Milli Şuradan DİN-ə mitinq cavabı

«Mitinqlər dinc şəkildə, heç bir qanun pozuntusu olmadan davam edəcək»

9 oktyabr seçkilərinin analoqu olmayan saxtakarlıq şəraitində keçirildiyinə etiraz olaraq, xalqa hakimiyyətin növbəti cinayətini çatdırmaq məqsədilə və bundan sonrakı fəliyyət haqqında xalqa məlumat vermək üçün Milli Şura oktyabrın 12-də Yasamal rayonunda yerləşən “Məhsul” stadionunda izdihamlı mitinq keçirdi. Mitinqdə çıxış edən liderlər mübarizənin davamlı olacağını və qanunun imkan verdiyi bütün etiraz formalarından istifadə ediləcəyini bildirdilər.

Artıq növbəti mitinqin vaxtı təyin edilib və Milli Şura bu məqsədlə oktyabrın 14-də BŞIH-ə müraciət edib.

Milli Şura növbəti mitinqi oktyabrın 20-də, saat 16:00-da, əvvəlki mitinqlərin də keçirildiyi “Məhsul” stadionunda keçirməyə qərar verib.

Onu da qeyd edək DIN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya açıqlamasında Milli Şuranın mitinq keçirməsinə münasibət bildirib: “Belə davam edərsə, paytaxt sakinlərinin çoxsaylı müraciətlərini də nəzərə alan DIN ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı təmin edilməsi məqsədi ilə BŞIH qarşısında vəsatət qaldıra bilər ki, bundan sonra onların mitinq, yürüş keçirmək barədə müraciətləri ilə razılaşmasın. Bir daha bildirirəm ki, belə vəsatət yalnız ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunmasına xidmət edərdi”- deyə Ehsan Zahidov bildirib.

Milli Şura üzvü, Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov azadlıq.info-ya bildirib ki, Milli Şuranın kütləvi mitinqlər keçirmək üçün kifayət qədər əsası var və bu mitinqlər dinc şəkildə, heç bir qanun pozuntusuna yol verilmədən həyata keçirilir: “9 oktyabrda hakimiyyətin növbəti dəfə dövləti cinayətə yol verməsi, Cəmil Həsənlinin birmənalı qələbəsinin oğurlanması, eyni zamanda ATƏT-in, ABŞ-ın, Böyük Briyaniyanın və digər təşkilatların seçkiyə verdiyi rəy əsas verir ki, bizim mitinqlər davam etsin və xalq həqiqətləri bilsin. Milli Şura oktyabrın 20-də keçiriləcək mitinqə hazırlıqlara başlayıb və bu mitinqin də əsas məqsədi prezident seçkilərinin təkrar keçirilməsi, xalqın seçiminə hörmətlə yanaşılması, saxtakarların ifşa edilməsidir”.

Həsən Kərimov DIN mətbuat xidmətinin rəhbəri Ehsan Zahidovun fikirlərinə də münasibət bildirdi: “Bu fikirlər onu göstərir ki, DIN ictimai-siyasi asayişi qorumaq, mitinqin təhlükəsizliyini təmin etmək əvəzinə, siyasi fəaliyyətlə məşğul olur. Mən bu fikirlərin Ehsan Zahidovun şəxsi təşəbbüsü deyil, Prezident Aparatından qaynaqlandığı qənaətindəyəm. Mitinqlərin artan xətt üzrə davam etməsi, insanların haqqları uğrunda mübarizəyə qalxması hakimiyyəti ciddi narahat edir və buna görə də bu cür addımlar atmaq istəyirlər. Mitinqlərdə asayişin pozulmasına gəlincə, asayişi pozanlar, vətəndaşlara fiziki zor tətbiq edənlər, təxribat törədənlər DIN əməkdaşlarıdı və biz onların bir neçəsinin ad və soyadlarını da bilirik. Bu adamlar hər dəfə mitinqə gəlib öz tapşırıqlarını yerinə yetirirlər və nazirlik istəsə, bu adamlar haqqında məlumatları təqdim edə bilərik”.

Milli Şuranın üzvü Gülağa Aslanlı da mitinqlərin davamlı olacağını və hakimiyyətin saxtakarlığına qarşı bütün vasitələrdən istifadə ediləcəyini bildirdi: “Mitinq keçirmək, ölkədəki bərbad vəziyyəti xalqın müzakirəsinə çıxarmaq bizim haqqımızdır və bu haqqımızdan da istifadə edəcəyik. Mitinqlə bağlı hazırlıqlar başlayıb, yüksək əhaval-ruhiyyə hökm sürür və bu mitinq də yüksək səviyyədə başa çatacaq. DIN mətbuat xidmətinin açıqlamasına gəlincə, deyə bilərəm ki, indiyə qədər Milli Şuranın mitinqlərində heç bir qanun pozuntusuna yol verilməyib. Əgər hansısa insident, qarşıdurma yaranıbsa, bu, hakimiyyətin əvvlcədən planlaşdırdığı ssenari olub. Öz adamlarını çaxnaşma salmaq üçün təlimatlandırırlar. DIN-in bu cür mövqe sərgiləməsi biabırçılıqdır və bu qurumun öz səlahiyyətini aşmaq cəhdidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar