NEFT UCUZLAŞIR: İQTİSADİYYATI NƏ GÖZLƏYİR? - OPEK mənasiz quruma çevrilir

Neftin qiymətilə bağlı bədbin proqnozlar özünü doğruldur

Bütün siyasi bəyanatlara, milli statistikamızın açıqladığı və "heç kimdə şübhə doğurmayan" rəqəmlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının neftdən asılılıq səviyyəsi demək olar ki, dəyişməz olaraq qalır. Və görünən odur ki, bu asılılıq narkotik asılılığı kimi hələ uzun müddət milli iqtisadiyyatımızın xəstə canından çıxmayacaq.

Ancaq "neft iynəsinə" oturan təkcə Azərbaycan deyil, bazarda bizdən qat-qat daha iri gövdəli, nəhəng iştirakçılar var ki, onlar da "qara qızılın" əsirinə çevriliblər və gözlərini neft çəlləklərinə görə ödənən "yaşıl kağıza" dikiblər. Və bizim kimi onları da ən çox narahat edən məsələ getdikcə daha çox "qara qızıl" verib, əvəzində daha az "yaşıl kağız" almalarıdır.

OPEK mənasız quruma çevrilir

Ötən ilin son iki ayında baş verənlər bir daha göstərdi ki, ABŞ dünya bazarında neftin qiymətini asanlıqla idarə etməyə qadirdir. Rusiya və İrana qarşı sanksiyalar, Yaxın Şərqdəki münaqişələr və digər siyasi səbəblər məntiqlə dünya bazarında neftin qiymətinin ən azından enməməsinə xidmət etməli idi. Hətta bəzi optimistlər oktyabrda qiymət 80 dolları ötərkən, bu şərtlər daxilində neftin bir barrelinin tezliklə 100 dollara satılacağını deyirdilər. Ancaq çox qısa müddətdə qiymətlər "kəllə-mayallaq" olaraq, az qala 40 dollara yaxınlaşdı.

Doğrudur, hazırda qiymət 52 dollar civarındadır. Ancaq ən optimist təhlilçilər belə, neftin ciddi şəkildə bahalaşacağına dair proqnoz verməkdən çəkinirlər. Əksinə, qiymətin 40 dollaradək enəcəyini proqnozlaşdıranlar xeyli çoxalıb. Mütəxəssislər xüsusilə 2019-cu ilin ikinci kvartalından başlayaraq, neftin ucuzlaşması ehtimalının yüksək olduğunu iddia edirlər. O da məlumdur ki, hətta neftin qiymətinin hazırkı 52 dollar səviyyəsində qalması belə, istehsalçı ölkələr üçün sərfəli deyil. Məsələn, hələ noyabr ayında Rusiya prezidenti Vladimir Putin minimum 60 dollar səviyyəsini Rusiya üçün məqbul hesab etdiyini demişdi. Ancaq çox keçmədi ki, qiymət 50 dollardan da aşağı düşdü. Və məşhur OPEK təşkilatı, eləcə də onunla əməkdaşlıq edən neft ölkələrinin bütün səylərinə baxmayaraq, qiymətlərin artmasına və stabilləşməsinə heç cür nail olmaq mümkün deyil. Hətta artıq mütəxəssislər OPEK-i "zombi təşkilat" adlandırmağa başlayıblar. Buna səbəb kimi isə bu qurumun dünya bazarında qiymətlərə müstəqil surətdə təsir etmə imkanlarının az qala sıfıra yaxınlaşması göstərilir.

Belə ki, dekabrın əvvəlində baş tutmuş iclasda təşkilata üzv olmayan Rusiyanın iştirakı və iradəsi olmadan hər hansı qərarın qəbul edilməsi mümkün olmurdu. Həmin iclasda yalnız Rusiyanın səyləri nəticəsində az qala bir-birilə düşmənə çevrilmiş iki müsəlman ölkəsi - Səudiyyə Ərəbistanı və İran arasındakı ziddiyyəti aradan qaldırmaq mümkün oldu və gündəlik hasilatın 1.2 milyon barrelə qədər azaldılmasına dair qərar qəbul edildi. Ancaq bu qərarın bazara təsiri heç bir həftə də çəkmədi. Dekabrın 7-si qərar qəbul olunandan sonra qiymətlər bir qədər "dirçəlsə" də, artıq ayın 13-dən etibarən sürətlə ucuzlaşma müşahidə olunmağa başladı. Bütün bunlardan irəli gələrək, bir çox neft hasilatçısı ölkələrin rəhbərləri, həmçinin Azərbaycanın dövlət başçısı OPEK-in qərarlarının çox vaxt lazımi effekt vermədiyini bildirirlər.

Ümumiyyətlə, il ərzində qiymətin dəyişməsi dinamikası OPEK-in bazara nəzarət imkanlarının olmadığını ortaya qoyur. Belə ki, oktyabrın 3-də 61.8 dollara olan Brent markalı neft, dekabrın 25-də 49 dollara endi.

Mütəxəssislər bildirirlər ki, OPEK-in mənasız quruma çevrilməsinin əsas səbəbi təşkilata üzv ölkələrin çox zaman əldə olunan razılıqlara əməl etməməsidir. Digər vacib məsələ isə artıq dünya bazarının administrativ yollarla, qərarlarla tənzim olunmasının mümkünsüzlüyüdür.

ABŞ-a istənilən qiymət sərfəlidir

ABŞ prezidenti Donald Tramp mütəmadi olaraq, neft qiymətlərinin münasib olmasını istədiyini bəyan edib. O, bildirir ki, qiymətlərin ucuz olması ABŞ iqtisadiyyatı üçün daha sərfəlidir. Ancaq mütəxəssislər ABŞ prezidentinin bu bəyanatlarını birmənalı qarşılamırlar. Məsələ ondadır ki, artıq ABŞ dünyanın ən böyük neft ölkəsinə çevrilməkdədir. OPEK-in özünün hesablamalarına görə, yaxın 17 il ərzində ABŞ dünyanın ən çox neft hasil edən ölkəsi olaraq qalacaq. Artıq, guya ABŞ-da istehsal edilən "Slans" neftinin maya dəyərinin çox baha olmasına dair iddialar mənasını itirir. Çünki hazırda "Slans" nefti təqribən 45 dollara başa gəlsə də, 2019-cu il ərzində bu göstəricinin 30 dollaradək enəcəyi gözlənilir.

Göründüyü kimi, belədə neftin istənilən qiyməti, hətta 40 dollardan aşağı enməsi belə, ABŞ-a sərf edir. Eynilə əksinə, "qara qızılın" bahalaşması da bu ölkəyə külli miqdarda qazanc verir.

Nəticədə, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-ın həm də ən çox neft satan ölkəyə çevrilməsi perspektivi yaranır. Hətta məşhur "İHS Markit" konsaltinq şirkəti iddia edir ki, artıq 2020-ci ildə ABŞ dünya bazarına ən çox neft çıxaran ölkəyə çevriləcək. Belə ki, mütəxəssislər ABŞ-ın tezliklə Rusiya və Səudiyyə Ərəbistanını neft və neft məhsulları ixracı göstəricisinə görə üstələyəcəyini iddia edirlər. Hazırda Rusiyanın 5 milyon, Səudiyyə Ərəbistanının isə 9 milyon barrel neft ixrac etdiyi bildirilir. ABŞ-ın isə yaxın bir-iki il ərzində bazara sutkada 10 milyon barrel neft və neft məhsulları çıxaracağı gözlənilir. Onu da xatırladaq ki, bu üç ölkənin birgə hasilatı dünyada neft istehsalının 40 faizini təşkil edir.

Nefti kim ucuzlaşdırır?

ABŞ neft hasilatı və satışından nə qədər qazanc götürsə də, siyasi və ümumi iqtisadi maraqları naminə bu məhsulun qiymətini istədiyi şəkildə tənzimləməyə çalışır və bəzən onun ucuzlaşmasına üstünlük verir. Əksər tanınmış mütəxəssislərin fikrincə, neftin hazırkı enişinin kökündə Çin və Hindistan iqtisadiyyatlarının inkişaf tempinin zəifləməsi dayanır. Buna səbəb isə ABŞ-ın apardığı aqressiv maliyyə siyasəti və ticarət müharibəsidir.

Məsələ ondadır ki, Çin iqtisadiyyatının inkişafının zəifləməsi sözün əsl mənasında dünya investorlarını şoka salır və neft başda olmaqla, əksər məhsulların istehlakını azaldır. Dünya Bankının proqnozuna görə, 2019-cu ildə Çinin Ümumi Daxili Məhsulunun artımı 6.5 faizdən 6.2 faizə enəcək. Bu, Çin üçün son 28 ilin ən aşağı göstəricisidir. Təkcə 2018-ci ildə Çin iqtisadiyyatının kapitallaşması 2.4 trilyon dollar azalıb ki, bu da 2002-ci ildən bu yana ən pis göstəricidir.

Artıq Çində avtomobil satışında xeyli azalma müşahidə olunmaqdadır. Hindistanda isə dizel yanacağının satış proqnozları özünü doğrultmur və istehlak səviyyəsi gözlənilənin çox altındadır. Bu və buna bənzər göstəricilər neft bazarı üçün olduqca böyük əhəmiyyət kəsb edir. Paralel olaraq, ABŞ-ın neft ehtiyatlarının artmasının da bir tərəfdən bazara necə təsir etdiyini və bütün bunların Azərbaycan kimi neftdən asılı ölkələrə nə vəd etdiyini anlamaq çətin deyil.

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Milli balta 2019-01-04 08:49:30

Neftin qiymeti 15 faizden yuxari qalxib.

G M 2019-01-04 08:49:30

ABŞ ,Dünya Jandarmı rolunu ustalıqla,hər tərəfli icra edir.Gedişatda Neft faktoru daha önəmlidir.Neft puluna söykənən Dövlətlərin əksəriyyətinin avtoritar ölkələr olması isə onun ümumi işinə yarayır.

Vətəndaş 2019-01-04 08:49:30

Neftin qiyməti düşsə də, ölkə nə qədər talan olsa da, yenə deyirəm neft fondunda və başqa fondlarda pul çoxdur. Talançılardan da atılmış, talanmış milyardları zorla-xoşla almaq lazım və ehtiyat fonduna (başqa cibə yox) əlavə etmək, israfçılığa son qoymaq və nəticədə ölkənin,xalqın bir neçə on illik ehtiyat pulu yaranacaq. İqtisadiyyatı və manatın dəyərini bu yolla qoruyub saxlamaq lazımdır. Ciddi iqtisadi idarə sistemi yaratmaq talana son qoymaq, kasıblara da işləmək yaşamaq üçün şərait yaratmaq lazımdır.

Son yazılar