İkinci körfəz böhranı: dünyanın enerji təhlükəsizliyinə təhdid yaranıb

Fars körfəzində gərginliyin artması dünyanın enerji təhlükəsizliyinə təhdid yaradır. ABŞ-İran qarşıdurmasının hərbi toqquşma səviyyəsinə qədər yüksələcəyi təqdirdə dünya bazarında neftin qiymətinin yüksəlməsi ilə yanaşı, bir sıra dövlətlərin enerji sistemi də təhlükə altında qalacaq.

AZƏRTAC-ın xəbər verdiyi kimi, İran Prezidenti Həsən Ruhaninin “Əgər İranın dünya bazarına neft çıxarıb satmaq imkanları məhdudlaşsa, onda heç kim neft ixrac edə bilməyəcək” bəyanatından sonra ABŞ Fars körfəzinə hərbi donanma göndərib. Ağ evdə Həsən Ruhaninin sözlərini aydın başa düşürlər. O demək istəyir ki, İran Hörmüz boğazını bağlaya bilər və nəticədə ABŞ-ın müttəfiqləri olan körfəz ölkələri də neft ixrac etmək imkanından məhrum edirlər.

Tərəflər arasındakı qarşılıqlı “söz atışmasının” hərbi ritorikaya keçməsi ABŞ dövlət departamentinin İran üzrə nümayəndəsi Brayn Hukun bəyanatından başladı. O bildirdi ki, “Vaşinqton İran probleminin hərbi yolla həll edilməsi hüququnu özündə saxlayır. İran başa düşməlidir ki, bizim maraqlarımız təhlükə altında qalsa, hərbi güc tətbiq edəcəyik”.

B.Hukun bu bəyanatı cavabsız qalmadı. İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Əmir Əli Hacızadə bildirdi ki, Vaşinqton heç də öz gücünə arxayın olmasın: “ABŞ-ın fars körfəzindəki təyyarədaşıyan gəmisi, Qətərdəki Əl-Udeyd, Birləşmiş Ərəb Əmirliklərindəki Əl-Dafra və Əfqanıstanın Qəndəhar şəhərindəki hərbi bazaları bizim raketlərin hədəfindədir”.

ABŞ-ın “The National Interest” jurnalı tərəflərin hərbi potensialını araşdıraraq yazır ki, ABŞ Fars körfəzində İranla silahlı münaqişəyə girsə böyük risklərlə qarşılaşacaq. ABŞ-ın körfəzdəki gəmiləri və regiondakı bazaları İran raketlərinin dağıdıcı zərbəsinə tuş gələcək. İranın sualtı qayıqları, ballistik raketləri böyük təhlükə yaradır. Jurnal diqqətə çatdırır ki, İranın “Səcl” və “Xələc-Farsi” ballistik raketləri 2500 kilometr məsafədə hədəfi vurmaq imkanına malikdir. Sualtı qayıqları təyyarədaşıyan gəmiləri asanlıqla batıra bilər. Bundan əlavə isə İranın Rusiya istehsalı olan zenit raket kompleksi də var ki, bu da idarəedilən raketlərlə uzaq məsafəli hədəflərə zərbə endirmək imkanı yaradır. Jurnal iranlı generalın sözlərini əhatəli şəkildə təqdim və təsdiq edib.

Jurnalda dərc edilən həmin materialdan sonra İran əlavə olaraq “Səhənd” və “Qədr” hərbi gəmilərini də Fars körfəzindəki hərbi donanmasının istifadəsinə verdi. Bütün bunların ABŞ tərəfindən nəzərə alınmadığını iddia etmək olmaz. Bəs belə olan halda, ABŞ öz hərbi donanmasını hansı zəruri səbəbə əsasən Fars körfəzinə göndərir?

Siyasi müşahidəçilər qeyd edirlər ki, ABŞ-ın körfəzdə hərbi iştirakı həmişə olub. Lakin bu dəfə məqsəd ondan ibarətdir ki, təxribat xarakterli hər hansı bir insident yaradılsın və bununla da iqtisadi və diplomatik təzyiqlə yanaşı, İrana qarşı hərbi təzyiq də göstərsin. Qısası, ABŞ İrana hədə-qorxu gəlir. İran da öz növbəsində bu hədə-qorxunu cavabsız qoymur.

Hələlik ABŞ-ın hərbi donanması Fars körfəzinə doğru irəliləyir. Donanmanın körfəzə girəcəyi təqdirdə İranın hansı addımlar atacağını zaman göstərəcək. Bəri başdan yalnız onu demək olar ki, əgər körfəzdə hər hansi silahlı qarşıdurma baş versə, onda dünyanın enerji təhlükəsizliyi təhdid altına düşəcək. Bunun günahkarının ABŞ və ya İran olması isə sadə insanlar üçün bir o qədər maraq kəsb etməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar