ŞEYXDƏN DEPUTATIN MƏKTUBUNA OPERATİV REAKSİYA - Din xadimlərinin böyük toplantısını çağırdı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazması maraqla qarşılanıb.

Deputat qeyd edib ki, Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin “Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” deməsi onu dərindən sarsıdıb. Bildirib ki, Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin olduğunu, bəzi valideynlərin qız övladlarını məktəbə buraxmadıqlarını dəfələrlə ictimaiyyətin və müvafiq dövlət orqanlarının diqqətinə çatdırıb.

Sözsüz ki, millət vəkili çox ciddi bir problemə toxunub. Çünki bu günün savadlı qız uşağı sabahın savadlı anası, ən nəhayət, son nəticədə savadlı ailə, savadlı cəmiyyətin olması deməkdir. Maraqlıdır, Q.Həsənquliyev təhsillə bağlı niyə təhsilə aid qurumlara deyil, məhz dini strukturlara üz tutdu? Deputatın məktubuna reaksiya gəlibmi?

Bununla bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran Q.Həsənquliyev deyib ki, qız uşaqlarının təhsildən yayındırılması bizim millətin ən “yaralı” sahələrindən biridir: “Çox təəssüf ki, Azərbaycanın bəzi bölgələrində hələ də qız uşaqlarını təhsildən yayındırırlar. Səmimi şəkildə deyirəm ki, bu da daha çox din faktoru ilə əlaqədardır. Mənim də Dini İşlər üzrə Komitəyə və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə müraciət etməyim bundan qaynaqlanır. Bu işdə Təhsil Nazirliyinə, dövlət strukturlarına ciddi dəstək lazımdır. Birincisi, Dini Komitə dövlət qurumudur, o, digər dövlət qurumları ilə əlaqəli işləməlidir, o cümlədən Təhsil Nazirliyi ilə. Həm də bizim dini icmalarla işbirliyində olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi isə bu işə öz töhfəsini verməlidir. Bizim din xadimləri yas mərasimlərində, müxtəlif dini mərasimlərdə moizələr oxuyurlar. Mən həmin müraciətimdə əbəs yerə Hacı Zeynalabdin Tağıyevdən misal çəkməmişdim. Hacı Zeynalabdin Tağıyev 117 il bundan öncə Azərbaycanda, ümumiyyətlə, Qafqazda, bəlkə də müsəlman şərqində qızlar üçün ilk məktəb açmışdı. Lakin hətta imkanlı adamlar belə, həmin məktəbə qızları buraxmırdılar. Ona görə də Hacı Zeynalabdin Tağıyev məhz din xadimlərinə müraciət edir, onların köməyindən istifadə etməyə çalışır. Onları göndərir ki, gedin, dünyadakı İslam mərkəzlərində olan savadlı din xadimlərindən məktub alın, gətirin, müsəmanlar arasında yayın ki, bizim qızlarımız, qadınlarımız təhsil almalıdır və s! Ona görə də mən bu müraciətimlə din faktorunu xüsusilə qabartdım".

Q.Həsənquliyev müraciətini “açıq məktub” formasında yazmasının səbəblərinə də aydınlıq gətirdi: “Əlbəttə, mən bunu açıq məktub formasında hazırlamaya da bilərdim. Yəni mən bunu birbaşa hörmətli Şeyxülislamla telefon əlaqəsi quraraq onun diqqətinə çatdıra bilərdim. Yaxud bizim Mübariz müəllimlə çox normal işgüzar münasibətlərimiz var, onun da diqqətinə çatdıra bilərdim. Ya da elə-belə, adi məktub göndərərdim. Mən bunu ona görə açıq məktub formasında yazdım ki, başqa din xadimləri də bunu oxusunlar, ictimaiyyətin diqqətini bu məsələyə yenidən yönəltmək istədim. Sözsüz, mən bu müraciəti Şeyxülislama etsəm də, əminəm ki, bizim təhsil siyasəti ilə məşğul olan şəxslər də bu məsələ ilə tanış olurlar”.

Deputat dedi ki, qızların təhsildən uzaqlaşdırılması ilə bağlı problemin kökündə din amili dayanır: “Kökündə İslam dini dayandığına görə və vaxtilə yanlış olaraq aparılmış dini təbliğat ona gətirib çıxarıb ki, bir çox insanlar yuxarı siniflərdən qızlarını çıxarırlar, təhsil almağa qoymurlar. Hətta Bakının kəndlərində belə, bəzən 3-4-cü siniflərdən sonra qız uşaqlarını məktəblərə buraxmırlar. Yəni başlarını bağlayıb mədrəsəyə göndərirlər, amma məktəbdə oxumağa imkan vermirlər. Bu, cəhalətdir”.

Q.Həsənquliyev rəsmi qurumlara da xitab etdi: “Mən hesab edirəm ki, hökumət də bu məsələdə ciddi və qətiyyətli olmalıdır. Xüsusilə də rayonlarda icra başçıları, icra hakimiyyətinin nümayəndələri, icra strukturlarının təmsilçiləri, təhsil şöbəsinin işçiləri, məktəb direktorları, həmçinin hüquq-mühafizə orqanları bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Amma inzibati resurslardan istifadə etməklə bu problemi həll etmək mümkün deyil. Burada maarifləndirmə işinə çox böyük ehtiyac var. Mən çağırıram ki, bizim din xadimləri təkcə dinimizi təmsil etməsinlər. Birinci, dinimizi yaxşı mənada təbliğ etsinlər... Bəzən əsası olmayan rəvayətlər danışırlar. Onun əvəzinə, yaxşı olardı ki, humanizm, insanlıq, xeyriyyəçilik təmsil olunsun. Görün, Azərbaycanda nə qədər gənclər təhsil haqqını verə bilmədiyinə görə, universitetləri tərk etməli olurlar. Təhsil haqqını ödəməyin, insanları oxutmağın nə qədər savab iş olduğunu qoy bizim imkanlı adamların diqqətinə çatdırsınlar, məclislərdə bu barədə danışsınlar, insanları xeyriyyəçilik fəaliyyətinə yönəltsinlər, xeyirxahlığa, ianə verməyə çağırsınlar. Həmçinin qadın hüquqlarından danışsınlar. Açıq deyək, bu gün rayonlarda hələ də məişət zorakılıqları var, qadınlara qarşı zor tətbiq olunur, boşanmaların sayı artıb. Bu məsələlərdən daha çox danışsınlar”.

Q.Həsənquliyev artıq açıq məktubuna Şeyxdən reaksiya gəldiyini bildirdi: “Mən çox məmnun oldum ki, hörmətli Şeyximiz artıq bu məsələyə reaksiya verib. Şeyx həzrətlərinin verdiyi məlumata görə, 27 dekabrda saat 11.00-da din xadimlərinin böyük bir toplantısı olacaq, orada qızların təhsildən yayınması məsələsi müzakirə olunacaq. Din xadimlərinin qarşısında bu məsələ yenidən bir vəzifə kimi qoyulacaq. Bu da onu göstərir ki, doğrudan da hörmətli şeyximiz Allahşükür Paşazadə çox mütərəqqi bir insandır. Bu fakt onun növbəti bir təsdiqidir”.

Millət vəkili yeri gəlmişkən dedi ki, bəzən şeyxə qarşı çox ədalətsiz və vicdansızcasına kampaniya aparılıb: “Mən sizə açıq deyirəm ki, bu, Azərbaycanın düşmənlərinin işidir. Düzdür, bəziləri bilməyərəkdən bu kampaniyaya qoşulurlar. Amma bilirsiniz ki, 90-cı ilin yanvarında xalqın önünə çıxa biləcək birləşdirici fiqur, avtoritet, nüfuzlu lider yox idi. O zaman bizim dini liderimiz xalqın qarşısına çıxdı. Odur ki, xalqımız bunu heç vaxt unutmamalıdır. Ona görə də bu gün bəlkə də bizim düşmənlərimiz Azərbaycanı öz dini liderini gözdən salmaq, Azərbaycan xalqını bir növ din və mənəviyyat sahəsində ”tərk-silah" etmək, bu sahədə boşluq yaratmaq, bununla da xalqın mütəşəkkilliyinə, birliyinə zərbə vurmaq istəyirlər. Odur ki, biz hər birimiz belə hallara qarşı olmalıyıq".

Deputat Şeyxülislama qarşı kampaniyaları da pislədi: “Son vaxtlar mən mətbuatda dini, mənsəbi bilinməyən adamlar, bəzi siyasətbazlar tərəfindən, təzə peyda olmuş ”filosoflar" tərəfindən yersiz və xalqımıza böyük zərbə ola biləcək ittihamların şahidi oluram. Biz bunların qarşısında durmalıyıq və o adamlara da deməliyik ki, siz öyrədilmiş, tapşırıqla fəaliyyət göstərən insanlarsınız. Əslində nöqsanlar mövcuddursa, yaxud Şeyxülislamdan gözləntimiz varsa, tutaq ki, mən etdiyim kimi, müraciət etmək olar. Bu yolla bəzi məsələlərə aydınlıq gətirmək olar. Amma heç bir sənədsiz-sübutsuz ittihamlar yolverilməzdir. O zaman mən prezident seçkilərində də söylədim ki, əldə heç bir əsas, dəlil-sübut olmaya-olmaya böhtanları yağdırmaq, nələrdəsə ittiham etmək heç kəsə başucalığı gətirmir, xüsusilə də əgər o ittihamlar şeyx həzrətlərinə yönəlibsə... Şeyxi hədəfə alanlar onun bütün Qafqazın şeyxi olmasından pərişan olmalı deyillər. Biz əslində hamımız məmnun olardıq ki, o, bütün dünya müsəlmanlarının Şeyxülislamı olsun. Sonda təəssüfləndiyim bir məqamı da vurğulamaq istərdim: yalnız Azərbaycanda mümkündür ki, bir adamın nüfuzundan, hörmətindən ona qarşı bu cür qərəzli şəkildə istifadə olunsun".

635x100

Şərhlər

EJDER 2018-12-27 09:18:11

EWWI,NARAHAT OLMAYIN ,HESAB EDIREM KI,WEYX EMI BIR DUA EDECEK,INKIWAFIMIZ SURRETLENECEK,GIZLARDA ERE YOX ,DERSE GEDECEK...HA HA ,,PALID ,,LI HADI CANI...

Müfəttiş 2018-12-27 09:18:11

Seyxi narahat edən itirilə biləcək mövqelərdir.Yoxsa ki Şeyx qızları oxudandır ki? Qizların təhsildən yayınmasının səbəbi isə bir deyil, bir neçədir...

abdullah 2018-12-27 09:18:11

Xoşunuza gelse de gelmese de bu Allahin dinidir.Qadin örtülü olacaq,dinde ne kişi ne de qadin azadligi deyilen bir şey yoxdur.Her kes Allaha ve onun rasuluna itaet edecek.Bu dediyim şeyi elbette ki "şeyxulislam"da gozel bilir,Din dovlete deyil dovlet dine xidmet edecek.Dileyen dilediyini seçe biler,amma unutmasinlar Allah özüne qarşi gelenleri sevmez ve onlara gec ya tez ezab eder.

AMİN 2018-12-27 09:18:11

Ölkədə qabaqcıl adamlara qarşı qarayaxma kompaniyasına son qoymağın vaxtı deyilmi?Şeyx həzrətlərindən söz düşəndə onun ətrafındakıların,din xadimlərinin susqunuğu məni məyus etdiyi kimi həm də təəccübləndirir.Hörmətli din xadimləri, Şeyxi müdafiə etməməyiniz öz işinizdir ,lakin hesabına yaşadığınız,məclislər idarə edib yuxarı başda oturduğunuz dininizə görə münasibət bildirin.

Əntiqə Qurbanova 2018-12-27 09:18:11

Hörmətli Qüdrət bəy,həm yazdəğənəz o dəyərli təklif-məktubunuza görə, həm də xüsusən Seyx həzrətlərinin haqqında dediyiniz fikrinizə görə sizə dərin təşəkkür edirəm. Ancaq çox təəssüf ki, bu günədək Azərbaycan üçün azacıq da olsa yaxşı bir iş görməyənlər, gündəmdə qalmaq naminə, öz dar düşüncələri ilə Şeyxi vurmaqla, ona qara yaxmaqla sanki böyük bir siyasətçi. yaxud bir din təəssübkeşi olduqlarını sübut etmək istəyirlər. Mənim o siyasətbazlara ancaq bir sözüm var:Yazıqlar olsun sizlərə əl buyruqçuları

G M 2018-12-27 09:18:11

Qaytarın Sovet Diktaturasını,başına dolanmağım gəlir.Qız-gəlinimizin,Ana-Bacılarımızın hüquqlarını o qoruyurmuş.70il ``qul,arvad bazarlarını`` o ləğv edibmiş.Zalımın zülmündən,cahilin hökmüranlığından o qoruyurmuş bizləri.Qaytarın o ``Cəlladı`` alsın bizi din pərdəsi altında ləyaqətsizlik edən saqqallı şeytanların əlindən.

Hörmətli Oxuculara! 2018-12-27 09:18:11

Bismillahir-Rəhmanir-Rəhim . Uzunçuluq olmasın deyə həmdə bir aydınlıq olması üçün. Bir rəvayət deyim: Günlərin birində bir kişi Peyğmbərə (ə.s.) yaxınlaşıb deyir:-Ya Rəsulullah! Sənə bir neçə sualım var.Mömin adını daşıyan adam simic, xəsis olarmı?Peyğəmbər (ə.s.) cavab verdi: -Əlbəttə, ola bilər.Kişi: -Bəs, gopçu, yalançı, necə, ola bilər? Rəsulullah (ə.s.) bu dəfə belə dedi: -Xeyir ola bilməz. Hər bir mömin pislik etməkdən və yalan danışmaqdan qəti surətdə çəkinməlidir. Çünki bu ikisi onu mütləq cəhənnəmə sürükləyər. Hörmətli Deputatın Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə vəkil etməsi aydın deyil? Hörmətli Şeyxülislamın buna ehtiyacı varmı? O deyir ki: “Son vaxtlar mən mətbuatda Şeyxülislama qarşı DİNİ, MƏNSƏB bilinməyən adamlar tərəfindən yersiz ttihamların şahidi oluram. Amma heç bir sənədsiz-sübutsuz ittihamlar yolverilməzdir.Siz bununla mətbuatda yazanları təqir etmirsinizmi?Onlar Sizə "DİNİ, MƏNSƏB bilinməyən" adam desələr qəbul edərsiniz? Siz deputat kimi bu yazılan faktları araşdırmaq üçün niyə hüquq-mühafizə orqanlarına göndərmisiniz? Ancaq təəssüf ki,biz danışmaqla məsələni bitmiş hesab edirsiniz! Ölkəmizi gözdən salan bu cür halların sonu olmalı deyilmi? Ağıllı insan başqasının səhvindən nəticə çıxarandır. Vaxtilə Karl Marks deyirdi ki, xalqın əxlaqı, mənəviyyatı iki halda pozulur: birincisi, cinayət görüb cəza görmədikdə; ikincisi, cəza görüb cinayət görmədikdə. ! Mövlanənin yaxşı bir sözü var: “Ya həqiqəti de, ya da sus”

Qwdrət Həsnquliyevə 2018-12-27 09:18:11

Saytlarda və mətbuat səhifələrində şeyxə qarçı yönələn tənqidi yazılar şeyxin yalan deməsi və öz işini boş buraxıb kommersiya ilə məşğul olması,meyvə-tərəvəz tbiznes sahəsini inhisara götürməsi,haram gəlirlər əldə edib xaricdə (özü də xristian ölkələrində, mal,mülklərə sahib olması,düzgün təbliğat aparmamasıdır.Hələ nəzir qutuları bir yana! Bir az realist olmaq gərəkdir.Qaldı ki, şeyx bütün Qafqazın şeyxi sayıldlğından onun tə Azərbaycanda fəaliyyəti də doğru deyil. Dini qurumlarla iş Komitəsi mövcuddur!

Son yazılar