“TƏMAS XƏTTİNƏ BEYNƏLXALQ POLİS QÜVVƏLƏRİ YERLƏŞDİRİLSİN” – “Rusiyanın geri dönməsinə razılaşmaq olmaz”

Dərc olunub: 01/01/2019 - 12:03

sulheddin ekberSülhəddin ƏKBƏR,
Azad Demokratlar Partiyasının sədri

(Bir daha Azərbaycana qarşı aparılan vəkalət müharibəsinin nəticələrinin ortadan qaldırılması və işğal altındakı ərazilərin azad edilməsi haqqında)

Yola salmaqda olduğumuz 2018-ci il həlledici mərhələyə daxil olmuş geopolitik qarşıdurmanın qlobal və regional miqyasda (xüsusilə Böyük Orta Şərqdə və postsovet məkanında) nisbi, aşağı intensivlikli və “yumşaq”, yəni “yumşaq güc” komponentlərindən daha çox istifadə edilməklə kəskinləşməsilə əlamətdar oldu.

Geopolitik qarşıdrmanın kəskinləşməsi, təbii, geostrateji, geoekonomik və geokültürəl qarşıdrmanın kəskinləşməsilə müşayət olundu.

Qlobal və regional miqyasda, xüsusilə də İran ətrafında, Qara və Azov dənizləri akvatoriyasında baş verən bütün bu proseslər, öz mənfi meyl və təsirlərilə birlikdə, Cənubi Qafqaz və Xəzər regionuna, buradakı regional münaqişələrə, eyni zamanda Azərbaycana və ona qarşı aparılan strateji vəkalət müharibəsinə, onun gedişinə birbaşa və dolayı yolla təsirsiz ötüşə bilməzdi.

Xüsusən də İran, onunla birlikdə Azərbaycan məsələsinin beynəlxalq və regional gündəliyə gətirilməsilə aktuallaşdırılması, İran ətrafındakı ölkələrin yenidən siyasi formatlanması, bu kontekstdə Ermənistanda “məxməri inqilab”ın həyata keçirilməsi Azərbaycan Respublikasına, ona qarşı aparılan vəkalət müharibəsinə, strateji münaqişənin gedişində süni şəkildə formalaşdırılmış status-kvoya və münaqişənin həllilə bağlı aparılan danışıqlar prosesinə, bütün dolayı təsirlərilə birlikdə, birbaşa təsir göstərməkdədir.

İran, eyni zamanda Azərbaycan məsələsinin aktuallaşması qarşıduran tərəflərin, əsasən ABŞ və Rusiya Federasiyasının (RF) İranın şimalında – Azərbaycan Respublikasında və Xəzərdə öz iştiraklarını, o cümlədən hərbi iştiraklarını təmin etmək, inkişaf etdirmək və gücləndirmək, aktivliklərini artırmaq ehtiyaclarını da aktuallaşdırdı. Bu da gərginliyin daha da artmasını, onsuz da gərgin olan münasibətlərin kəskinləşməsini və vasitəli və ya dolayı yolla qarşıdurmanın artmasını, sərtləşməsini qaçılmaz edir.

2018-ci ilin yazından başlayaraq, Cənubi Qafqaz və Xəzər regionunda, eyni zamanda Qara və Azov dənizləri akvatoriyasında ard-arda baş verən bir sıra əhəmiyyətli və mühüm, eyni zamanda bəzi tarixi hadisələr:

– Prezident Trampın ABŞ-ın İranla onun nüvə proqramı ilə bağlı olaraq 5+1 formatında imzalanan “Birgə əhatəli fəaliyyət planı”ndan çıxması haqqında memorandumu imzalaması və onu rəsmi bəyan etməsi (08 may 2018-ci il);

– demək olar ki, eyni zamanda Vaşinqtonun “səssiz” dəstəyilə RF-nin regionda forpostu olan Ermənistanda “məxməri inqilab”ın həyata keçirilməsi (23 aprel-08 may 2018-ci il);

– bundan dərin narahatlıq keçirən Rusiya Federasiyasının 22 illik (!) müzakirələrdən sonra dənizə sahili olmayan dövlətlərin (ilk növbədə, ABŞ, Böyük Britaniya, Türkiyə Cümhuriyyəti və NATO-üzvü olan digər dövlətlərin, həmçinin İsrailin) hərbi giriş və iştirak imkanını ortadan qaldıran Xəzər Konvensiyasını qəbul etdirməsi (12 avqust 2018-ci il);

– strateji vəkalət müharibəsinə cəlb etdiyi tərəflərə öz maraqlarına uyğun müvəqqəti sülh sazişi layihəsi təqdim etməklə, “sülhməramlı qüvvələr” adı altında öz silahlı qüvvələrini işğal bölgəsinə – Azərbaycan Respublikasına yeritməyə ciddi cəhd etməsi (bunu Belarus Prezidenti Lukaşenko mətbuata açıqladı);

– ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun xüsusi missiya ilə regiona səfər etməsi (24-25 oktyabr 2018-ci il) və münaqişənin rəsmi, formal tərəfləri olan AR və ER-ə münaqişənin həllilə bağlı “daha yaxşı” müqavilə və silah təklif etməsi;

– ABŞ və Qərbin dəstəyilə Ukrayna Provaslav Kilsəsinin Rusiya Provaslav Kilsəsindən ayrılması və inzibati müstəqillik əldə etməsi (6 yanvar 2019-ci ildə İstanbulda Ümumdünya Patriarxatlığı tərəfindən Tomosun verilməsilə bu prosesin başa çatması gözlənilir);

– buna qarşı asimmetrik cavab olaraq, Rusiyanın hərbi gücdən istifadə etməklə, üç hərbi gəmisi və 24 hərbçisini ələ küçirməklə Ukraynanın üzünə Azov dənizini bağlaması və nəticədə “Kerç böhran”ının yaranması (25 noyabr 2018-ci il);

– Gürcüstanda keçirilən (28 oktyabr-28 noyabr 2018-ci il) prezident, Ermənistanda keçirilən (9 dekabr 2018-ci il)parlament seçkiləri və onların ilkin siyasi və coğrafi-siyasi nəticələri;

– nəhayət, Azərbaycan Respublikasında erkən prezident seçkilərinin (11 aprel 2018-ci il), TANAP-ın açılış mərasiminin (12 iyun 2018-ci il), Brüsseldə eyni bir gündə ABŞ və AR-in Xarici işlər və Müdafiə nazirlərinin birgə görüşünün və AR-lə Avropa Birliyi arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimininkeçirilməsi (11 iyul 2018-ci il), onun ərəfəsində isə Mingəçevir İES-də “qəza”nın və Gəncə şəhərində məlum terror hadisəsinin baş verməsi (3 iyul 2018-ci il)10 iyul 2018-ci il, saat 20:00-a (!) mitinqin təyin edilməsi və yüksək rütbəli iki polis zabitinın bıçaqlanaraq öldürülməsi bunu əyani şəkildə göstərməkdədir.

Həm İran (və Azərbaycan) məsələsinin aktuallaşması, həm postsovet məkanının, xüsusən də C. Qafqaz və Xəzər regionunun geopolitik inkişafı beynəlxalq birlik tərəfindən məqsədyönlü şəkildə rəsmi olaraq “Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi” adlandırılan strateji münaqişədəki (1994-cü ilin mayından) mövcud çoxillik staus-kvonun dəyişdirilməsi ehtiyacını ortaya çıxarır.

Onun ilk açıq əlamətləri, öncəki məqaləmdə (“Strateq.az”, 04 iyun 2018-ci il, http://strateq.az/manshet/257868/regionda-yeni-boyuk-oyun-basladi.html) də qeyd etdiyim kimi, ABŞ və Fransa prezidentlərinin Respublika günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Azərbaycanlı həmkarlarına göndərdiyi məktublarda “Dağlıq Qarabağ məsələsi”lə bağlı verdikləri mesajlarda görünməyə başladı.

ABŞ Prezidenti Donald Trampın bu münasibətlə göndərdiyi təbrik məktubunda açıq şəkildə deyilir ki, “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır”.

Bu açıq mesajlar, eyni zamanda hər iki həmsədr dövlətin Xarici işlər nazirlərinin verdiyi tamamlayıcı bəyanatlar, gec olsa da, rəsmi Bakının, eyni zamanda hamımızın “qarşıdan gələn aylar”da nələrin baş verə biləcəyi haqqında ciddi düşünməsini tələb edir…

Belarus Prezidenti Aleksandr Lukaşenkonun AR-in işğal altında olan 5 rayonunun geri qaytarılması, əvəzində RF və Belarusun “sülhməramlı qüvvələri”nin yaranacaq yeni təmas xəttində, yəni Azərbaycan Respublikasında yerlədirilməsi haqqında ER-in sabiq Prezidenti Serj Sarkisyana verdiyi təklif haqqındakı mətbuata məlum açıqlamaları və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Mixail Boçarnikovun 24 dekabr 2018-ci ildə Bakıda keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar yaranmış status-kvonun mümkün dəyişdirilməsi perspektivlərinə işıq salacaq xarakterdədir.

Səfir Boçarnikov deyib ki, “2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq”. Ona görə, bunun əsası artıq cari ildə qoyulub, yüksək səviyyədə bir neçə görüş keçirilib. O bildirib ki, “2019-cu ilin yanvar ayında da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir”. O, həmçinin Rusiyanın münaqişənin həllinə köməyi davam etdirməyə hazır olduğunu da bildirib (“Strateq.az”, 24 dekabr 2018-ci il, http://strateq.az/gundem/307581/rusiya-səfiri-10.html).

Beləliklə, açıq şəkildə görünür ki, rəsmi Bakı Rusiya Federasiyasının (RF) vəkilləri Ermənistan Respublikası (ER) və separatçı “DQR” vasitəsilə Azərbaycan Respublikasına (AR) qarşı apardığı vəkalət müharibəsinin nəticələrinin ortadan qaldırılması, işğal altındakı ərazilərin azad edilməsi, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi, sərhəd toxunulmazlığı və konstitusiya quruluşunun bərpa edilməsi üçün, çox gec olsa da, nəhayət, hərtərəfli (geniş), dərin və uzunmüddətli – strateji dövlət proqramı (SDP) işləyib hazırlamalıdır.

Bu proqram əsasında da qısa, orta və uzunmüddətli fəaliyyət planı (FP) işlənib hazırlanmalı, məqsədyönlü, sistemli, ardıcıl və davamlı olaraq həyata keçirilməlidir.

Strateji dövlət proqramının:

– hərtərəfli olması, onun həm üst (geopolitik, geostrateji, geoekonomik və geokültürəl), həm də alt səviyyəli (siyasi, hərbi, iqtisadi və mədəni) bütün sahələri əhatə etməsini;

– dərin olması, onun strateji, tarixi, coğrafi, mədəni, sosial və s. dərinliyini;

– uzunmüddətli olması isə, strategiyanın başlıca ünsürləri olan zaman, məkan (şərait) və güc nəzərə alınmaqla, uzun zamana yayılmasını nəzərdə tutur.

AR-in SDP və müvafiq FP-nin səmərəli və təsirli şəkildə həyata keçirilməsi üçün ilk növbədə:

– hüquqi baza yaradılmalı;

– işğal olunmuş ərazilərin hüquqi statusu, onların reinteqrasiyası və s. haqqında qanunlar qəbul edilməli;

– Reinteqrasiya Mərkəzi (mövcud şərait, şərtlər, işin həcmi və s. amillər nəzərə alınmaqla, idarə, baş idarə, xidmət, komitə və nazirlik də ola bilər) yaradılmalıdır.

AR-in müasir demokratik dövlətə çevrilməsi, daxili gücünün, eyni zamanda beynəlxalq nüfuz və etibarının artırılması, güvənilir bir dövlətə çevrilməsi və beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün hər şeydən öncə (çox gec olsa da):

– plüralizm;

– demokratiya və insan haqları;

– hüququn üstünlüyü və qanunun aliliyi;

– azad rəqabətə dayanan sərbəst bazar iqtisadiyyatı;

– və sosial ədalət prinsiplərinə söykənən müasir azad və demokratik dövlət quruculuğu həyata keçirilməyə başlanmalıdır.

Bunun üçün də ilk növbədə:

– AR Konstitusiyasının 1-ci maddəsinə əməl edilməli;

– ölkədə azad və ədalətli prezident, parlament və bələdiyyə seçkiləri keçirilməli;

– milli iradə əsasında ali dövlət hakimiyyətinin bütün qolları, eyni zamanda yerli hakimiyyət orqanları formalaşdırılmalı;

– açıq və şəffaf fəaliyyət göstərən hesabatlı hökumət qurulmalı;

– geniş və dərin demokratik islahatlar aparılmalı;

– inhisarçılıq, gizli iqtisadiyyat, rüşvətxorluq və korrupsiyaya, eyni zamanda qohumbazlıq, tayfabazlıq, yerlibazlıq və regionçuluğa qarşı səmərəli və effektli real mübarizə aparılmalıdı.

Beləliklə, AR, qısa zamanda erməni əsilli vətəndaşlarımız üçün də yaşamaq və işləmək üçün tam təhlükəsiz, etibarlı, cəlbedici, çəkici və faydalı bir ölkəyə çevrilməlidi. AR vətəndaşı olaraq yaşamaq onların maraq və mənafelərinə cavab verməlidir. Onlar AR vətəndaşı olaraq yaşamağı, həyatlarına davam etməyi könüllü olaraq özləri seçməlidir.

AR erməni əsilli öz vətəndaşlarına sahib çıxmalı, onları yenidən qazanmalıdır. Bu, onun qarşısında duran başlıca strateji vəzifələrdən biridir.

Bunun üçün ilk növbədə:

– AR-ə dost olmayan və düşmən olan xarici güclərin – RF və ER-in, erməni diasporu və lobbisi başda olmaqla bir sıra xarici güc mərkəzlərinin ölkəmizə, xüsusilə də “DQR”-ə təsiri minimuma endirilməli, mümkünsə, ortadan qaldırılmalı;

– keçmiş DQMV ərazisində yaşayan erməni əsilli vətəndaşlarımıza seçici yanaşılmalı;

– separatçılar, ağır və xüsusilə ağır cinayət işləyənlər sadə vətəndaşlardan ayrılmalı və marginal duruma gətirilməli;

– sadə vətəndaşlara qarşı isə stimullaşdırıcı, təşviqedici, cəlbedici və çəkici yanaşmalar tətbiq edilməli;

– onlarla (mümkün olan) bütün sahələr və səviyyələr üzrə əlaqələr qurulmalı, bu əlaqələr intensiv şəkildə inkişaf etdirilməli və möhkəmləndirilməli;

– beləliklə, onlar – keçmiş DQMV ərazisində yaşayan erməni əsilli öz vətəndaşlarımız dövlət və cəmiyyət tərəfindən sahiblənməli və qazanılmalıdırlar.

Bunun üçün ayrıca xüsusi dövlət proqramı və ona uyğun fəaliyyət planı işlənib hazırlanmalı və həyata keçirilməlidir.

Bu sahədəki xüsusi dövlət proqramı və fəaliyyət planının koordinasiyalı şəkildə həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti AR-in Milli Təhlükəsizlik Şurası etməlidi.

Bu işə başda XİN, RM, XKX, DTX, DİN, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət Nazirliyi olmaqla, bütün müvafiq dövlət və hökumət qurumları cəlb edilməlidir.

Beynəlxalq birliyin, yanlış olaraq rəsmi Bakının da qəbul etdiyi kimi, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlandırdığı “münaqişə”nin həlli ilə bağlı hazırda RF tərəfindən irəli sürülən və qəbul edilməsi üçün tərəflərə təzyiq edilən “müvəqqəti həll variantı”na münasibətə gəldikdə isə, Azərbaycan Respublikası, rəsmi Bakı:

– qlobal və regional geopolitik qarşıdurmanın artıq çoxdan (23 fevral-18 mart 2014-cü il tarixində Krımın RF tərəfindən işğal və ilhaq edilməsilə başlayan Ukrayna böhranı sonrası) həlledici mərhələyə daxil olduğunu;

– bu səbəbdən qlobal və regional geopolitik, geostrateji və hərbi-siyasi durumun dinamik dəyişdiyini, burulğanlı – turbulent inkişaf etdiyini;

– Yaxın və Orta Şərqdə yaranmış, dinamik dəyişən strateji durumu və onun başlıca inkişaf meyllərini;

– ABŞ, İsrail və Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələrinin İran, eyni zamanda Azərbaycan məsələsini beynəlxalq, xüsusilə də regional gündəliyin aktual məsləsi halına gətirdiyini;

– GUAM məkanında, Qara və Azov dənizi akvatoriyasında, Cənubi Qafqaz və Xəzər regionunda yaranmış yeni strateji durumu;

– təbii müttəfiqi və yeganə strateji tərəfdaşı olan qardaş TC-nin hazırda RF ilə operativ-taktiki yaxınlaşmasını, onunla strateji əməkdaşlıq qurmasını və inkişaf etdirməsini;

– İran məsələsinin aktuallaşması ilə əlaqədar olaraq onun ətrafında olan ölkələrin yenidən formatlanmasını, xüsusilə siyasi formatlanmasını;

– qonşu Gürcüstanın, xüsusilə düşmən Ermənistanın siyasi inkişafını, “məxməri inqilab” edərək, demokratik siyasi-strateji seçim etməsini;

– demokratik siyasi-strateji seçim etmiş ER-in artan xətlə beynəlxalq nüfuz və dəstək qazanacağını;

– bu strateji qarşıdurmada məhz strateji ehtiyatları böyük olan tərəfin, ABŞ və müttəfiqlərinin qazanacağının gözlənildiyini;

– mövcud geopolitik, geostrateji və hərbi-siyasi şəraitə uyğun olaraq manevrlər edilməsi zamanı risklərin və yanlış addımların hesabının kəskin artdığını;

– edilən operativ və taktiki gedişlərin strateji məqsədə zidd olmamalı, öz əl-qolunu bağlamamalı olduğunun zəruriliyini;

– Moskvanın yaxın dəstəyilə qurduğu kriminal avtoritar-oliqarxiya sisteminin və repressiv rejimin daxili və xarici resurslarının sürətlə tükənməkdə olduğunu;

– ölkədəki mövcud sosial-iqtisadi durumu, mümkün sosial-siyasi inkişaf perspektivlərini, gizli-latent, “sürünən”kütləvi etirazın artmaqda, böyüməkdə olduğunu;

– AB ilə strateji tərəfdaşlıqla bağlı yeni sazişin imzalanmasına hazırlıqla əlaqədar olaraq, xüsusilə də fiskal sistemlə (gömrük-vergi sistemi) və “gizli iqtisadiyyat”la bağlı, nəzərdə tutulan islahatları və onların mümkün sosial-iqtisadi və sosial-siyasi nəticələrini;

– xüsusən də, yaranmış və inkişafda olan əlverişsiz daxili və xarici şəraitdə həyati milli maraqlarımızla bağlı olan bu məsələ ilə əlaqədar atılacaq yanlış bir addımın bütün mümkün geridönməz acı və ağır nəticələrini nəzərə almalıdır.

Rəsmi Bakı bütün bunlarla bərabər, ümumiyyətlə:

– ER-in regionda, Azərbaycan türklərinin əzəli torpaqlarında başda Rusiya və Sovet imperiyaları olmaqla, xristian dünyası tərəfindən məqsədyönlü şəkildə yaradılmış, bugünədək davamlı olaraq genişləndirilmiş süni xristian dövləti olduğunu;

– Qərb dünyasının gözündə ermənilərin qədim şərq xristianlığını təmsil etdiyini, müsəlmanlarla sərhəddə xristianlığı “fədakarlıqla” qoruduğunu, müsəlman türklər tərəfindən “soyqırıma” məruz qaldığını, “seçilmiş”, əzabkeş və əziz xalq kimi qəbul edildiyini;

– dünyanın ABŞ, Rusiya və Fransa kimi böyük, BMT TŞ-nin daimi üzvü, Minsk qrupunun həmsədrləri olan dövlətlərində güclü və təsirli diaspora və lobbiyə sahib olduğunu;

– AR-insə, müsəlman və neft ölkəsi olduğunu, Avropanın, həmçinin Yeni Avropanın periferiyasında yerləşdiyini;

– onun müasir demokratik inkişaf yoluna çıxmasında, inkişaf edib güclənməsində, xüsusən də ER-dən öncə, maraqlı olmamasını;

– söhbət mövzusu müsəlmanlar və ya hər hansı bir müsəlman ölkəsi olduqda xristian ölkələrinin, bu halda ABŞ, RF və Fransanın ümumi dil tapacağını unutmamalı və bu səbəblərə görə də, ilk növbədə düzgün – demokratik strateji seçim etməlidir.

Rəsmi Bakı eyni zamanda dinamik dəyişən və inkişafda olan qlobal və regional şəraitə uyğun olaraq edəcəyi operativ-taktiki manevr və gedişlərlə, strateji perspektiv baxımından, öz əl-qolunu bağlamamalıdır.

Faktiki olaraq, Ermənistan yeganə dövlətdir ki, ABŞ və Qərb onun Rusiya ilə ittifaqına, əgər bu münasibətlər Ermənistanın suverenliyi hesabına deyilsə, nə regional, nə də geopolitik planda (ən azı, hələ ki) problem kimi baxmır.

Yaranmış mövcud durumda AR, bütün bunları nəzərə almalı və müzakirə üçün öz alternativ təkliflərini verməlidir.

Azərbaycan Respublikası ilk növbədə:

– yaranmış yeni qlobal və regional strateji şəraiti;

– həlledici mərhələyə daxil olmuş geopolitik, strateji qarşıdurmanın gözlənilən nəticələrini;

– strateji tərəfdaşı və təbii müttəfiqi olan TC-nin artan regional gücü və beynəlxalq nüfuzunu;

– yeganə supergüc olan ABŞ-la pozulan münasibətlərinin sürətlə normallaşmaqda olduğunu;

– ayrıca, onun RF ilə, hələ ki, inkişafda, yüksəlişdə olan, sıxlaşan və strateji əməkdaşlıq xarakteri almaq yönündə gedən münasibətlərini, eyni zamanda bu münasibətlərin ortaya çıxan operativ-taktiki ehtiyaclardan irəli gəldiyini;

– müxtəlif səbəblər, o cümlədən getdikcə genişləndirilən və sərtləşdirilən sanksiyalar üzündən yaxın perspektivdə (3-5 il ərzində) RF-nin zəifləmə meylinə girəcəyini də nəzərə alaraq, işğal altındakı 5 rayonun geri qaytarılması müqabilində RF SQ-nin 25 ildən sonra “sülhməramlı qüvvələr” adı altında yenidən geri dönüşünə izin verməməlidir.

Bunun üçün rəsmi Bakı sıradakı təkilfləri (burada münaqişə və mübahisə predmeti olan başlıca və əsas məsələlərə yer verilib) müzakirəyə təqdim etməlidir.

I mərhələdə:

– keçmiş DQMV ətrafında yerləşən 7 rayon işğaldan azad edilsin;

– “Laçın dəhliz”i ilə bərabər, “Mehri dəhlizi”nə analoji müvəqqəti status verilsin;

– təhlükəsizliyin təmin edilməsi üçün Suriyada tətbiq edilən və ciddi uğurlu nəticələr verən “İdlib modeli”modifikasiya edilərək və yerli şəraitə uyğunlaşdırılaraq tətbiq edilsin;

– yeni yaranacaq təmas xəttinə beynəlxalq polis qüvvələri yerləşdirilsin.

Yeni yaranacaq təmas xəttinə BMT və ya ATƏT-in himayəsi altında TC  RF-nin hərbi deyil (!), polis funksiyası yerinə yetirən qüvvələri yerləşdirilsin.

Onların əsas funksiyası tərəflərin müvəqqəti saziş və ya razılaşmaya əməl etməsinə nəzarət və müşahidə olsun.

Azərbaycan tərəfdə – yeni təmas xəttinin xaricində TC-nin, erməni tərəfində – təmas xəttinin daxilində isə RF-nin Nəzarət və Müşahidə Məntəqələri (NMM) qurulsun.

II mərhələdə:

– işğalçı ER SQ tam tərkibdə, keçmiş DQMV ərazisi də daxil olmaqla, AR-dən çıxarılsın;

– etnik təmizləməyə məruz qalan və hazırda sayları 80 min olan məcburi köçkünlərin hamısı öz doğma yerlərinə və evlərinə dönsün;

– məcburi köçkünlər öz yerlərinə və evlərinə döndükdə isə əksinə, keçmiş DQMV-nin inzibati sərhədləri daxilindəki Azərbaycanlı yaşayış məntəqələrinin ətrafında yaradılacaq “təmas xətləri”nin daxilində TC-nin, xaricində isə RF-nin NMM-ləri qurulsun.

III mərhələdə:

– keçmiş DQMV ərazisində yaşayan AR-in erməni, eyni zamanda Azərbaycan (türk, kürd və s.) əsilli vətəndaşlarının bütün tələblərinin müzakirəsi başlasın;

– dinc danışıqlar (bu danışıqları rəsmi Bakı birbaşa, heç bir vasitəçi olmadan da apara bilər) yolu ilə əldə edilən birgə razılaşma öncə AR parlamentində müzakirə edilsin, ardınca, əgər onun tövsiyə qərarı olarsa, qanuna müvafiq formada ümummilli – Azərbaycan miqyasında keçirilən referenduma çıxarılsın.

IV mərhələdə isə bu tələblər AR-in həyati milli maraqları, konstitusiyası, beynəlxalq hüququn norma və prinsipləri, nəhayət, referendumun nəticələri nəzərə alınmaqla təmin edilsin.

Bütün əlamətlərilə aşkar göründüyü kimi, qarşıdan özü ilə bərabər çoxsaylı risk, çağırış, meydan oxuma və təhdidlər gətirən, çox ağır və çətin keçəcəyi gözlənilən bir il – 2019 gəlir. Tanrı millətimizi və dövlətimizi qorusun! Amin!

Xüsusi olaraq “Strateq.az” üçün










loading...


Fikrinizi bildirin