BÖYÜK XƏYANƏTLƏRİN XIRDA İŞARTILARI – “Vəzifədə olanların etnik kökənini araşdırsanız...”

Sabir RÜSTƏMXANLI, Azərbaycanın Xalq şairi

Jurnalist işində ən iyrənc və ikrah doğuran üsullardan biri hədəf seçilən adamların adından və ya onların haqqında bir yalan uydurmaq və sonra guya, onlara cavab vermək, onların fikirlərini təkzib etməkdir. İşin mahiyyətini bilməyən oxucular belə yazıları oxuyub bəyənə də bilərlər, lakin yalan üstündə qurulduğudan bütün dəbdəbli mətnin bir qara qəpiklik dəyəri olmaz. Son vaxtlar sosial mediada belə uydurmalar üstündə qurulmuş yazıların sayı çoxalıb.

Məsələn, Aydın Canıyevin bir yazısından belə çıxır ki, güya, bəzi Azərbaycan ziyalıları, o cümlədən mən, Kamil Vəli, Vaqif Sultanlı ciddi-cəhdlə ona çalışırıq ki, vətənimizdə hər kəs Türkiyə türkcəsində danışsın, sözlərimizi Türkiyə sözləri ilə əvəz edək və nəticədə on minlərlə doğma sözümüz qurban getsin. Zahirən belə görünür ki, müəllif düz mövqedədir, ümumi maraqlarımızı qoruyur; Azərbaycan türkcəsinin təəssübünü çəkir. Doğrudan da, öz yurdunu, dövlətini sevən adam dilinə sayğı göstərər, onu qoruyar və zənginləşdirməyə çalışar.

Lakin məqalə yalan və böhtan üstündə qurulduğundan mahiyyəti riyakarlıqdır. Bu yolla uşaq başı aldatmaq olar, xalqı yox. Məncə, nə Kamil Vəli Nərimanoğlu, nə Vaqif Sultanlı belə söz deməz; onlar kifayət qədər yetkin, ağıllı və Azərbaycanı sevən adamlardırlar və onların yaradıcılıgının mahiyyətini anlamaq Aydın Canıyevlik deyil.

Mənə gəlincə, müəllifdən tələb edirəm ki, öz yazdığı bu ittihamı sübut etsin. Qoy göstərsin və oxucular da görsün ki, mən Azərbaycan əhalisinin Türkiyə türkcəsiylə danışması fikrini harda yazmış, harda səsləndirmişəm. Mənim Azərbaycan dilinin Türkiyə türkcəsi ilə əvəzlənməsi barədə yarımca cümləmi tapıb ortaya qoysa, onda dediklərinin hamısı düzdür, yox əgər, tapa bilməsə qoy özü özünə yaraşan bir ad tapsın və cəmiyyətdə o adla fırlansın... Mən bunu dilimə gətirməyi özümə yaraşdırmıram.

Aydın Azərbaycanın azsaylı xalqlarının bəzi nümayəndələrinin bu dövlətə, onun dillinə hörmət etməmələrinə, xarici dildə danışmalarına, uşaqlarını xarici dildə oxutmalarına haqq qazandırmaq üçün belə bir bəhanə uydurur ki, bu xalqlar zorla Azərbaycan dilini öyrənib-öyrənməz biz bu dili ortada yetim qoyub Türkiyə türkcəsini gətirmək istəyirik Azərbaycana. Buna görə də uşaqlarını böyük xalqların dilində oxudurlar. Riyakarlığın dərəcəsinə bax! Bu ölkənin qanunlarına məhəl qoymur, ancaq Azərbaycan vətəndaşı sayılır, üstəlik Azəbaycanla Türkiyənin qardaşlıq münasibətlərinə qara yaxmağa çalışır.

Oğlum, qardaşım, harda demişik o sözü, bu uydurmanı ortaya atmaqda sənin məqsədin nədir, hansı haqla bu yalana əsaslanıb bizi və başqa Azərbaycan ziyalılarını təhqir edirsən? Üstəlik Azərbaycan dövlətini də hədələyirsən ki, baxın ha, çox türk-türk deməyin, yoxsa bizim də orda bir fars əmioğlumuz var, yıxılarıq onun qucağına.

Guya, İranda farslar talışları ağ günə çıxarıblar; indi də sərhəddə gül-çiçəklə dayanıb yeni qurbanlarını, Aydın Canıyev başda olmaqla özlərini bazara çıxaran yeni mallarını gözləyirlər.

(Onu da deyim ki, həmin yazıda bizim haqqımızda onun öz xəstə təfəkkürü və olmayan mədəniyyəti səviyyəsində işlətdiyi aşağılayıcı, təhqiramiz ifadələr və bəzi başqa yazılarında da yeri gəldi-gəlmədi, mənim yaradıcılığım və doğuldugum bölgədəki nüfuzumla bağlı başından böyük atmacaları cavabsız qala bilməz; cavabı hökmən veriləcəkdir. Heç kimə haq verilməyib ki, bu ölkənin vətəndaşının, şairinin, alımının adını bu şəkildə, öz olmayan tərbiyəsinə uyğun şəkildə hallandırsin.)

Rusiya torpaqlarımızın bir hissəsində Ermənistan adlı dövlət qurubsa və indi də Qarabağda əlimizi-qolumuzu bağlayıb Ermənistanı müvəqqəti qalib durumuna gətiribsə, əlli milyonluq xalq müxtəlif dövlətlərə parçalanıbsa, bəziləri elə bilir qocaman Azərbaycan və türk əldən düşüb və bunlar da necə istəyirlər vızıldaşa, hara arzulayırlar qona bilərlər. Bu mənə dədələrimizin şirin qocalmasıyla bağlı gözəl misalını xatırladır.

Aydın Canıyev çevrəsində Azərbaycanı içindən parçalamaq istəyən, dilimizə, qanunlarımıza hörmətsizlik mühiti yaradan, bu torpaqda yaşasalar da, gözü qonşuda, hətta düşmən qapısında olanların ünvanını göstərməklə xeyirli bir iş görüb. Bunu əyri niyyətlə eləsə də… Ancaq bu təzə məsələ deyil, ölkəmizdə sovet dövründə aparılan rəsmi siyasətin, müstəqillik illərində isə bizi məğlubiyyətimizlə barışmağa sövq edən böyük güclərin, erməni kapitalının əsiri olan qeyri-hökumət şəbəkələrinin, ölkədə vətəndaş üçün dözülməzlik şəraiti yaradıb, əhalinin öz dövlətinə inamını sarsıdan gizli və açıq xəyanətkarların davam edən fəaliyyətlərinin nəticəsidir. Yeri gəlmişkən, bu məsələyə də münasibətimi bildirmək istəyirəm.

***

Azərbaycanda yaşayan xalqların tarixən formalaşmış birliyini pozmaq üçün cənubdan, şimaldan, Ermənistandan çox qanlı əllər uzanır, dərnəklər yaradılır, qəzetlər təsis edilir, televiziyalar açılır. Bunlar xalqlarınn özünüdərkinə, mədəniyyətin, dilin qorunmasına xidmət etsə alqışlanar, lakin əslində, belə deyil. Birliyimizi pozmağa çalışanlar unudurlar ki, Azərbaycanda özgə zurnasına oynayan müəyyən adamlar və qurumlar olsa da, millət bütövdür və öz Vətənin şərəfi onlar üçün hər şeydən yüksəkdir.

Azərbaycan unikal bir yerdir; burada türk ənənəsinə uyğun olaraq, tarix boyu sayca ən balaca xalqların da dini, adət-ənənəsi, dili, varlığı qorunub; bircə kənddə yaşayan xalq belə ovuc içində, əvəzsiz dəyər kimi, muzey kimi əzizlənib saxlanılıb. Cavanlıqda "Xınalıq dili” adlı bir şeir yazmış, bu dili zirvələrin, qartalların, mərd igidlərin dili adlandırmışdım. Bu müxtəliflik bizim sərvətimizdir:

Eyni olsa bənövşəylə çinarın dili

Təbiətin nəğmələri adiləşərdi.

Bəli, Azərbaycanda xalqların iç-içə, mehriban yaşaması yaradanın və təbiətin qanunlarına uyğundur, buna görə sarsılmazdır. Türk, talış, ləzgi, avar, kürd və s. yerli xalqlar bir yerdə tarixin çox sınaqlarından çıxıblar, tale onların birliyini betonlaşdırıb. Bu, sıradan bir qonşuluq və ya bir ölkənin vətəndaşı olmaq məsələsi deyil, böyük bir ruh, mənəviyyat, əxlaq, adət-ənənə, mədəniyyət birliyidir. Bu xalqları vahid maraqlar, vahid həyat tərzi, nəhayət, babaların parlaq xatirəsi, on minlərlə ailənin qohumluğu, qaynayıb-qarışması birləşdirir. Etnik yaddaş nə qədər güclü olsa da, zaman əbədi bir qardaşlıq hörgüsü hörüb. Bu birliyin ortaq dili, ölkənin rəsmi dövlət dili Azərbaycan dili və ya Azərbaycan türkcəsidir və ölkənin hər bir vətəndaşı bu dilə sayqı göstərməlidir. Dəfələrlə demişəm: evində Azərbaycan dilində danışan, uşaqlarını bu dildə oxudan hər hansı talış, ləzgi, uşaqlarını kənar dildə oxudan hər hansı türk əsilli vətəndaşdan qat-qat daha doğma və əzizdir mənə. Dil bu qədər mühimdir.

Ən çox, bəzən də məkrli bir şəkildə müzakirə olunan məsələlərdən biri də Türkiyə-Azərbaycan əlaqələri və türklük məsələləridir. Yuxarıda dediyim kimi, biz həmişə Azərbaycanın dövlət dilinin inkişafı və qorunmasına çalışmışıq. Türkdilli dövlətlər arasında ünsiyyət dili məsələsi isə çoxdanın söhbətidir, yəni bu dövlətlərin vətəndaşları və ya seçilmişləri bir araya gələndə sərbəst anlaşmaq üçün rus və ya Avropa dillərində yox, türk dilindən istifadə etsinlər. Bu dil Azərbaycan türkcəsi də ola bilər, özbək türkcəsi də və s. Yəni tarix boyu əlaqələri zəifləmiş qardaş xalqlar rəsmi məclislərdə kənar dildə yox, öz dillərində ünsiyyət qurmaq istəyirlər. Təbii ki, bu hələ yalnız söhbətdir. Mütəxəsislərin ümumi rəyinə görə indiki halda Türkiyə türkcəsi bu statusa daha uyğundur, türkdilli dövlətlərdə yeni nəslin çoxu bu dili bilirlər və hətta bu dil digər türk dövlətlərində yabançı dillərdən biri kimi qısa müddətdə öyrədilə bilər. Bu təklifi müdafiə edənlər arasında mən də varam, lakin bu, əsla süni surətdə ortaq dil yaratmaq və bu yolla dövlət dilimizi inkar etmək deyildir. Necə ki, uluslararası məclislərdə çeşidli ölkələrdən gələnlərin ingiliscə danışması onların öz dillərindən imtinası sayılmaz. Qoy türk dövlətlərinin hər biri öz dilini inkişaf etdirsin, lakin bir araya gələndə də kənar dildə yox, türkcə ünsiyyət qura bilsinlər. Bir də ki, bu bizlərin istəyi ilə həll olunan məsələ deyil, Türk dövlətlərinin başçıları səviyyəsində həll olunan siyasi bir məsələdir. Əgər nə vaxtsa həll olunacaqsa!... Bundan ötrü ortaya düşüb şivən qoparmaq gülüncdür.

Bu mövzuya yaxın olan başqa bir məqam.

Bəzi adamlar bilərəkdən, ya bilməyərəkdən bir məsələni qarışdırırlar. Deyiləndə ki, Azərbaycanda yüz minlərlə sayı olan və öz adlarını haqlı olaraq qürurla çəkən, qoruyan talış, ləzgi, kürd, avar və başqaları kimi, türklərin də etnik kimliklərini unutmamaq haqqı var, o dəqiqə sosial media gərəksiz mübahisələr və təhqirlər meydanına çevrilir. Başa salmaq olmur ki, bu, Azərbaycanı unudub Türkiyənin ətəyindən tutmaq deyil, bu, Stalin repressiyasına məruz qalmış bir adın reablitasiyasıdır, ədalətin bərpasıdır. Stalin siyasəti xalqları kökündən qoparmaq üçün Azərbaycanda türk kimliyini unutdurmağa çalışıb, lakin buna müvəffəq ola bilmədi. İndi, müstəqillik dövründə İnsan qalxıb öz ölkəsində TV-də və ya qəzetdə əslini-kökünü danmadan mən türkəm, dilim də Azərbaycan türkcəsidir deyirsə; neçə yerdən başlanan bu söyüşlər və ittihamlar nə deməkdir? Əstağfurullah! Yaxşı, Allah mənə bu adı veribsə mən öz adımı dilimə gətirə bilmərəm? "Yox! Deyə bilməzsən, desən Türkiyəçilik yapırsan”. Ay qardaş, ay mənim qonşum, qohumum, yurddaşım, həmvətənim, axı mənim türklüyümün Türkiyəçiliklə nə əlaqəsi var? Türkiyədə də türklər yaşayırsa mən öz türklüyümü unutmalıyammı? Axı onlar özlərinə "osmanlı” deyəndə də biz özümüzə türk deyirdik. Füzuli də özünə türk deyib, Mirzə Fətəli Axundzadə də, Mirzə Cəlil də, Mirzə Ələkbər Sabir də, Məmməd Əmin Rəsulzadə də... (və Copc Bayron səhv eləsə də Aydın Canıyev bilməlidir ki, Füzuli "Leyli və Məcnun”u farsca yox, türkcə yazıb).

İndi biz neyləyək? Onların hamısından imtina edək?

Dünyada aşağı-yuxarı iyirmi ərəb dövləti var. İraqda yaşayan özünə ərəb deyirsə, Suriyada və ya Misirdə yaşayan özünə ərəb deyə bilməz? Dünyada buna bənzər azmı xalq var - bir hissəsi bir ölkədə yaşayır, bir hissəsi başqa ölkədə. Məgər bunlar yaşadıqları ölkənin coğrafi adına görə öz milli kimliklərini dəyişməli və ya unutmalıdırlar? Türkiyədən kənarda da xeyli türk əsilli xalq var, məgər onlar özlərinə türk deyəndə bu, Türkiyəçilik olur? Biz bu adı dünən icad etməmişik ki, bu bizim tarixdən gələn adımızdır. Yaxşı, qonşularımıza nə deyirsiniz? Farslar da, ermənilər də, hətta öz qardaşımız, vətəndaşımız olan talışlar da bizə "türk”deyirlər. Güney Azərbaycanda və İranın müxtəlif ostanlarında yaşayan 35 milyon qardaşımız da özünə "türk” deyir. Biz onların da ağzını yummalıyiq? Onlar da Türkiyəçilik edirlər? Bəli, biz azərbaycanlıyıq, bu adla qürur duyuruq. Bu, Azərbaycan dövlətində yaşayan bütün vətəndaşların, Azərbaycan millətinin ümumi adıdır. Lakin hər kəs azərbaycanlı və Azərbaycan vətəndaşı ola-ola, etnik kökənini də unutmursa, bəs bu ölkənin əhalisinin böyük əksəriyyəti neyləsin? Biz türkçülük-Azərbaycançılıq ideologiyası əsasında qurulmuş Xalq Cümhuriyyətini bərpa etmişik və o xətti də davam etdirməliyik. Nə yaxşı "bir millət, iki dövlət” deyən Heydər Əliyevi qınaya, "Türkiyəçilik”də ittiham edə bilmirlər! Bəziləri öz etnik kökənini, varlığını təsdiq etmək həvəsinə düşəndə ilk növbədə buradakı qardaşlarını, yəni əhalinin çoxunu oluşduran türkləri inkar həvəsinə düşürlər. Hətta tam erməni, fars yalanı və düşmənçiliyinə uyaraq onlarla eyni mövqedən, eyni alçaq böhtanlarla dünyanı çaşdırmağa çalışanlar da var. Birbaşa İrəvana üz tutanlar da var, Rusiya və İran tərəfindən maliyyələşdirilirlər. Azərbaycan dövlətinin əsas qurucularının ruhu təhqir edilir, türk əhalimiz aşağılanır, eynilə ermənilər kimi bizə gəlmə, köçəri, vəhşi damğası vurmağa çalışırlar. Nəzərə almırlar ki, türklər Avrasiya genişliyində vəhşiliklə, qol gücüylə yox, bütün xalqlara, dillərə və dinlərə sayğıları ilə şöhrət qazanıblar. Bu gün bəzi xainlərin üz tutduğu Ermənistanda diş qurdalamağa bir nəfər kənar xalqın nümayəndəsi qalmayıb. Ermənistan başdan-başa türk adları ilə dolu idi. Biri də qalmayıb, hamısı dəyişdirilib, eyni siyasət Gürcüstanda, Borçalıda da aparılır. Baxın, görün Azərbaycanda bir talış, avar, ləzgi, tat yer adına toxunan olub? Əksinə, bir sıra adlar dəyişdirilib, bu xalqlara hörmət əlaməti olaraq onların dillərinə uyğunlaşdırılır.

Belə olan halda Azərbaycan türklərini hansı millətçilikdə, başqa xalqları sıxışdırmaqda ittiham etmək olar?! Tam əksinə! Azərbaycan türklərinin böyük sevgisinin cavabı qarşılıqlı sevgi olmalıdır... Bir vaxt mən zarafatla deyirdim ki, gərək, bizdə Azərbaycan türklərinin hüquqlarını müdafiə cəmiyyəti qurulsun. Bu gün bizdə türk düşmənçiliyi çılpaq şəkildə ortadadır və dilimizə Türkiyə türkcəsindən tək-tək, əslində öz qədim və saf dilimizdə olan sözlərin gəlməsini bəhanə edib ölkəmizin vətəndaşlarını, bu ölkənin sadə adamlarını, ən çox əzilənini təhqir edirlər. İqtisadiyyata sahiblənənlərin, vəzifədə olanların etnik kökənini araşdırsanız onda görərsiniz Azərbaycan türkləri necə bir məzlum gündədir. İndi durub buna öz dədə-babasının adını da yasaqlayacaqlar? Təkcə Bakıdakı reklamlara, müəssisə, şirkət, adlarına baxmaq yetərlidir ki, Azərbaycan türkünə və dövlət dilimizə münasibətin səviyyəsinə acıyasan...

Türklüyə bu yad və hətta düşmənçilik münasibətinin kökləri çox dərində və uzaqdadır. Hədəf ayrı-ayrı adamlar, deyək ki, məsələnin elmi mənzərəsini araşdıran və dəfələrlə, ay millət, mən heç bir xalqa düşmən deyiləm deyən, buna baxmayaraq, Rusiya mətbuatından tutmuş İran mətbuatına qədər hər yerdə hayasızcasına təhqir olunan, sıxıntı içində öz ailəsini, uşaqlarını zorla dolandıran, evsiz-eşiksiz bir qadın, istedadlı bir alim - Yasəmən Qaraqoyunlu və ya bizlər deyilik, bütün Azərbaycan türkləridir və bu mənasız savaşda qullanılan söz silahları da bütövlüklə rus, erməni, fars "silahlarına” bənzəyir.

Mən heç vaxt tək bircə nəfər talış ziyalısından, öz çörəyini ağır zəhməti ilə qazanan əli qabarlı talışdan, Cənub bölgəsindən olan çoxsaylı dostlarımdan və ya ləzgi əsilli vətəndaşlarımızdan belə bölücülük cəfəngiyyatına xırda işarə belə eşitməmiş, belə söhbətlərə rəğbətlə yanaşdıqlarını görməmişəm.

Lakin Türkiyəni hədələyən terror cinayətkarlığına və erməni uydurmalarına dolayı yolla dəstək verərək Azərbaycanı arxasız və köməksiz qoymaq istəyənlərin hayasızlığı o yerə çatır ki, bəzi separatçılar sosial mediada xəritələr paylaşaraq, Azərbaycanı köhnə xanlıqların sərhədləri ilə bölmək təbliğatı aparırlar. Qudurğanlıq o yerə çatıb ki, bu cür çətələşənlər böyük bir xalqı cəzasız bir şəkildə söyür, təhqir edirlər.

Türkiyə ilə Azərbaycanın "iki dövlət, bir millət” olma qüruruna qısqananlara bir daha 1918 və 1990-cı illəri xatırlatmaq istəyirəm. 1918-ci ildə Azərbaycan ziyalıları gecə-gündüz Türkiyədə görüşlər keçirib Azərbaycanın qardaşlığını və ağır vəziyyətini anlatmasaydılar, səsimizə kim səs verəcəkdi? Axı Nuri Paşa komandanlığında haraya gələn Türk-İslam ordusu fərq qoymadan Azərbaycanın bütün əhalisinin namusunu qorudu, Lənkəranda türk-talış, Qubada, Qusarda türk-ləzgi ayrılığı bilmədi, hamımıza bir gözlə baxdı. 1990-cı ildə də Bakı küçələrində tankları üstümüzə sürən sovet ordusunun vəhşiləşmiş əsgərləri də böyür-başımda dayanmış talışlara, ləzgilərə fərq qoymadan "ubeyte etix turkov!” deyirdilər. Onda tankların qabağında çiyin-çiyinə dayananları bu gün təbliğat maşınları ilə ayırıb əzməyə çalışırlar.

Türkiyə bu gün də beynəlxalq aləmdə Azərbaycanın ən etibarlı müttəfiqidir. Mən Dünya Parlamentlər Şurasının və İslam Təşkilatı Parlament İttifaqının sessiyalarında, çoxsayli beynəlxalq görüşlərdə dəfələrlə bunun şahidi olmuşam. Bunu bilə-bilə Türkiyə-Azərbaycan münasibətlərinə soyuqluq gətirmək cəhdləri ilk növbədə Azərbaycana zərbədir. Bizə qalsa, bu iki ölkə daha da yaxınlaşmalıdır. Siyasi iradə, müdriklik, əsl İslam həmrəyliyi olsa Türkiyə, İran, Azərbaycan, Əfqanıstan, Türkistan dövlətləri, Gürcüstanı da qoşmaqla, Avropa birliyinə bənzər bir birlik yaradar və bölgəni bu ölkələrin sərvətinə göz dikənlərin təhdidlərindən birdəfəlik xilas edərdilər.

Bu gün ayrılmaq yox, birləşmək zamanıdır, yoxsa hamımız Türk-İslam düşmənlərinin ayağı altında qala bilərik...

635x100

Şərhlər

Arif 2019-01-13 21:31:36

Sabir bəy axı siz ziyyalısınız Aydın kimdir düzü nə oxumuşam nədə eşitmişəm hesab edirəm bu adam tanılmış deyil belə olan sürətdə siz ölkəmizin etnoslarını tənqid və həttda təhqirdəndə yan keçmirsiniz bu azmış kimi şərh yazanlardanda sizin dediklərinizə zuy tuturlar belə olmaz kimsə millətimizin dövlətimizin bütövliyini poza bilməz zaman o zaman deyil sizlər isə belələrini KİV-də deyil huquq mühafizə orqanlarına müraciyyətiniz vacib idi.Oxşuyur bunu etməməkdə özünüzündə hansısa marağı var.

Lerikden Memedhesen emi 2019-01-13 21:31:36

yaziqlar olsun sabir rustemxanliyada aydin caniyevede,cunki biri ozune turkiye turkune yakayir biride ozune azerbaycan turkune, ay yaziqlar eyer birlewmek zamani idise daha niye dunyanin en boyuk olkesi,en guclu olkesi en sosial olkesi olan SSSR den ayrildiz? turkiye tarixen buz azerbaycanlilari vurub sultan selim zamanindan ele ataurkun leninle anlawmasina qeder.O ki qaldi sabir rustemxanliya yuxarida qeyd olunub qoy o Mehmana munasibet bildirsin sohbeti firlatmaq ucun ortaya ,,,tema ,, atmasin!!!!

Cavan 2019-01-13 21:31:36

Hürmətli Sabir bəy.Sizə milli satqınlara verdiyiniz tutarlı cavaba görə minnətdarlığımı bildirirəm.Qardaş Türkiyəyə atılan güllə, Azərbaycana atılan güllədir.Türk qardaşlarımızın 1918-ci ildə etdiklərini unutmaq ən böyük nankorluqdur.Biz balaca olanda rəhmətlik nənəm həmişə deyərdi ki,Türklər gəlməsəydi Azərbaycanda bizim millətin hamısını ermənilər qıracaqdı.Sovet hakimiyyəti vaxtında O,qorxmadan türklərin igidliyindən,mərdliyindən danışardı.Türklərin bizə etdiyi yaxşılıqları unutsaq tarix bizi bağışlamaz.

Məhbub Əliyev 2019-01-13 21:31:36

El arasında deyərlər ki, görünən dağa bələdçi lazım deyil, Sabir müəllim də Bizim nə etməli, necə mövqe göstərməli olduğumuzu göstərib. Xalqın sözünü deyən, mənafeyini qoruyan adamın canyanğısı ilə söylədiklərini başqa yerə yozmaq sadəcə satqınlıqdır. Sağ olsun Sabir müəllimi!

Elli 2019-01-13 21:31:36

Sabir müəllim!Bu yazınıza görə Sizə təşəkkür edirik. Sizin mövqeyinizi nöqtəsinə, vergülünə kimi dəstəkləyirik. ALLAH millətimizə kömək olsun!

Hörmətli Sabir RÜSTƏMXANLI! 2019-01-13 21:31:36

Bismillahir-Rəhmanir-Rəhim.Hörmətli Sabir RÜSTƏMXANLI, Azərbaycanın Xalq şairimizi salamlayıram.Sizin Aydın Canıyevə belə münasibətlə yaraşmağınız heçdə xoşuma gəlmədi!!! Niyə,Sizin kimi .şxsiyyətin onun qarışında özünüzü təmizə çıxarmağınıza və ya da bəraət qazanmaqa heç bir əsas yoxdur. Siz düz deyirsiniz ki, Bu gün ayrılmaq yox, birləşmək zamanıdır.Bu mahiyyəti riyakarlıqa bulaşmış, üstəlik Azəbaycanla Türkiyənin qardaşlıq münasibətlərinə qara yaxmağa çalışan qüvvələrə kəskin cavab vermək vaxtıdır. Heç kimə haq verilməyib ki, Azərbaycanı içindən parçalamağa balaca da olsa gəht göstərə bilsinlər. Mən əminəm ki, ölkədə vətəndaşlarının 70-80 %,Sizi dəstəyləyir.Xalq şairləri 100 il qabağı görməlidir.Vaxtı ilə məcburi düşmən qüvvələrlə tərəfindən bir-birinə yad salınmış dil birləşməlidir...Bundan yalnız Azərbaycan xalq udacaq. İndi, müstəqillik dövründə bunların həllinin vaxtdır. Füzuli də özünə türk deyib, Mirzə Fətəli Axundzadə də, Mirzə Cəlil də, Mirzə Ələkbər Sabir də, Məmməd Əmin Rəsulzadə də...Sözsüz bizdə türkük. Aydın Canıyevin kimilərinə ar olsun!

TARİX 2019-01-13 21:31:36

SABİR BƏY SİZİN, DİLİMİZ BARƏDƏKİ TƏƏSÜBKEŞLİYNİZ TƏQDİR OLUNMALIDIR. KƏNARDAN DEYİLƏNLƏRƏ FİKİR VERMƏYİN.DİLİMİZ BİZİM VARLIĞIMZ MƏNLİYİMİZ,KİMLİYİMİZDİR.BUNU BAŞA DÜŞMƏYƏN MÜASİR C.İLDIRIMLAR,Ə.QAREYEVLƏRƏ- MƏNƏVİYATIMIZA, MİLLİ KİMLİYİMİZƏ QƏNİM KƏSİLƏNLƏRƏRİN YAZILARINA FİKİR VERMƏK ONLAR ÜCÜN BĞYÜK ŞƏRƏFDİR.BİZİM CƏLƏCƏYİMİZ MİLLİ TƏHSİLİMİZİN SƏVVİYYƏSİNDƏN DİLİMİZİN İNKİŞAFINDAN,ONUN TƏTBİQİNDƏN ASLIDIR.B.FRANKLİN YAZIRDI:BİR ÖLKƏDƏ OXĞUMAĞA DOĞRU İSTƏK OLMAZSA,QƏFLƏTDƏN YARANACAQ FƏLAKƏTLƏR AZALMAZ.

zakir 2019-01-13 21:31:36

--------------

NURəddin 2019-01-13 21:31:36

HEÇ VAXT İNANMAZDIM Kİ,SABİR RÜSTƏMXANLI SARAY ŞAİRİNƏ ÇEVRİLƏ. O, XALQIN YANINDA OLANDA MÖHTƏŞƏM İDİ.SARAYA GEDİB EYBƏCƏR OLDU.O SARAYA Kİ, ORA NƏ NİZAMİ GETMƏDİ,NƏ VİDADİ GETMƏDİ,NƏ DƏ ÇOXLARI.NEYNƏL, ÖZÜ BİLƏR. AMMA 1 HALDA KI, DILIMIZIN BELƏ QEYDİNƏ QALIR,ONDA ÖZ SƏRHƏDDİNİ AŞIB ÖLKƏMİZƏ SOXULMUŞ RUS DİLİNDƏN DANIŞSIN. BU SİTUASİYANIN SƏBƏBLƏRİ AÇIQLAYIN.TÜRK SÖZLƏRİNDƏN YOX,CÜMLƏNİN TƏN YARISINI RUSCA DEYƏN RUSLAŞMIŞ TÜRKLƏRDƏN DANIŞIN.YOXSA ÜMİMİ SÖZLƏR DANIŞIB ÖZÜNÜ YOLA VERMƏSİN.HƏRDƏN BOY GÖSTƏRİB

NURəddin 2019-01-13 21:31:36

HÖRMƏTLİ SABİR BƏY 1 NEÇƏ GÜN BUNDAN ƏVVƏL SİZƏ ZƏNG EDİB BİR SUALLA MÜRACİƏT EDƏN JURNALİSTLƏRƏ YESSENTUKİDƏ OLDUĞUNUZ ÜÇÜN CAVAB VERƏ BİLMƏDİYƏCƏYİNİZİ BİLDİRMİŞDİNİZ.DEYİRƏM VƏTƏNƏ QAYITMIŞKƏN ELƏ HƏMİN SUALIN DA ÜSTÜNƏ QAYITSANIZ PİS OLMAZ. BAXMAYARAQ Kİ,SORU KONKRET İDİ VƏ NET CAVAB TƏLƏB EDİRDİ. SUALI CAVABLANDIRMAĞIN MƏKANLA NƏ ƏLAQƏSİ OLA BİLƏR, ANLAMADIQ. 2+2 YESSENTUKİDƏ DƏ 4 EDİR, BERLİNDƏ, BAKIDA DA.YAXŞI SİZ DEYƏN OLSUN. BU DA BAKI. BUYURUN CAVAB VERİN.DAHA DOĞRUSU ORTAYA MÖVQE QOYUN.

Mirzə AĞ 2019-01-13 21:31:36

Gərəkdir ki, Mirşahin Ağayevin, Aydın Canıyevin və digərlərinin kökəni araıdırılsın...

Sadiq 2019-01-13 21:31:36

Aydın kimi səfil, daim sərxoş olan birinə Sabir bəy kimi görkəmli bir yazıçının diqqət yetirməsini doğru saymasam da, belələrinin yerində oturdulması vacibdir. Bizlər TÜRK kimliyimizə sahib çıxmadıqca, ŞANLI TÜRK tariximizə hər it-qurd üzərimizə müxtəlif səslər çıxarır... DTX bu gədə-güdənin də, onları ortaya atıb danışdıranların da məqsədini araşdırmalıdır. Çox ipi xarici qüvvələrinəlində olan ... görmüşük...

Düşünən.. 2019-01-13 21:31:36

Özünün kim olduğunu bilən insan, bəzi özünü bilməzlərin onun haqqında söylədiklərindən təsirlənməz.

t.ədalət 2019-01-13 21:31:36

Qəzetlərin birində Aydın Canıyevin İsa Qənbərə həsr etdiyi yazını oxudum.Görünür,antitürk istiqamətində onu körükləyənlər var.Ova çıxan canavarlar,adətən çaqqalları özlərindən irəlidə buraxırlar.Azərbaycanın başının üstünü buludlar alanda düşmənlər birinci olaraq ortya çıxırlar.Qəribədir, bu cür adamlar öz millətlərini gözə soxa-soxa, bizim türklüyümüzə dil uzadırlar.Bu dilləri isə vaxtında yerinə soxmaq lazımdır.Nankor adamlara güzəşt axmaqların adətidir.

Vaqif 2019-01-13 21:31:36

Sabir müəllim Allah sizə can sağlığı versin ki, bizim kimliyimizi tez-tez yada salırsınız.

HACI MÜSƏDDİQ 2019-01-13 21:31:36

COX HÖRMƏTLİ İSTİQLAL ŞAİRİMİZƏ ƏDALƏTLİ VƏTƏNDAŞ MÖVQEYİNƏ GÖRƏ DƏRİN SAYQILARIMI ÇATDIRIRAM.YARADICILIĞINIZLA MİLLİ AZADLIQ MÜCADİLƏSƏNDƏKİ LİDERLİK FƏALİYYƏTİNİZLƏ YAXINDAN TANIŞ OLDUÖUMA GÖRƏ DEYİRƏM Kİ KAŞ SİZİN KİMİ ZİYALILARIMIZ DAHA ÇOX OLAYDI.VƏTƏNİMİZİ VƏ XALQIMIZI DÖVLƏTÇİLİYİMİZİ SİZİN QƏDƏR SEVƏN QORUYAN OGULLARLA XALQIMIZIN FƏXR ETMƏSİ VACİBDİR.VAR OLUN SABİR BƏY.TANRI TÜRKÜ QORUSUN.İNŞAALLAH.

Müfəttiş 2019-01-13 21:31:36

Kamil Vəli, Azərbaycanın görkəmli dilçi-alimi və vətənpərvər oğludur. Nakəslər ona dil uzatmasınlar...

Köhnə azərbaycanlı 2019-01-13 21:31:36

Niyə bu Aydın Canıyev Fəxrəddin Abbaszadənin, İsmayıl Şabanovun, Əlikram Hümbətovun Azərbaycan Respublikasına qarşı xəyanətlərindən danışmır. Rusiya federasiyasında da 1000-lərlə etnik xalqlar, o cümlədən 10-larla türk xalqları yaşayır. Sual olunur orada belə etnik-milli məsələlər qaldıranda nə baş verir?

Son yazılar