KOMİK PREZİDENT? – Ukraynada bir şoumen ənənəvi siyasətçiləri əzib keçir! (VİDEO)

“Bu komediya ustası ən ciddi siyasətçidir...”

Məşhur "Narıncı inqilabdan" sonra hələ də özünə gələ bilməyən və Rusiyanın təhdidləri, hərbi təcavüzü qarşısında tək qalan Ukrayna martın 31-də növbəti prezident seçkisinə gedir. "AzPolitika.info" xəbər verir ki, həddindən artıq siyasiləşmiş cəmiyyətə malik olan bu ölkə növbəti yolayrıcına çox qeyri-adi siyasi palitra ilə yaxınlaşır.

Əhalinin siyasətçilərin yalançı vədlərindən doyduğu Ukraynada artıq insanların siyasətə qeyri-ciddi yanaşmağa başladığı müşahidə olunur. Hazırkı seçki öncəsi prezidentliyə namizədlərin sırasına diqqət yetirsək, bunu aşkar görə bilərik. Burada ilk nəzərə çarpan namizədlərin heç birinin rusiyameylli olmamasıdır. Hansı ki, 8 il bundan əvvəl elə bu toplum Rusiyanın adamı olan Viktor Yanukoviçi prezident seçmişdi. Bu gün isə Rusiyanın ünvanına hər hansı xoş söz söyləyəcək namizədin prezident olmaq şansı 0-a yaxındır.

Poroşenkodan daha çox populyardır

Namizədlər arasında hazırkı prezident Pyotr Poroşenko və sabiq baş nazir Yuliya Timoşenko təkcə Ukraynada deyil, ondan kənarda da kifayət qədər yaxşı tanınan siyasətçilərdir. Bundan başqa, seçkidə bir neçə müxalif namizəd iştirak etsə də, onların şansları bir o qədər yüksək qiymətləndirilmir. Lakin bir namizəd var ki, peşəkar siyasətçi olmadığı halda, populyarlığına görə istər hazırkı prezidentə, istərsə də sabiq baş nazirə meydan oxumağa qadirdir və bunu son rəy sorğuları da təsdiqləyir. Söhbət şoumen, aktyor və komediya ustası Vladimir Zelenskidən gedir. Son rəy sorğuları göstərir ki, bu aktyorun reytinqi hazırkı prezident P.Poroşenkonun reytinqindən yüksəkdir. Rəyi soruşulanların 13 faizi Y.Timoşenkoya, 11 faizi V.Zelenskiyə və cəmi 7.7 faizi Poroşenkoya seçkidə səs verəcəklərini deyiblər. Əksər ekspertlər komediya ustasının 2-ci yerdə olmasını heç də təsadüfi hesab etmirlər və onun şanslarını yüksək qiymətləndirirlər. Hətta bildirilir ki, Zelenskinin ikinci tura keçməsi ehtimalı 40 faiz, son turda qalib gəlməsi ehtimalı isə 60 faizdir.

Yeri gəlmişkən qeyd edək ki, Ukraynaya o qədər də uzağ olmayan Sloveniyada artıq ötən ildən baş nazir postunu komediya ustası Maryan Şarets tutur. Vaxtilə baş nazirləri parodiya edən bu şəxs son seçkidə elə parodiya etdiyi əvvəlki baş nazirə qalib gəlib. Yəni ki, artıq presedent də var.

Məsələ ondadır ki, V.Zelenskinin digər ənənəvi siyasətçilər və namizədlərə nisbətdə xeyli üstünlükləri var. Məsələn, Poroşenko seçiciləri vətənpərvərlik lozunqları, güclü ordu, anti-Rusiya bəyanatları və s. ilə özünə cəlb etmək istəyirsə, Y.Timoşenko da insanların daha çox sosial və kommunal problemlərinin həllinə dair vədlər verir. Ancaq seçicilər vətənpərvərlik şüarlarından yorulduğu kimi, Timoşenkonun vədlərinə də inanmırlar. Çünki Timoşenko özü vaxtilə ölkənin baş naziri və parlamentin ən böyük fraksiyasının lideri olub. Lakin insanlar onun hakimiyyətdə olduğu vaxtlarda yaxşı mənada heç bir dəyişikliyin şahidi olmayıblar. V.Zelenski isə onlardan fərqli olaraq, yeni adamdır. Poroşenko qədər olmasa da, Rusiyaya qarşı kifayət qədər sərt mövqedə dayanan Zelenskini nə korrupsiyada, nə yalançı vədlər verib yerinə yetirməməkdə, nə də siyasi boşboğazlıqda ittiham etmək mümkün deyil. Əksinə, o özü uzun illərdir hazırkı rəqiblərini məsxərəyə qoymaqla, onların eyiblərini cəmiyyətə çox istedadlı şəkildə çatdırmaqla məşğul olub. Və yəqin bunu edən zaman bəlkə heç ağlına da gəlməzdi ki, nə vaxtsa özü prezidentliyə real namizəd olacaq...

Prezidentin təbrikini ona görə təxirə saldılar

Əhali arasında daha çox "Kvartal-95" layihəsinin yaradıcısı kimi tanınan Zelenski telekanallarda Ukrayna siyasətçilərini və ümumilikdə ölkənin siyasi və sosial həyatını satirik tərzdə tənqid edən şəxs kimi tanınıb.

Onun təqdim etdiyi və baş rolu oynadığı "Xalqın xidmətçisi" serialının hər növbəti seriyası böyük maraqla gözlənilir və qarşılanır. Zelenskinin prezident rolunu aldığı həmin serialda Ukrayna siyasətinin iç üzü açılır, nəticədə insanlar həqiqəti və acı reallığı buradan izləmiş olurlar. Aktyor özü isə köhnəlmiş siyasətçiləri tənqid edərək, belə deyib: "Köhnə siyasətçilər sadə prinsiplə yaşayırlar - heç kimdən heç nə soruşmadıq, çox şeylər vəd etdik, lakin heç nə etmədik. Mənsə başqa cür edəcəm və öz proqramımı seçicilərlə birlikdə hazırlayacam..."

Bu layihə yumor və satira üzərində qurulsa da, cəmiyyətin ənənəvi siyasətdən bezməsi, bəzilərinin isə hətta iyrənməsi ona gətirib çıxardı ki, aktyorun prezidentlik ideyası ortaya atılanda insanlar "niyə də olmasın" deməyə başladılar. Və bəlkə də öncə zarafat kimi qəbul olunan bu ideya getdikcə ölkənin həyatında ciddi siyasi hadisəyə çevrilməyə başladı. Bunu görən Zelenski bir müddət namizədliyi barədə birmənalı olmayan, yarızarafat açıqlamalar verdi. Lakin sonradan məsələnin ciddiləşdiyini və real reytinqinin çox yüksək olduğunu anlayaraq, namizədliyini bəyan etdi. Özü də yeni il gecəsi - dekabrın 31-i. Onun bu bəyanatına maraq o qədər yüksək oldu ki, hətta ölkənin ən aparıcı telekanallarından olan "1+1" prezident P.Poroşenkonun xalqa yeni il təbrikini təxirə salaraq, Zelenskinin müraciətini efirə verdi. Bununla da komediya ustası əsas rəqiblərindən birinə ilk zərbəsini vurmuş oldu. Təkcə bu fakt aktyorun populyarlığının hansı səviyyədə olduğunu təsəvvür etmək üçün kifayətdir.

Milliyətcə yəhudi olan V.Zelenski əslində ali təhsilli hüquqşünasdır. Bununla yanaşı, onun Ukraynanın bütün siyasi elitası, indiyə qədər hakimiyyətdə olmuş prezidentləri, baş nazirləri və digər nüfuzlu siyasətçiləri ilə şəxsi münasibətləri və tanışlığı olub. Əksər müşahidəçilər onu Ukrayna siyasəti üçün yad hesab etmirlər. Məsələn, sabiq deputat və tanınmış siyasi texnoloq İqor Dimitriyev mətbuata açıqlamasında Zelenskinin seçilmə ehtimalını yüksək qiymətləndirib: "Bu, tamamilə Ukrayna siyasətinin ruhuna uyğundur. Siyasət bütün dünyada öz ciddiliyini itirir. Ancaq Ukrayna siyasətindəki personajların çoxuna nəzər yetirsəniz görərsiniz ki, Zelenski onların çoxundan daha ciddidir. İndiyə qədər Ukraynanı idarə edənlərə fikir verin, onların arasında "Krokodil" (Satirik jurnal-red.) jurnalının bütün personajlarına rast gəlmək olar. Nədən bütün bunlardan sonra bir komediya ustası Ukrayna prezidenti olmasın?..."

"O, sistemin tərkib hissəsidir..."

vladimir-zelenskiy-

Tanınmış siyasi şərhçilərdən olan Ruslan Bortnik isə bildirib ki, V.Zelenskinin ən böyük üstünlüyü əhalinin peşəkar siyasətçilərdən yorulmasıdır. O, qeyd edib ki, aktyorun reytinqinə ciddi şəkildə mənfi təsir göstərəcək heç bir səbəb yoxdur: "O, bilir ki, onun sözlərinə siyasətçilərin reaksiyası necədir. Zelenski Ukraynanın siyasi sistemini məndən daha yaxşı bilir, baxmayaraq ki, mən onun araşdırılması ilə məşğulam. O, sistemin tərkib hissəsidir və komik obrazı real Zelenskinin görüntüsünün qarşısını bağlayır. Əslində isə o, çox uğurlu biznes qurmuş istedadlı media meneceridir. Deməli, planlaşdırmağı və idarə etməyi bacaran insandır".

Bortnikin fikrincə, Zelenskinin çatışmayan yeganə cəhəti digər siyasətçilərə nisbətdə inzibati resurslarının, yəni partiyasının və yerlərdə özəklərinin olmamasıdır: "Onun səsvermənin nəticələrinin qorunması üçün hakimiyyətin və güc strukturlarının imkanlarından istifadə etmək şansları digər rəqiblərilə müqayisədə azdır. Buna baxmayaraq, onun ikinci tura keçməsi ehtimalını 40 faiz, ikinci turda qalib gəlməsi ehtimalını isə 60 faiz qiymətləndirmək olar..."

Göründüyü kimi, bir zaman zarafat kimi qəbul olunan ideya real gərçəkliyə çevrilmək üzrədir. Və bu baş verənlər həm də onu göstərir ki, insanlar siyasətçilərdə yalan, oğurluq və digər çirkinlikləri görəndən sonra bezdikləri sifətlərdən başqa kimə desən səs verməyə hazırdırlar - hətta təlxəklərə də...

E.Qüdrətoğlu

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar