Prezidenti 2018-də kimlər və nələr qəzəbləndirib? - Putinin imtahanından "2" alanlar...

Yanlış atlas, yanlış gənclik, öz mətbuat katibi, hətta öz xətti… Bu il Rusiya prezidentini qəzəbləndirən xeyli məqam oldu. Başa çatmaqda olan ilin sonlarında BBC-nin Rusiya redaksiyası son 12 ayda Kreml rəhbərini nələrin narazı saldığını, nələrin məyus etdiyini xatırlatmağa çalışıb.

İclaslar zamanı Putin tez-tez hansısa məmuru hədəfə gətirir. Məmurlar üçün bu il ən xoşagəlməz an Vladivostokdakı iclasda yaşanmışdı. Prezident bu iclasa Şərq İqtisadi Forumu ərəfəsində gəlmişdi. Putinin bu səfəri, təyin etdiyi kadrın – Andrey Tarasenkonun qubernator seçkisinin birinci turunda məğlub olmasından bir gün sonraya təsadüf edirdi. Rusiya prezidentinin hədəfinə eyni anda iki nazir gəldi – nəqliyyat naziri Yevgeniy Ditrix və iqtisadi inkişaf naziri Maskim Oreşkin.

Ditrixin 12 dəqiqə davam edən çıxışından sonra Putin hər kəsdən daha qısa danışmağı xahiş etdi. Və bildirdi ki, əks halda səhərə qədər burada qalmalı olacaqlar. Nazir Ditrixin yolların tikintisi üçün ayrılan vəsaitə yenidən baxılması haqda təklifi də Putinin xoşuna gəlmədi. Üstəlik, prezident irad tutdu ki, nazir Uzaq Şərqə daşınan sərnişinlərin sayı ilə bağlı dəqiq məlumat təqdim etmir.

Rusiya prezidentinin iradlarından Maksim Oreşkinə də pay düşdü. Məlum oldu ki, nazir Oreşkin iki gəminin tikintisi ilə bağlı yaranmış maliyyə problemi barədə məlumatlı deyil.

“Axı siz Uzaq Şərqlə bağlı iclasa gəlmisiniz və bu problem barədə məlumatlı olmalı idiniz. Xahiş edirəm, aydınlıq gətirin və hesabat verin”, – deyə Putin narazılığını açıq şəkildə dilə gətirdi.

Rusiya prezidenti həmin vaxt birinci vitse-prezident Anton Siluanovun həmkarını müdafiə etmək cəhdini də boşa çıxardı.

Bu ilin yazında Putin öz mətbuat katibi (2008-ci ildən bu vəzifəni tutur-red:) Dmitri Peskov haqqında sərt danışdı: “Bizim administrasiyada iki min əməkdaş var. Yoxsa siz elə düşünürsünüz ki, mən onların hamısına nəzarət edirəm? Bax, Peskov – mənim mətbuat katibim qarşımda oturub. O hərdən elə şeylər danışır ki, televizora baxıb düşünürəm – o nə danışır? Ona bu göstərişi kim verib?”.

Sonradan Peskov etiraf etmişdi ki, Putinlə iş hər zaman iradlarla müşayiət olunur: “Vladimir Putin çox tələbkar insan, tələbkar rəhbərdir. Bu, tamamilə normal iş prosesidir. Bəzən tənqid daha kəskin, bəzən isə müəyyən qədər kəskin olur”.

Pensiya yaşının artırılması bu yayın əsas mövzusu oldu. Hökumətin elan etdiyi islahat həm Nazirlər Kabinetinin, həm də Putinin özünün reytinqini çökdürdü. Putin özü məsələni bir aydan sonra şərh etdi. Danışanda da məlum oldu ki, məmurların təklif etdiyi variantlardan heç biri xoşuna gəlməyib:

“Müxtəlif variantlar təklif olunub. Soruşanda ki, bu variantlardan hansı xoşuma gəlir, o zamanda da demişəm, indi də deyirəm ki, heç biri. Pensiya yaşının artırılması ilə bağlı heç bir variant xoşuma gəlmir. Sizi əmin edirəm ki, hakimiyyətdə bunu bəyənən az adam var. Niyə? Çünki bu bizim vətəndaşlarımızın əksəriyyətinin xoşuna gələ bilməz”.

Çox keçmədən Putin elan etdi ki, pensiya yaşı qadınlar üçün 63 yox, 60 yaş nəzərdə tutulacaq. Kişilər üçün isə yaş həddi 65-ə qaldırılacaq. Payızda qanun məhz bu formada qəbul olundu.

Bu ilin oktyabrında baş rollarını Qari Oldman və Jerrard Batlerin oynadığı “Hunter Killer” filmi nümayişə çıxarıldı. Süjetə görə, Rusiya prezidentinə qarşı öz admiralı tələ qurur, Putini xilas edən isə amerikalı hərbçi olur.

İlk vaxtlar Rusiya Mədəniyyət Nazirliyi filmin nümayişinə icazə vermədi. Lakin noyabrın 8-də “Hunter Killer” nəhayət ki, nümayiş olunmağa başladı. Mədəniyyət naziri Vladimir Medinskiy filmi “çox axmaq” adlandıraraq onu bəyənmədiyini dilə gətirdi.

Filmlə bağlı Putinin mövqeyini öyrənmək jurnalist Andrey Kolesnikova nəsib oldu. Argentinada “Böyük iyirmiliyn” sammitində jurnalist sualına belə başladı:

– Məğzi belədir ki, Rusiya prezidentini hərbi bazada girov götürürlər. Bunu çevriliş edən müdafiə naziri edir. Rusiya prezidentini isə bazaya daxil olan ABŞ atom sualtı qayığının komandiri xilas edir.

– Bizim bazaya? – Putin təəccüblənir.

– Əlbəttə ki, bizim – Kolesnikov cavab verir.

– Az ehtimal olunan ssenaridir. Bizim ötən il ABŞ-ın Ukraynaya hədiyyə etdiyi iki kiçik qayığımız var və onlar Kerç boğazından keçə bilmədi. Amma sən istəyirsən ki, onların atom sualtı qayığı bizim bazaya daxil olsun. Pis filmdir! – deyən Putin əlini yelləyərək mətbuat konfransını tərk etdi.

Bu ilin aprelində deputatların iştirakı ilə keçirilən iclasda Putin öz xəttini oxuya bilmədi. Senatorların və deputatların çıxışları zamanı Rusiya prezidenti qeydlər aparmışdı. Lakin cavab çıxışı zamanı vərəqə nələr yazdığını başa düşmədi: “Elə bil toyuq pəncəsi ilə yazılıb, özüm baş aça bilmirəm”.

Jurnalist Andrey Kondraşov öz telefilmi üçün götürdüyü müsahibədə Putinə Krımın qaytarılma ehtimalı ilə bağlı sual ünvanladı:

 Krım və Sevastopolu qaytarmağa səbəb ola biləcək hər hansı şərait varmı? – jurnalist soruşdu.

– Nə danışırsınız? Dəli olmusunuz? Belə bir şərait yoxdur və heç vaxt da olmayacaq”, – deyə Putin bildirdi.

Vladimir Putin çıxışlarının heç birində rusiyalı müxalifətçi Aleksey Navalnının adını çəkmir. Lakin bəzən onun fəaliyyətinə toxunur.

Bu ilin iyununda Navalnı prezident seçkilərinə buraxılmayanda Avstriyanın ORF telekanalının jurnalisti Putindən bunun səbəbini soruşdu. Suala cavabında Rusiya prezidenti Navalnını Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə müqayisə edərək onu təlxək adlandırdı: “Bizə daha bir, ikinci, üçüncü və ya beşinci Saakaşvilinin sırınmasını istəmirik”.

Bu ilin aprelində Rusiya Coğrafiya Cəmiyyətinin iclasında məlum oldu ki, Putin hazırkı dünya atlasından narazıdır. Bu səbəbdən də Rusiya prezidenti tarixi və coğrafi həqiqətlərin təhrif olunamayacağı yeni atlasın hazırlanmasına göstəriş verdi.

Bu il Putinin tənqid hədəfinə gələn növbəti sahə sosial şəbəkələr oldu. Sosial şəbəkələrdə pozitivliyin çatışmadığını deyən Rusiya prezidenti bu istiqamətdə iş görən istifadəçiləri təriflədi.

Putinin tənqid hədəfləri arasında hakim “Vahid Rusiya” partiyasının üzvləri də var idi. Partiyanın qurultayında çıxış edən Rusiya prezidenti bildirdi ki, üzlər arasında özünü pis aparanlar var: “Sizdən xahiş edirəm, insanlara qarşı təkəbbürə və hörmətsizliyə heç vaxt yol verməyin. Əvvəla, bu ölkənin zərərinədir. İkincisi də, bu, bütün partiyanı “plintusdan” aşağı səviyyəyə salır”, – deyə Putin bildirib.

Prezidentin konkret olaraq kimi nəzərdə tutduğu qeyri-müəyyən qaldı. Lakin partiya ilə bağlı ən səs-küylü qalmaqal noyabrın əvvəlində baş vermişdi. Həmin vaxt Sverdlovskdan olan məmur Olqa Qlatskix bildirmişdi ki, dövlətin gənclərə heç bir borcu yoxdur.

“Sizə valideynlərinizin borcu var. Çünki sizi onlar dünyaya gətiriblər”, – deyə Qlatskix bildirmişdi. Bu çıxışından sonra onu partiyanın rayon şöbəsinin siyasi şurasından uzaqlaşdırdılar. Dekabrın sonlarında isə özü istefa verdi.

Putin çıxışlarından birində gənclərin tarixi biliklərinin zəif olmasından da gileylənib: “Bizim gənclərdən soruşsanız, ilk kosmonavt kim olub, çoxu əmin olduğunu deyəcək ki, bu hanısa amerikalıdır. Yaxud soruşsanız ki, Peterburqdakı əsas memorial qəbiristanlıq hansıdır, əminəm ki, başqa şəhərlərdə heç kim bunu bilməyəcək”.

Kemerovo meri İlya Seredyuk 2018-ci ildə prezidentin ən sərt tənqidinə tuş gələn məmurdur. Putin onunla Kemerovodakı “Zimnyaya vişnya” ticarət mərkəzindəki məlum faciədən iki sonra görüşdü: “Sizə necə icazə vermisiniz? İki il heç nə yoxlanılmayıb. Yoxlama nə vaxt aparılıb – 2016-da? İndi 2018-di axı. Təhlükəsizlik təmin edilməli idi! Xidmətlər işləməlidir. Hanı bu xidmətlər?”.

Tərcümə Strateq.az-ındır

635x100

Şərhlər

Omer 2018-12-28 22:59:27

Qardawlar bu yad olkenin ,ozudeki ermenilerin dostu olan bir prezidenti ne cox reklam edirsiniz..?

Son yazılar