belə ki, OPEK təmsilçiləri Rusiyanı "sərt oynamaqda" ittiham edərək, təşkilatın təklif etdiyi hasilatın azaldılması təklifinə razılaşmamaqda günahlandırırlar. Məsələ ondadır ki, Rusiyaya gündəlik hasilatı 300 min barel azaltması təklif edildiyi halda, Moskva maksimum 140 min barelədək azalmaya gedəcəyinə eyham vurub. Bu isə neft istehsalçılarının ümumilikdə ortaq qərara gələ bilməməsinə səbəb olub. Və təşkilat hazırda Rusiyanın son cavabını gözləmək məcburiyətindədir.

OPEK üzvlərinin fikrincə, hasilatın azaldılmasına dair ortaq qərar qəbul olunmadıqca neftin ucuzlaşmasının qarşısını almaq olmayacaq. Hətta İranın təşkilatdakı təmsilçisi Hüseyn Kazımpur Ərdəbilli bildirib ki, hasilat azaldılmasa, neft yaxın zamanda 40 dolara qədər ucuzlaşa bilər.

Xatırladaq ki, hazırda neftin bir barelinin qiyməti 63 dollar civarındadırsa, oktyabrın 4-də, yəni iki ay əvvəl "qara qızıl" 86 dollara qədər bahalşmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar