“Azərbaycanda intihar statistikası ciddi narahatlıq doğurur” – ADİHİ

Azərbaycanda 2013-cü ildə 535, 2014-ci ilin 6 ayında isə 260 intihar hadisəsi qeydə alınıb

Son vaxtlar Azərbaycanda intihar hadisələrinin sayının çoxalması təkcə sosial problemlərlə bağlı deyil, həm də insanların bir-birinə münasibətindən və ailədaxili diqqətsizlikdən qaynaqlanır. İntiharların əksəriyyəti məişətdaxili problemlərlə bağlıdır ki, bunun da səbəbləri müxtəlif olur. Bir çox hallarda ailələr üzləşdikləri problemlər barədə heç kimə – nə psixoloqlara, nə də ki hüquq-mühafizə orqanlarına məlumat vermir və çıxış yolunu intiharda görürlər.

Azərbaycanda intihar statistikası hər il artır

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, apardığımız araşdırmaların nəticəsinə əsaslanıb, bildiririk ki, son illərə nisbətən Azərbaycanda intihar statistikası artan templə inkişaf edir. Belə ki, 2008-ci ildə 138, 2009-cu ildə 165, 2010-cu ildə 289, 2011-ci ildə 414, 2012-ci ildə 482, 2013-cü ildə isə 535 intihar hadisəsi qeydə alınıb. Bu intihar hadisələrinin böyük hissəsi intihara cəhd edənin xilas edilməsi ilə nəticələnsə də, Azərbaycan cəmiyyətində intihara meylliliyin faizini aşağı salmaq mümkün olmayıb.

Azərbaycanda intiharın səbəbləri təkcə sosial problemlər, imkansızlıq və həyat şəraitinin aşağı səviyyədə olması ilə bağlı deyil. Düzdür, əksər intihar hadisələri sosial problemlərlə bağlı olsa da, son illər ailədaxili zorakılıq hallarının artması, məişət zəminindəki münaqişələr, gənclərin bir-biri ilə qarşılıqlı münasibətlərindəki problemlər də intihar hadisələrinin başlıca səbəblərindən sayılır.

İntiharların sayının artmasında sosial şəbəkələrin və medianın da təsiri var

Dünyanın ən inkişaf etmiş və firavan ölkələrində də tez-tez rast gəlinən intihar hadisələrinin bir səbəbi də insanların ünsiyyət problemidir. Belə ki, Azərbaycanda son illər daha çox gənclərin intihar etməsi onların ünsiyyət problemləri ilə – valideynləri, yaxın dostları, sevgilisi və digər həmyaşıdları tərəfindən qəbul edilməməsi ilə bağlıdır. Gənclər daha çox yaddaşlarda qalmaq və bir növ özlərini hamıya göstərmək məqsədilə intihara cəhdlər edir və bunun sonrakı məsuliyyətini dərk etmədən ölümü seçirlər. İntihar etməzdən əvvəl yazılan məktublar gənclərin daha çox kimlərinsə yaddaşında iz qoymaq məqsədilə intihar etdiyini göstərir.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu olaraq, ölkədə qeydə alınan və bir çox hallarda rəsmi statistikaya düşməyən intihar hallarının sayının artmasından narahatlığımızı ifadə edir və bunun qarşısının alınmasında bütün ictimaiyyətin birgə hərəkət etməsini zəruri hesab edirik. İlk növbədə, ölkədə sosial işlər həyata keçirən, psixoloq fəaliyyəti ilə məşğul olan mərkəzlərin yaradılmasını və gənclər arasında təbliğat xarakterli tədbirlərin həyata keçirilməsini zəruri hesab edirik.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutu

13 Avqust 2014-cü il, Bakı şəhəri

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar