DÖZMƏK ÇƏTİNDİR…

Dərc olunub: 28/12/2018 - 10:59

eldar-sabiroglu-yeni-300x200Eldar SABİROĞLU

Açmaq olmur interneti, adam utanır. Biabırçı və tərbiyəsiz şəkillərin, canlı təsvirlərin, pis-pis söyüşlərin sayı-hesabı yoxdur.

Ailədə, ictimai yerlərdə olarkən hər hansı yeni xəbəri, məlumatı öyrənmək üçün sosial şəbəkələrə baxmağa ehtiyat edirsən ki, birdən yanındakı görər və bunu yazanın əvəzinə sən xəcalət çəkərsən. Bir sıra internet saytlarının da bu iyrənc yola qoşulmaları çox təəssüf dogurur. Bəhanələri də budur ki, saytın oxucularının sayı artır. Deməli, belə çıxır ki, millətimizin mentalitet səviyyəsinə bu cür yanaşma ilə qiymət vermək mümkündür?!

Bu tərzdə düşünmək, millətimizin əxlaqi-mənəvi keyfiyyətlərinə ümumiləşmiş formada zərər vuracaq əsassız rəy və fikirlərlə razılaşmaq olmaz. İstər keçmiş tariximizdə, istərsə də çağdaş dövrümüzdə, mənsub olduğumuz xalqın qonşumuzdan fərqli olaraq utancverici bir işi olmayıb. Ancaq di gəl, onların sosial şəbəkələrinə bax. Bizdəki kimi pornoqrafiq təsvirlərin, bədənlərini nümayiş etdirən kişi və qadınların əttökən şəkillərinə çox nadir hallarda rast gələ bilərsən. Baxmayaraq ki, tarixi fahişəlik ənənəsi indinin özündə belə erməni qadını üçün həyati əhəmiyyət daşıyır. Düşmənin rus və erməni dillərində yayılan sosial şəbəkələrini demək olar ki, hər gün izləyir və oxuyuram. Mən orada ana-bacı, arvar-uşaq söyüşlərinə rast gəlmirəm. Gürcüstan seqmentində də həmçinin, biabırçı pornotəbliğata yer verilmir. Ayrıca bir və ya iki-üç səhifənin fəaliyyəti mümkündür. Görünür, Azərbaycan-Rusiya arasındakı strateji dostluq telləri burada da təsirsiz ötüşməyib… Əgər söhbət mövzunun təbliğatındakı kütləvl haldan gedirsə, Gürcüstanda, Ermənistanda bizimlə müqayisədə vəziyyət fərqlidir. Hətta müğənnilərimiz var ki, utanıb-qızarmadan sosial şəbəkələrdə açıq bədənlərini mümayiş etdirməklə reytinq yarışına girirlər. Məgər onların övladı, qohum əqrabası, bacı-qardaşı yoxdur ki, bu cür abırsız və həyasız görüntülərlə özlərini ictimai baxışa təqdim edirlər?!

Hiss olunur ki, millətimizin maariflənməsinə ciddi ehtiyac vardır. Təsəvvür edirsinizmi, 10-12 yaşında məktəbli uşaqların əllərindən mobil telefonlar düşmür. Bu yaşda tərbiyəsiz təsvirlərə, porno şəkillərə baxmaqdan ayrılmayan və sanki dünyanın ləzzətini belə şeylərdən alan gəncliyin sabahından nə gözləmək olar?!

Təkcə sosial şəbəkələri günahlandırmaq doğru olmazdı. Dövlətin nəzarətində olan televiziyaların da, necə deyərlər, “xidmətləri” az nəzərə çarpır. Siyasiləşdirilmiş Mətbuat Surasının dərin narahatlıq doğuran problemdən yan keçməsi, görünür, onun fəaliyyət əsasnaməsi ilə ziddiyyət təşkil etdiyindən müdaxilə etməyi düşünmür…

Bir neçə gün əvvəl yolum düşmüşdü məşhur “Tarqovu”ya. Gecə saat 12 olardı. Getməyimə peşman oldum. Asta addımlarla Nəsimi heykəli tərəfdən küçənin o biri başına doğru gedirdim. Birdən bir qız uşağının qışqırtısını eşitdim. Ərəb gədəsi onu divara sıxıb öpürdü. Orta yaşlı kişi yaxınlaşıb qızı qapqara ərəbin pəncəsindən xilas etmək istəyərkən balaca fahişənin ağır söyüşü ilə qarşılaşdı. Oxuculardan son dərəcə üzr istəyirəm, xüsusi ilə ana və bacılardan, qızın söyüşünü yazıram: “Mən özümü verirəm, sənə …. nədir?”

Təpəmdən tüstü çıxdı. Az sonra daha dəhşətli və qan donduran mənzərənin şahidi oldum. “Leksus” maşınlardan düşən ərəb “qardaşlarımız” barmaqları arasında təsbeh kimi dolları, avronu fırlada-fırlada sütül qızları götürüb aparırdılar oliqarxlarımızın tikdirdikləri dəbdəbəli otellərə.

Dözmək çətin idi. Məcburən 50-lik kaptoprili dilimin altına qoydum. Gördüklərim kino deyildi. Bakımızın həqiqətlərindən biri idi. Özümə söz verdim ki, bir daha “Tarqovu”ya gecə gəzintisinə çıxan deyiləm…










loading...


Fikrinizi bildirin