MƏN ELƏ BİLİRDİM TƏKƏM…

Dərc olunub: 10/01/2019 - 10:03

nureddinBu gün tanınmış yazar, şair Nurəddin İsmayılın doğum günüdür. “AzPolitika.info”nun oxucularına saytımızın səhifələrindən də yaxşı tanış olan Nurəddin bəy 59-u tamamlayıb, 60-a doğru yol almağa başlayır. Dəyərli dostumuzu yubiley ilinə qədəm qoyması münasibətilə ürəkdən təbrik edir, can sağlığı və yaradıcılıq uğurları arzulayırıq.
Şairin öz doğum gününə həsr etdiyi yeni şeirini təqdim edirik:

Mən elə bilirdim tənha,
təkəm bu şəhərdə,
Sən demə adamlar içində
itib, batmışam.
Danışan, gülən,
hər gün doğulan, ölən
və bir də özünü öyən,
gör nə qədər adam varmış
bu şəhərdə…
Hamı kefdə-damaqda,
Mənəm dəli,
başımı dərdə qatmışam.
Alıb içimi,
yuvası dağılan quşun dərdi,
Yurdu dağılmışlara,
xərabat nəğməsini oxuyan
bayquşun dərdi.
Sahibsiz itin,
sığalı kəsilən pişiyin,
küçədəki dilənçinin,
əli cadarlı əkinçinin,
Afrikadakı acların,
zənginlər içində möhtacların
dərdi alıb məni.
O adama nə oldu,
Niyə gözü yaşla doldu?
Niyə həyat bu qədər acı,
Niyə ağlayır Çiçək bacım?
Hamısı mənim dərdim,
Nə bağçadır bilmirəm,
hər kəs öz gülünü,
mənsə dərdimi dərdim.
Dərd məni qoymur
adamlara yovuşmağa,
Sevgi deyəkmi Şuşasız
sevgilərə qovuşmağa?!
Altmışı haqlayır yaşım,
Mən yenə təkəm bu şəhərdə.
Hamı kefdə, damaqda,
Tapıb hər kəs kimsəsini.
Yox kimsəsi,
mən yer kürəsi tək,
dərd içində sıxılmışın.










loading...


Fikrinizi bildirin