Siqaretləri 1 manata satan məmurun həbs əməliyyatının TƏFƏRRÜATLARI

Gömrükdən keçirilən aksiz markalı siqaretləri ələ keçirərək, satan şəxslər hakim qarşısına çıxarılıb. Onlar Dövlət Gömrük Komitəsinin əməkdaşları olub. Həmin şəxslər elə komitənin əməkdaşları tərəfindən keçirilən əməliyyatla saxlanılıblar.

Musavat.com xəbər verir ki, özgə əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilən 1985-ci il təvəllüdlü Xəyyam Eminovin və 1991-il təvəllüdlü Ümid Ağayevin məhkəməsi keçirilib. Hər iki şəxs Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin Gömrük hüquqpozmalarına qarşı Mübarizə şöbəsinin inspektoru vəzifəsində çalışıblar.

İttihama görə, onlar vəzifədə olduqları zaman tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Belə ki, onlar öz qulluq mövqeyindən istifadə edərək bir qrup şəxslə özgə əmlakını mənimsəməklə talayıb, aksiz markası ilə markalanmalı olan külli miqdarda malları belə, marka olmadan satış məqsədi ilə saxlayıblar və satıblar.

Onlar gömrükdən aksiz markasız mallar keçirməyə çalışan Elnur Əliyevi saxlayıblar. Elnur Əliyevin əldə etdiyi aksiz markasız məhsullara baxış keçirmək və bu barədə müvafiq protokol tərtib etmək üçün Dövlət Gömrük Komitəsinin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 ünvanında yerləşən inzibati binasına gəldikdən sonra həmin malları öz maşınlarına yükləyiblər.

Ümid Ağayev istifadəsində plan 90 BN 027 dövlət nömrə nişanlı «Hundai Sonata» markalı avtomobilinə ələ keçirilən 4550 aksiz markasız “NZ Gold Compact” markalı siqaretlərin 2050 ədədini yığıb. Çalışdığı şöbənin rəisi Vüsal Nuriyevə isə yalan məlumat verərək ələ keçirilən siqaretlərin sayının 2500 ədəd olduğunu deyib.

Daha sonra isə həmin siqaretləri kirayədə yaşadığ Nəsimi rayonu, M.Kaveroçkin küçəsindəki evə aparıb və satış məqsədi ilə saxlayıb. Qanunsuz yolla ələ keçirdiyi siqaretləri Sumqayıt şəhəri ərazisində 10 ədədini 10 manata Teymur Mehralıyevə satarkən Dövlət Gömrük Komitəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Təqsirləndirilən şəxslər Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3, 213-1.2.1, 213-1.2.3 və 313-cü maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Onların cəzası şərti hesab edilib. Bu hökmdən prokuror narazı qalıb və apellyasiya protesti verib. Prokuror hər iki şəxsə daha ağır cəza verilməsini, barələrində həbs-qətimkan tədbiri seçilməsini istəyib.

Protestə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə baxılıb. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini müzakirə edib, cinayət işinin materiallarını yoxlayaraq qənaətə gəlib ki, apellyasiya protesti təmin edilməməlidir.

Məhkəmə bildirib ki, hər iki şəxs ibtidai istintaqda özlərini təqsirli biliblər. Onların əməli səmimi etiraflarından başqa, birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş şahidlərin ifadələri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarla təsdiq olunub.

Məhkəmə kollegiyası hesab edir ki, hökmdən Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) maddəsinin tətbiq olunması barədə müddəaların xaric edilərək məhkumlara təqsirli bilindiyi maddələrin sanksiyası daxilində real cəza təyin olunması barədə dəlillər əsassızdır. Belə ki, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.

Məhkəmə kollegiyasının fikrincə, dövlət ittihamçısı məhkumların cəzaçəkmə müəssisəsinə yerləşdirilmədən islah olunmasının qeyri-mümkünlüyünün hansı zərurətdən əmələ gəlməsini əsaslandıra bilməyib. Bunları nəzərə alan məhkəmə kollegiyası məhkumlara təyin olunmuş cəzanın cinayətin ağırlığına və məhkumların şəxsiyyətinə görə açıq-aydın yüngül olması barədə dövlət ittihamçısının apellyasiya protestinin dəlilləri ilə razılaşmayıb və protesti təmin etməyib.

Qeyd edək ki, bu əməliyyat Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişildikdən sonra həyata keçirilib. Bu və bənzəri digər cinayət əməllərini törətməkdə ittiham edilən onlarla sabiq gömrük əməkdaşının rayon məhkəmələrində və Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işləri üzrə məhkəmə prosesləri davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar