"Dövlətin səhiyyə siyasəti hədəflərinə çatmayıb" - Nazim Bəydəmirli

Dekabrın 20-də prezident İlham Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (bundan sonra – TƏBİB) yaratmaq tapşırılır.

Fərmanın ikinci bəndinə əsasən isə Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri TƏBİB-in tabeliyinə verilir. Amma bəzi müəssisələr istisna təşkil edir.

Sənədə görə, TƏBİB-in saxlanması, fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və onun nizamnaməsində müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsait hesabına həyata keçirilməlidir.

Bütün bunlar ictimaiyyətdə birmənalı qarşılanmayıb, sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub. Bütün bu məsələlərlə bağlı fikrini öyrənməkdən ötrü biz də iqtisadçı-alim Nazim Bəydəmirliyə müraciət etdik.

Nazim Bəydəmirli deyir ki, sosial dövlət anlayışı olan ölkələrdə ən vacib məsələlərdən biri səhiyyə sisteminin əlçatan olmasıdır:

“Böyük dövlətlərdən biri Amerikada səhiyyə sistemindəki islahatlar hamının diqqətində olur, eyni zamanda, kiçik Gürcüstanda. Sonuncu ölkəni Azərbaycanla müqayisə etsək, orada dövlət büdcəsinin xərclərinin təqribən 50 faizi bir neçə maddə üzrə, sosial müavinət, sosial təminat və səhiyyə sahəsinə ayrılır. Gürcüstanda icbari tibbi sığorta tətbiq olunur. Cərrahi əməliyyatların 10 faizini vətəndaşlar ödəməklə 90 faizini dövlət qarşılayır…”

Vətəndaşa bir sıra müayinə və müalicə güzəştlərindən bəhs edən Nazim Bəydəmirli vurğulayıb ki, Gürcüstanda 2019-cu ilin büdcəsində səhiyyə xərcləri ümumi budcə xərclərində Azərbaycanın eyni göstəricisi ilə müqayisədə daha çox pay tutur.

İqtisadçı-alim iddia edir ki, Azərbaycandakı səhiyyə sisteminə daxil olan bir çox dövlət müəssisələri adlarını dəyişsələr də, sovet idarəçiliyini saxlayırlar:

“ Belə çıxır ki, dövlət vəsaiti hesabına müasir diaqnostika mərkəzləri, xəstəxanaları inşa edilir, avadanlıqlarla təmin olunduqdan sonra pullu xidmət göstərirlər. Ödənişli xidmətdən toplanan vəsaitlər idarəedənlərin şəxsi mənafeyinə xidmət edir. Ancaq illər boyu səhiyyənin pulsuz olduğu elan olunsa da, əhalinin 95 faizindən çoxu heç bir dövlət xəstəxanasında pulsuz xidmət almayıb. Bundan əlavə dövlət xəstəxanaları vergidən yayınır, üstəlik özəl klinikalara qarşı “qara piar” aparırlar. Deməli, dövlətin səhiyyə siyasəti hədəflərinə çatmayıb. Adi bir misal: vaxtilə hər hansı kənddəki tibb məntəqəsi çarpayı hesabı ilə maliyyələşirdi. Halbuki, xəstələr olmurdu, nəticədə baş həkimlər ayrılan vəsaiti mınimsəyirdi. Bu mənada bir neçə il əvvəl səhiyyədə islahatların aparılmasına təşəbbüs göstərilsə də, davamı gəlmədi, yerində qaldı. Azərbaycanda islahatlardan söhbət düşəndə, paralel strukturların yaradılması ağıla gəlir. Sonuncu fərmanda da bu məqam görünür”.

Nazim Bəydəmirli hesab edir ki, dövlət işsizləri, 65 yaşdan yuxarı və 18 yaşa qədər olanları necə icbari sığortaya cəlb ediləcəyinin detallarını açıqlamalıdır: “Ona görə Gürcüsatan misalını göstərdim”.

Keçmiş deputat Milli Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi və da bir neçə müəssisənin TƏBİB-ə verilməməsinə isə belə yanaşma sərgiləyir:

“İslahat tam olmalıdır, yarımçıq islahat olmur. Bu mənada ayrı-ayrı mərkəzlərin istisna hal kimi təşkil edilməsinin tərəfdarı deyiləm. Özəl sektorla dövlət sektoru arasında olan ayrıseçkiliyi aradan qaldırmaq lazımdır. Səhiyyə siyasətində ayrımçılıq olmamalıdır. Bəli, nadir xəstəliklər ola bilər ki, dövlətin onlarla bağlı proqramları gerçəkləşdirir. Dövlət büdcəsindən illər boyu xəstələrin sayına görə müalicə və dərmanlara vəsait ayrılır, amma vəziyyət bərbaddır. Artıq onlar da kommersiya qurumlarına çevriliblər. Əslində, dövlət mərkəzlərinin kommersiya istiqamətində idarə edilməsindən qurtulmaq lazımdır. Belə deyək, 100 nəfərdən 10 nəfəri ildə bir dəfə xəstələnir, əgər 100 adam sığorta ödəsə, qalan 10 nəfərin sağlamlığını təmin etmək daha rahat olur. Bu, şəffaf, ayrıseçkilik olmayan sistemlərdə mümkündür. Əgər bu məsələlərdə hədəfə çatılmayıbsa, səhiyyə sistemində tam islahat aparılmalıdır. Kompleks islahatlar aparılmalıdır, “yol xəritələri” kimi yox. Əgər Azərbaycan 15-20 ildir tibbi icbari sığortaya keçə bilmirsə, deməli, səhiyyənin idarəetməsində problemlər var”.

Xatıqladaq ki, Azərbaycanda «İcbari tibbi sığorta haqqında» Qanun 19 il əvvəl qəbul edilib. Ancaq indiyə kimi bütün ölkədə tətbiq edilməyib. Qanun yalnız 3 rayonda pilot layihə kimi tədbiq edilir.

2017-ci ildə 2018-ci ilin büdcəsi müzakirə edilərkən onun bütün ölkədə tədbiqinin 2019-cu ildə gözləndiyi deyilmişdi. Ancaq bu yaxınlarda parlamentdə 2019-cu ilin büdcəsi müzakirə edildikdə bunun, hələlik, mümkün sayılmadığı bəlli oldu.

Prezident İlham Əliyev hələ 2007-ci il dekabrın 27-də Nazirlər Kabineti yanında Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı sərəncam verib. Dövlət başçısı bir də bundan 9 il sonra, fevralın 15-də bu agentliyin əsasnaməsini təsdiq edib.

Publik hüquqi şəxs – dövlət, bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılır. Ümumdövlət, ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

(Azadlıq radiosu)

635x100

Şərhlər

EJDER 2018-12-23 13:05:58

EWWI,BUNA IMITASIYA DEYILIR,INTER MILAN YALAN PALAN.BIZIM HER WEYIMI IMITASIYADI

t.ədalət 2018-12-23 13:05:58

Dövlət vəsaiti hesabına tikilən,avadanlıqlar quraşdırılan Bakı sağlamlıq mərkəzinin xaricdə yaşayan kürdə (bəlkə də ermənilər onun adı ilə Azərbaycanda obyekt ələ keçirirlər!) satılması hələ də anlaşılmır.Axı,dövlətin pulu ilə tikilən obyekti necə xarici vətəndaşa satmaq olar?Azərbaycan səhiyyəsi ona rəhbər təyin olunmuş adamın (onu və ailəsini ,ancaq erməni Cigərxanyan tərifləyir!) səriştəsizliyi və savadsızlığı nəticəsində dağılır.Bu sahə milli və dövləti keyfiyyəti ilə seçilənlərə həvalə edilməlidir.

Son yazılar