“İnsanları narahat edən məsələlər daim məruzə edilsin...” - Prezident

“Bu gün Qaradağ rayonunun Qobustan qəsəbəsində çox gözəl hadisə baş verir, çox əlamətdar bir gündür. Biz yeni tikilmiş gözəl xəstəxananın açılışını birlikdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Çox gözəl binadır, çox gözəl şərait yaradılıb, ən müasir avadanlıq quraşdırılıb. Binanın sahəsi də çox böyükdür və əminəm ki, burada xəstələrə ən yüksək tibbi xidmət göstəriləcək”.

“Report” xəbər verir ki, bunu yanvarın 14-də Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının açılışında iştirak edən Prezident İlham Əliyev deyib.

“Mən buraya gələrkən girişdə mənə xəstəxananın əvvəlki şəkilləri, görüntüləri göstərildi. Siz, burada işləyən həkimlər, tibb işçiləri yaxşı bilirsiniz ki, əvvəlki xəstəxananın vəziyyəti çox ağır, bərbad idi. Bu, təbiidir, çünki xəstəxana 50-ci illərin əvvəllərində fəaliyyətə başlamışdı və uzun müddət təmirsiz qalmışdı. Mən xatırlayıram, bir neçə il bundan əvvəl Qobustan qəsəbəsində olarkən mənə xəstəxananın baş həkimi müraciət etmişdi ki, yeni xəstəxana tikilsə yaxşı olar. Mən də dərhal göstəriş verdim, vəsait ayırdıq və bu gün bu gözəl xəstəxananın açılışında biz birlikdə iştirak edirik. Onu da xatırlayıram ki, o səfərdə bir neçə xahiş irəli sürülmüşdü. Onların arasında Mədəniyyət Evinin, məktəbin, poliklinikanın və xəstəxananın tikilməsi təklifləri var idi və hər biri icra edildi. Yəni, qəsəbənin və rayonun sakinlərinin xahişləri ən yüksək səviyyədə yerinə yetirildi və bu gün bu gözəl xəstəxana, ilk növbədə, bizim siyasətimizi əks etdirir. Onu göstərir ki, insan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir, digər tərəfdən onu göstərir ki, yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək”, - dövlət başçısı əlavə edib.

Prezident bildirib ki, Qobustan xəstəxanasının timsalında inkişafda olan ölkənin dinamik addımlarını görmək olar: “Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır. Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək. Onu da bildirməliyəm ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın”.

Dövlət başçısı xatırladıb ki, 5 milyondan çox insan hər il dövlət xətti ilə tibbi müayinədən keçir: “Bu, bizim təşəbbüsümüzdür və dünyanın nadir ölkələrində belə təşəbbüs həyata keçirilir. Bunun da bir məqsədi var ki, vətəndaşlar, əgər onların sağlamlığında hər hansı bir problem varsa, onu vaxtında aşkar etsinlər və yüksək səviyyəli müalicə alsınlar. Bu proqram nəticəsində minlərlə insan artıq lazımi səviyyədə müalicə alır.

Diaqnostika və müalicə bir-biri ilə vəhdət təşkil edir. Bu xəstəxanada həm diaqnostika, həm də poliklinika şöbəsi, təcili yardım stansiyası və əməliyyat aparmaq üçün imkanlar, doğum şöbəsi var. Mənə məlumat verildi ki, bu məsələ ilə bağlı ciddi problemlər var idi və bu bölgədə doğum şöbəsi yox idi. Siz onu da yaxşı bilirsiniz ki, bu xəstəxana ətraf qəsəbələrə də xidmət göstərəcək, on minlərlə insan bu imkanlardan istifadə edəcək. Əlbəttə ki, bu xəstəxanada dializ şöbəsinin yaradılması xüsusi məna daşıyır. Çünki mənə verilən məlumata görə, burada böyrək xəstələri var ki, onlar da müntəzəm olaraq Bakıya dializ almaq üçün getməli olurdular. Bu da həm məsrəfdir, həm də narahatlıqdır, əziyyətdir. Ona görə, burada indi dializ şöbəsinin yaradılması bu insanlara da böyük dəstək olacaq, onlar öz sağlamlığını burada bərpa edəcəklər.

Biz bütün bunları, bütün bu işləri ona görə görürük ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar və onları narahat edən məsələlər öz həllini tapsın. Əlbəttə ki, buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və biz bu iqtisadiyyatı qururuq. Keçən ilin nəticələri, - bir neçə gün bundan əvvəl bu barədə mən xalqa hesabat verdim, - çox müsbətdir. Bu, onu göstərir ki, biz düzgün yoldayıq, biz uğurla inkişaf edirik və ölkəmiz öz hesabına, öz daxili imkanları hesabına bütün lazım olan məsələləri həll edir, həm sosial, həm iqtisadi, infrastrukturla bağlı və digər məsələləri. Əminəm ki, gələcək illərdə, o cümlədən əlbəttə ki, 2019-cu ildə biz bu müsbət dinamikanı saxlayacağıq, ölkəmiz uğurla inkişaf edəcək və bütün məsələlər öz həllini tapacaq”.

635x100

Şərhlər

S.Ənvərqızı 2019-01-14 15:48:49

Hörmətli cənab Prezident!Uzun müddətdir ki,məmur özbaşnalığı nəticəsində ailəm əzab içində yaşayır.Bununla əlaqədar PA-na saysız-hesabsız müraciətlər edirəm,müraciətlərim baxılmaq üçün Rabitə Nazirliyinə göndərilir,göndərilən məktublara nəzarət sistemi olmadığından,ünvanıma qanunsuz,başdansovdu, süründürməçiliyə yol açan,təhrif olunmuş cavab verməklə, vətəndaşın dövlətə olan inamına balta çalırlar və sabiq Nazirin rəhmətə gedənlərinə dua oxutdururlar.Nazir dəyişilsədə,Nazirlik dəyişilməyib?Biz hara gedirik?

Son yazılar