ORTA MƏKTƏBLƏR VƏ BAĞÇALAR İKİ GÜNLÜK BAĞLANDI - Ölkədə hava həyəcanı

Təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq. Bununla bağlı təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Belə ki, Ceyhun Bayramov Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədi ilə “Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmr imzalayıb.

Əmrə əsasən, hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılacaq və bununla bağlı bütün tədbirlər təxirə salınacaq.

Qeyd ədək ki, yanvar ayının 17-də Azərbaycanda  gözlənilən ifrat təhlükəli hidrometeroloji hadisə baş verəcəyi bildirilib. Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumatda bildirilir ki, yanvarın 17-si və 18-də şimal - qərb küləyi 20-25 metr saniyəyə, arabir 30-35 metr saniyədək güclənəcək. Açıq dənizdə isə küləyin sürətinin arabir 38-40 metr saniyəyədək şiddətlənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 3-5 metr, sonrakı inkişafda 6-8 metr olacağı gözlənilir. Məlumata uyğun olaraq, gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq tədbirlərin həyata keçirilməsi və xidmətin gücləndirilməsi ilə bağlı təlimatlandırılıb.

Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, əsas meyar küləyin maksimal sürətinin saniyədə 30 və daha çox olmasıdır: “Bu Xəzər dənizinin akvatoriyasına aiddir. Dalğanın hündürlüyünün 6-8 metr və daha çox olması meyarlara görə ifrat təhlükəli hidrometeoroloji hadisə kimi qiymətləndirilir. Qurumdan edilən xəbərdarlıqda əhalinin diqqətli olması, yaşlıların və uşaqların nəzarətsiz şəkildə çölə çıxmaması tövsiyə olunur.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ölkəmizin ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işəgötürənlərə müraciət edərək, qeyd olunan vaxtlarda açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən müvafiq tədbirlərin görülməsi barədə məlumat verir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

“Məcəlləyə 2-ci əlavəyə əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılmalıdır.

Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.

Əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir.

İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar