Aleksey Navalnıy İlham Rəhimovun da bazarını bağlamağa çağırdı

Tanınmış müxalifət lideri: “Biryulevoda baş verənlər “Sadovod”da da təkrarlanır”

Rusiyanın tanınmış müxalifət lideri Aleksey Navalnıy Moskvada üsyana səbəb olmuş “Pokrovka” topdansatış meyvə-tərəvəz bazasının ardınca paytaxtın Maryin rayonunda yerləşən “Sadovod” bazarını da bağlamağa çağırıb.

Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, A.Navalnıy Qərbi Biryulevo rayonunda yerləşən “Pokrovka” topdansatış bazasının yerli sakinlər üçün “kabusa çevrildiyini” deyib. Müxalifət liderinin bildirdiyinə görə, bunun əksinə olaraq bazar Federal Təhlükəsizlik Xidməti (FTX), polis və prefektura üçün əla “Pole çudes”ə çevrilmişdi.

A.Navalnıy deyib ki, iki il boyu yerli sakinlər “Pokrovka” ətrafında oğurluqdan, soyğunçuluqdan, antisanitariyadan şikayət ediblər, ancaq baxan olmayıb: “Eyni şeylər mənim yaşadığım Maryin rayonunda, “Sadovod” bazarı ətrafında da baş verir. “Çerkizovsk” bazarının bağlanmasından sonra onun “sakinlərinin” əksəriyyəti bu bazara yığışıb. Bazarda miqrantlara qarşı reydlər zamanı saxlanılanları sonra pul alıb buraxırlar. Güc strukturları kriminal gettonun himayəçilərinə çevrilib”.

Qeyd edək ki, “Sadovod” bazarı azərbaycanlı milyonçu, prezident Vladimir Putinin tələbəlik dostu olan İlham Rəhimova və onun yəhudi ortağı, əslən Qubadakı Qırmızı Qəsəbədən olan Zarah İliyevə məxsusdur. Bu ilin avqust ayında Putinin göstərişi ilə Rusiyada miqrantlara qarşı kütləvi reydlər başlayanda OMON “Sadovod”da 1000-dən çox miqrantı saxlamışdı.

Rusiya mənbələrinin xəbərlərinə görə, “Pokrovka”nın bağlanmasının ardınca OMON, FTX və Miqrasiya Xidməti Moskvanın digər bazarlarında, o cümlədən “Sadovod”da yeni reydlərə başlayıb. “Life News” xəbər verir ki, Moskva Dairəvi Avtomobil Yolunun 14-cü kilometrliyində yerləşən “Sadovod” miqrantların kütləvi toplaşdığı nöqtələrdən biridir və polis oranı mümkün iğtişaşlar üçün riskli bölgə elan edib.

Həmçinin “Kaşirskiy dvor”, “Dmitrovski” bazarları da risk zonasındadır. Bildirilir ki, artıq sentyabrın 28-də “Sadovod”un yaxınlığında miqrantlarla rus millətçiləri arasında kütləvi dava olmuşdu.

Virtualaz.org

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar