Gələn il 5 min məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək - Video

 

Bu il 5800 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Gələn il isə 5 min məcburi köçkün ailəsinin yeni mənzillərə köçürülməsi nəzərdə tutulub.

"Xəzər Xəbər"ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

Ölkədə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı siyasətin təməli 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1998-ci ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" qəbul olunub.

Fuad Hüseynovun sözlərinə görə, 2001-ci ildən başlayaraq neft ixracından əldə edilən ilk bonuslardan bu qəbildən olan insanların həyat və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına sərf olunmağa başlanılıb. 2003-cü ildən sonra isə proses daha da sürətləndirilib. 2004-cü ildə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı" təsdiqlənib. 2007 və 2011-ci illərdə həmin proqrama əlavələr qəbul olunub. Son 17 ildə qaçqın və məcburi köçkünlər arasında işsizliyin səviyyəsi 75 faizdən 12 faizə enib. İndiyədək bu kateqoriyadan olan şəxslərin sosial problemlərinin həllinə 7,1 milyard manat vəsait sərf olunub.

Fuad Hüseynov deyib ki, qaçqın və məcburi köçkünlərlə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Beynəlxalq təşkilatlar da Azərbaycan modelini münaqişələrdən əziyyət çəkən ölkələr üçün nümunə göstərirlər. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ən böyük layihələrdən biri dünən reallaşdırıldı. Abşeronda məcburi köçkün ailələri üçün salınmış yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində Prezident İlham Əliyev bir daha bəyan etdi ki, məcburi köçkünlərin problemləri sosial məsələlər arasında ön plandadır.

Digər istiqamət isə "Böyük Qayıdış" və ona hazırlıqla bağlıdır. 34 beynəlxalq təşkilat və 12 müxtəlif dövlət qurumunun rəy və təklifləri nəzərə alınmaqla "Böyük Qayıdış" proqramı hazırlanıb. Cocuq Mərcanlıda yaradılan şərait və orada qurulan infrastruktur da bunun bariz nümunəsidir.

Təkcə 2018-ci ildə 5800 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Bu proses gələn il də davam etdiriləcək.

Məcburi köçkünlərlə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın da xüsusi diqqət mərkəzindədir. Mehriban Əliyevanın bu vəzifəyə təyinatından sonra ilk iclasını da ötən il martın 9-da məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, qəzalı vəziyyətdəki binalarda yaşayanların köçürülməsinə həsr etməsi bunu bir daha təsdiqləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar